Sumqayıt Dövlət Musiqili Dram Teatrının bu günü
1968-ci ilin sentyabrında “gənclər şəhəri” Sumqayıtın mədəni həyatında əlamətdar hadisə baş verdi. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional teatr kollektivi - H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yaradıldı.
Teatr öz pərdəsini 1969-cu il martın 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» (rejissor Cənnət Səlimova) əsərinin tamaşası ilə açdı. Ertəsi gün tamaşaçıları ingilis dramaturqu Con Patrikin «Qəribə miss Səvic» tragikomediyası ilə sevindirdi. Bu uğurlu start sonrakı illərdə də teatrın adını qısa zamanda məşhurlaşdırdı, peşəkar sənət ocaqları sırasına daxil etdi. 1974-cü ildə sənət ocağı Sumqayıt Dövlət Dram Teatrı adını aldı. 1992-ci ildən isə sənət ocağı Sumqayıt Dövlət Musiqili Dram Teatrı adlanır.
Teatr yarandığı ilk vaxtlardan hazırlanan tamaşalar, yaradıcılıq manerası ilə respublikanın sənət korifeylərinin diqqətini cəlb edə bildi. Buraya işləməyə gələn xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov teatrın səhnəsində maraqlı obrazlar qalereyası yaratmaqla yanaşı, gənc aktyorlara da səhnə sirlərini öyrədirdilər. «Toy» (S.Rəhman), «Müsibəti-Fəxrəddin» (N.B.Vəzirov), «Maskarad» (M.Lermantov), «Arvadımın əri» və «Elbrus evlənir» (G.Xuqayev), «Tribunal» ( A.Makayonak), «Solğun çiçəklər» ( C.Cabbarlı), «Skapenin kələkləri» (J.B.Molyer) və s. tamaşalar həmin illərdə ərsəyə gəlib.
Bizimlə söhbətə teatrın tarixinə nəzər salmaqla başlayan Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov sənət ocağının daim öz ənənələrinə sadiq olduğunu dedi.
- 1992-ci ildə Musiqili Dram Teatrı statusu alan sənət ocağı öz repertuarını milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdirmişdir. Teatrda səhnəyə qoyulan «Arşın mal alan» (Ü.Hacıbəyli), «Subaylarınızdan görəsiniz» (S.Ələsgərov və İ.Məlikzadə), «Dünyaxanım ev axtarır» ( L.Darvin və A.Həsənoğlu) əsərləri sevilərək baxılan tamaşalardandır. Eyni zamanda tamaşalarımızı fərqli yaş qrupu və müxtəlif zövqlü tamaşaçılara hesablayırıq. Çalışırıq ki, tamaşaçı zalında əyləşən hər yaş qrupunun təmsilçisi özü üçün nə isə götürə bilsin.
Teatrın bugünkü nailiyyətləri də göz qabağındadır. Sənət ocağı respublikamızda keçirilən festivallarda uğurla iştirak edib. Fəaliyyətimiz dövlət tərəfindən də layiqincə qiymətləndirilir. Ölkə Prezidentinin 2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə teatrın 17 əməkdaşı fəxri adlara - 2 nəfər “Xalq artisti”, 6 nəfər “Əməkdar artist”, 3 nəfər “Əməkdar mədəniyyət işçisi”, 6 nəfər isə “Tərəqqi” medalına layiq görüldü. 2008-ci il sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 illik yubileyi təntənə ilə qeyd olundu.
- Bu gün əksər teatrlarımız xarici əlaqələrdə, müxtəlif ölkələrin sənət ocaqları ilə yaradıcılıq mübadiləsində maraqlıdır. Bu baxımdan sizdə vəziyyət necədir?
- Təbii ki, biz də bu yöndə çalışırıq. Xarici ölkələrdə qastrollarda olarkən ayrı-ayrı teatrların yaradıcı heyətləri, xüsusən də rejissorları ilə əlaqələr qururuq. Bu mənada Rusiya və Ukraynada səfərdə olarkən başlanan yaradıcı əlaqələr və həmin ölkələrdən dəvət etdiyimiz rejissorların bizim teatrda həyata keçirdikləri uğurlu quruluşları xatırlatmaq istərdim. Ötən il Ukraynadan dəvət etdiyimiz rejissor və rəssamın iştirakı ilə ərsəyə gələn M.Tvenin «Şahzadə və dilənçi» əsərinin tamaşası böyük maraqla qarşılandı.
Bu proses indi də davam edir. Belarusdan dəvət olunmuş rejissor Natalya Başevanın quruluşunda «Yekəburun, balacaboy» uşaq tamaşasını hazırlamaq istəyirik. Bu səhnə əsəri üçün rəssam və bəstəkar da dəvət etmişik. Aprelin 20-dən sonra tamaşanın məşqləri başlayacaq. Ümumilikdə bu kimi yaradıcılıq məsələlərinin həllində Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək olur.
- Bəs paytaxt teatrlarının rejissor potensialı necə, sizin üçün cəlbedici deyil?
- Niyə ki... Biz Bakı teatrlarından da tanınmış, fəaliyyəti ilə diqqəti cəlb edən rejissorlarla işləməkdə maraqlıyıq. Bu mənada Mərahim Fərzəlibəyovun bizim teatrda quruluş verdiyi məşhur «Sən həmişə mənimləsən» tamaşasının adını çəkə bilərəm. Görkəmli yazıçı İlyas Əfəndiyevin hər zaman müasir bu əsəri əsasında hazırlanan tamaşanın premyerası bu günlərdə uğurla gerçəkləşdi. Tamaşada baş rolun (Həsənzadə) ifaçısı da dəvətli aktyor, Xalq artisti İlham Əsgərov idi. Bundan başqa, bu il gənc rejissor İradə Gözəlovanı teatra dəvət edərək «Məlikməmməd» tamaşasının quruluşunu ona həvalə etmişik. Repertuar planımıza daxil edilən «Yusifin qəmi» tamaşasına isə tanınmış rejissor Bəhram Osmanov dəvət olunub. Yəni bütünlükdə bizim Bakı teatrları ilə yaradıcı əlaqələrimiz yetərli səviyyədədir.
- Bu yaradıcılıq mübadiləsi nə dərəcədə qarşılıqlıdır? Teatrınızın əməkdaşları necə, paytaxt teatrlarına dəvət olunurmu?
- Doğrusu, bu baxımdan yaradıcılıq mübadiləsi o qədər də qarşılıqlı deyil. Bakı teatrları, düşünürəm ki, buna bizim qədər can atmırlar. Hazırda bir aktyorumuz - Oqtay Mehdiyev Akademik Milli Dram Teatrında hazırlanan yeni tamaşada rol alıb. Bu məqamda onu da diqqətinizə çatdırım ki, Sumqayıt teatrı əslində Bakı teatrları üçün bir yaradıcı baza rolunu oynayıb. Bizim aktyorlar müəyyən teatrlar tərəfindən hər hansı rolun ifasına dəvət olunur, gedib bir-iki rol oynayırlar və cəlbedici təkliflər fonunda orada qalmalı olurlar. Bu proses indi də davam etməkdədir.
- Son dövrdə Azərbaycan teatrlarında aparılan islahat prosesindən sizin teatra da pay düşdü. Ən azı 40 ildən sonra teatrınızın özünün binası oldu...
- Əlbəttə. Bu bizim üçün çox sevindirici bir hadisə oldu. Teatrımıza verilən binanın təmiri də nəzərdə tutulub. Bundan başqa, hazırda hər hansı tamaşanın hazırlanmasında üzə çıxan maliyyə problemlərimiz də yoxdur. Əgər bu il Sumqayıt teatrına 3 dövlət sifarişi verilibsə, xarici ölkələrdə festivallarda iştirakı, qastrol səfərlərinə getməsi üçün şərait yaradılıbsa, bu bizi, sadəcə, sevindirir.
Təbii ki, biz də öz növbəmizdə tamaşaçılara fərqli mövzulu və yozumlu səhnə əsərlərini təqdim etmək istəyirik. Bu il sənətsevərləri altı premyera ilə sevindirəcəyik ki, onlardan da üçü dövlət sifarişi ilə hazırlanır. Hazırda M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar olaraq teatrımızın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda «Müsyö Jordan və dərviş Məstəli şah» əsərinin məşqləri gedir. Tamaşa may ayında hazır olacaq. Bundan başqa, Ə. Əmirlinin «Köhnə ev» tamaşasını hazırlayacağıq. Onu da qeyd edim ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrı şəhərimizdə keçirilən bütün dövlət tədbirlərinin bədii hissəsinin ağırlığını və məsuliyyətini öz çiyinlərində daşıyır.
- Bəs Sumqayıt tamaşaçıları, teatrsevərləri necə, sizin bu fəaliyyətinizi, yaradıcılıq axtarışlarınızı yetərincə qiymətləndirirlərmi?
- Əslində bir neçə il əvvəl teatra tamaşaçı diqqəti, marağı problemli yerimiz idi. İndi də demək olmaz ki, bütün tamaşalarımız anşlaqla keçir. Amma nəzərəçarpacaq dərəcədə irəliləyiş var. Bilirsiniz, artıq tamaşaçı da kortəbii olaraq səhnədən diktə olunanları qəbul etmir, artıq tələbkardır, rəngarəng zövqlüdür.
Ona görə də müəyyən məqamlarda - istəsək də, istəməsək də - tənqidlərə məruz qaldıq. Məsələn, deyirdilər ki, teatr öz repertuarını tamaşaçı zövqünə, tələbinə görə qurmamalı, sənət məbədi kimi öz meyarlarını saxlamalıdır. Amma bu zaman da tamaşaçı ilə teatr arasındakı əlaqə zəifləyir. Ona görə də tamaşaçıya doğru gedib onun istəyini duymalı və sonda onun yüksək teatr zövqündə tərbiyələnməsinə çalışmalısan. İlkin mərhələdə tamaşaçını teatra alışdırmalısan, sonra isə, təbii ki, böyük anlamda teatrın funksiyasına, məqsədlərinə xidmət edən tamaşaları təqdim etməlisən. Təbii ki, hər iki halda yüksək peşəkarlıq və bədii zövq əsasdır.
- Bu gün reklam, təbliğat dövründəyik. Artıq hər bir məsələnin ictimai populyarlığı üçün piardan istifadə edirlər. Teatrlar, tamaşalar necə, mütləq reklam olunmalıdır?
- Əlbəttə, əks halda informasiya çoxluğu, televiziya, internet və bu kimi əyləncə vasitələrinin fonunda teatr arxa plana keçə bilər. Mən təbliğatın müsbət nəticəsinin şahidi kimi bunu vurğulamaq istərdim. Əvvəllər biz bilet satışını ya müəyyən idarə və təşkilatlar, təhsil müəssisələri vasitəsilə həyata keçirirdik, ya da biletlərin qiymətini çox ucuz edirdik ki, təki tamaşa baxılsın. Sonra şəhərimizdə fəaliyyət göstərən yerli telekanalda reklam işini təşkil etməyə başladıq. Bir müddət sonra artan tamaşaçı sayı bu işin effektivliyini göstərdi. Bundan əlavə, bilet satışını sosial şəbəkələrdə də həyata keçirdik. Və inanın ki, heç ömründə teatrın qapısından girməyən gənclər tamaşalarımıza gəlməyə başladırlar. Hətta hər bir tamaşa, aktyorun oyunu, rejissorun yozumu barədə həmin şəbəkələrdə müəyyən müzakirələr də aparırlar. Bu, təbii ki, bizi çox sevindirir.
- Tamaşaçılarınız əsas etibarilə hansı yaş qrupundadırlar? Ümumiyyətlə, necə düşünürsünüz, Sumqayıt sakinləri nə dərəcədə teatral insanlardır?
- Bizdə hər yaş qrupunun, xüsusilə gənclərin marağına hesablanan əsərlər tamaşaya qoyulur. Onların tamaşaçı zövqü də maraqlıdır. Məsələn, mən düşünürdüm ki, gəncdirlər və yəqin ki, əsasən komik tamaşalara üstünlük verərlər. Amma tamaşaçı sorğuları göstərdi ki, onlar psixoloji və dram nümunələrinə üstünlük verirlər, klassik əsərlərin yeni yozumda, yeni quruluşda təqdimatına maraq göstərirlər. Teatrallığa gəlincə, əslində hamı teatral da ola bilməz. Mən demirəm ki, onlar teatrı sevmirlər və ya tamaşalara baxmırlar, yox, sadəcə olaraq, hər tamaşaçı da teatral ola bilməz. Məncə, biz siz dediyiniz tamaşaçını formalaşdırmaq üçün hələ çox iş görməliyik.
- Bayaq bir sıra aktyorların daha tez populyarlaşmaq istəyi ilə Bakıda, paytaxtda çalışmağa üstünlük verdiklərini gileyli şəkildə qeyd etdiniz. Sizcə, məsələnin kökündə təkcə bu nüans durur?
- Təbii ki, burada başqa maddi və mənəvi məsələlər də var. İndi təsəvvür edin, bizim əmək, zaman sərf edib yetişdirdiyimiz aktyor sonradan Bakıya, paytaxt teatrlarına üz tutur. Bu, qəribə, həm də müəyyən məqamlarda ağrılı bir məsələdir. Peşəkar aktyor yetişdirmək böyük əmək, zəhmət tələb edir. Hazırda bizim teatrda da, əksər teatrlarda olduğu kimi, teatr studiyası açılıb. Nazirliyin maliyyə dəstəyi ilə açılan bu studiyalarda potensiallı, istedadlı gəncləri cəlb etməklə yeni aktyor nəslini yetişdirmək, teatrımızın gənclər qolunu mükəmməlləşdirmək istəyirik. Çünki bizdə gənc aktyor və aktrisalarla bağlı müəyyən problemlər var. Yeni nəsil azlıq təşkil edir. Ona görə də studiyaya gələn gənclərə böyük ümidlərimiz var.
Söhbətləşdi: Həmidə Nizamiqızı