Aprelin 14-də Türkiyənin Konya şəhərində «Min nəfəs, bir səs» adlı türkdilli dövlətlərin V Beynəlxalq teatr festivalı başlayıb. Aprelin 24-dək davam edəcək sənət bayramında Azərbaycan da təmsil olunur. Festivalda ümumilikdə 10 ölkədən 350-dən çox teatr təmsilçiləri iştirak edir. 

   Tədbirin rəsmi açılışından öncə festival iştirakçılarının Konya valisi Aydın Nezih Doğanla görüşü oldu. Vali bu il sayca beşinci dəfə gerçəkləşən festivalda türkdilli ölkələrin teatrlarının bir araya gələrək öz sənət nümunələrini nümayiş etdirməsi üçün gözəl imkan yaradıldığını söylədi. Türkdilli ölkələrin teatr təmsilçiləri valiyə ürək sözlərini bildirməklə yanaşı, hədiyyələrini də təqdim etdilər.
   S.Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili və baş rejissoru Mirbala Səlimli də Konya valisi ilə görüşdə öz ürək sözlərini söylədilər. Teatrın direktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, eləcə də Azərbaycan teatrsevərlərinin adından qardaş ölkənin rəsmisinə salam və ehtiramlarını bildirdi. H.Nəbili türkdilli xalqlar arasında dostluq və mədəniyyət əlaqələrinin möhkəmlənməsində «Min nəfəs, bir səs» beynəlxalq teatr festivalının əhəmiyyətini vurğuladı. Daha sonra vali Aydın N.Doğana Şəki Teatrı adından XVIII əsrdə inşa edilmiş qədim Karvansaray kompleksinin daş üzərindəki rəsmi əks olunmuş tablo hədiyyə edildi.
   Konya Dövlət Teatrında gerçəkləşən festivalın ilk günü sənətsevərlərə Makedoniya Milli Qurum Türk Teatrının yaradıcı heyətinin hazırladığı «Şehrazad və Şəhriyarın hekayəsi» təqdim olundu.
   Şəki Dövlət Dram Teatrı aprelin 20-də fransız dramaturqu J.B.Molyerin «Aldadılmış ər» tamaşasını nümayiş etdirəcək.
   
   Sevda Babayeva,
   Konyadan xüsusi olaraq «Mədəniyyət» qəzeti üçün







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar