“Yuğ” Dövlət Teatrında Argentina yazıçısı Xorexe Luis Borxesin “Bədəməl qadın” hekayəsi əsasında hazırlanan tamaşası sərlövhədəki suala cavab axtarır. “Tabu” tamaşasının quruluşçu rejissoru Ruslan Şöhrətoğlu, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
   
   İki qardaşın bir qadına münasibətindən və məhəbbət üçbucağında boğulan üçlüyün çıxış yolu axtarmasından bəhs edən “Tabu” tamaşası növbəti nümayişində tamaşaçıları psixoloji məqamları ilə düşündürdü. Süjet xəttində böyük qardaşın qadına, qadının isə kiçik qardaşa olan hissləri göstərilir. Bir dam altında yaşayan üçlük zamanla bu vəziyyəti idarə edə bilmir. Kiçik qardaşın (Rasim Cəfər) qadını günahlandırması, qadının (Təranə Ocaqverdiyeva) isə hissləri ilə özünə bəraət qazandırması məqamı tamaşada gərgin atmosfer yaradır. Nəhayət, qardaşlar arasındakı doğmalıq vəziyyəti xilas edir. Onlar qadını evdən uzaqlaşdırmaqla mənəvi rahatlığa nail olmaq istəyirlər.
   Görəsən, insan təbiəti bu çıxış yolunu qəbul edəcəkmi? Günahı özündən uzaqlaşdırmaqla qadının üzərinə yükləyən iki qardaş bundan sonra necə yaşayacaq?
   Lakin tamaşa bununla yekunlaşmır. Hisslərinə qalib gələ bilməyən böyük qardaş (Qasım Nağı) bir gün həmin qadının yanına gəlir. Lakin həyətə yaxınlaşanda kiçik qardaşın atını orda görür.
   Əsərin ən gərgin məqamı kimi yadda qalan səhnəni qadın nəql edir. Paralel olaraq isə qardaşların dilindən dini qaydalar, tabular söylənilir. “Başqasının evinə tamah salmayacaqsan, oğurluq etməyəcəksən, heç kimi öldürməyəcəksən, başqasının qadınına tamah salmayacaqsan.....” sözləri növbə ilə qardaşların dilindən verilir. Sonda böyük qardaş qadını öldürməyi təklif edir. Ölüm səhnəsi musiqi və tamaşanın təsir gücünü artıran monoloqlarla yadda qalır.
   Final səhnəsində bir ovuc torpaqdan yaranan insanın günahlardan təmizlənməsi, ruhun ölməzliyi, ölümlə yaranışın, sevginin doğmalığı göstərilir. Qəhrəmanlar ağa bürünərək səhnəni tərk edirlər. Tamaşanın əsas qayəsi cəmiyyət qanunlarına qarşı çıxan, günah iş tutan insan təbiətinin sonda təmizlənməsidir.
   
   Reyhan İsayeva