M.F.Axundzadə - 200 
   
   
   Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir sıra tədbirlər nəzərdə tutulub. Bu münasibətlə iyunun 1-dən 25-dək keçiriləcək teatr festivalı respublikamızın mədəni həyatında mühüm hadisə olacaq.
   
   Ölkə üzrə 27 teatr kollektivinin iştirak edəcəyi festivalda dramaturqun əsasən dövlət sifarişi ilə səhnələşdirilən tamaşaları oynanılacaq. Hazırda teatrlarda səhnə əsərlərinin məşqləri gedir. Biz də paytaxtda fəaliyyət göstərən bir neçə teatrın festivala hazırlığı ilə maraqlandıq.
   Akademik Milli Dram Teatrı festivala hazırdır. Teatrın repertuarında M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası əsasında hazırlanmış tamaşa var. Ədibin 200 illiyi münasibətilə hazırlanan tamaşa mərhum rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluşunda (rejissor Tural Mustafayev) təqdim olunacaq. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Rəşid Şerifdir.
   Musiqili Komediya Teatrı yubileyə ədibin “Hekayəti-Molla İbrahimxəlil Kimyagər” komediyası əsasında hazırladığı “Kimyagər” tamaşası ilə qatılacaq.
   Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşada rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Əkbər Əlizadə, Əzizağa Əzizov, Məhərrəm Qurbanov, Novruz Qartal və başqaları ifa edəcəklər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamları Sevinc Məmmədova, Novruz Məmmədovdur. Rəqslərin quruluşu Şəhriyar Cəfərova aiddir.
   Gənc Tamaşaçılar Teatrında yubileyə «Müsyö Jordan və Dərviş Məstəli şah» tamaşası hazırlanır. Bərpa olunaraq repertuara daxil edilən tamaşaya Cənnət Səlimova quruluş verir. Quruluşçu rəssam Tahir Tahirov, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları Elşən Çarhanlı, Kərəm Hadızadə, Leyli Vəliyeva, Təhminə Məmmədova, Asya Atakişiyeva və digərləri ifa edəcəklər.
   Quruluşçu rejissor C.Səlimova bildirdi ki, M.F.Axundzadənin əsərləri hər zaman üçün müasirdir: “Böyük dramaturq və maarifçi əsərlərində daima yeniliyi, müasirliyi təbliğ edib. O, insanlara deyir ki, dünyaya baxın, öyrənin. Bütün bunlar inkişafa gətirib çıxarır. Bu baxımdan Axundzadə yaradıcılığına daha da çox müraciət olunmalıdır”.
   Şuşa Dövlət Musiqili Dram Teatrı ədibin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını səhnələşdirir. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşanın rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Rolları İqrar Salamov, Püstəxanım Zeynalova, Nazir Rüstəmov, Əməkdar artist Şükufə Musayeva, Mətanət Əhmədova ifa edəcək. Teatrın direktor müavini Azad Məmmədov festivalın böyük əhəmiyyət daşıdığını qeyd etdi: «Festival bütün teatrları bir araya gətirəcək və bu, teatr aləmi üçün sevindirici haldır. Axundzadənin əsərləri 140 ilə yaxındır ki, səhnəmizdən düşmür. Çünki onun əsərləri heç bir zaman əhəmiyyətini itirmir, günümüzlə səsləşir».
   İrəvan Dövlət Azərbaycan Dram Teatrı isə dramaturqun «Mürafiə vəkillərinin hekayəti» komediyasını səhnələşdirir. Əməkdar incəsənət xadimi Oruc Qurbanovun səhnələşdirdiyi və Sərdar Fərəcovun bəstəkarı olduğu tamaşada teatrın bütün aktyor heyəti çıxış edir. Bunu tamaşada obrazların çoxluğu ilə izah edən teatrın direktoru İftixar Piriyev M.F.Axundzadənin 200 illiyinə həsr edilən festivalın əhəmiyyətindən danışdı: «Teatr bayramı əhvali-ruhiyyəsi yaratmaq üçün belə festivallar əvəzsizdir. Festival zamanı Azərbaycanda teatr mühitinin, əhvali-ruhiyyəsinin nə qədər qaynar olduğu, son illər bu sahəyə nə qədər diqqət ayrıldığı görünəcək. Belə festivalların keçirilməsi teatr sənətimizin inkişafına xidmət edir”.
   
   Gülər 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar