Milli teatr tariximizdən naxışlar   

   
   1900-cü ildən 1920-ci ilə qədər Bakıdakı müxtəlif teatr dəstələri, həmçinin 1919-cu ildə rəsmiləşdirilən Hökumət Dövlət Teatrosu (1930-cu illərə qədər mətbuatda, teatrın afişa və proqramlarında “teatro” yazılıb) öz tamaşalarını ayrı-ayrı illərdə aşağıdakı binalarda göstərmişlər. Həmin binaların az bir qismində XIX əsrin sonlarında da tamaşalar oynanılıb.
   
   “Nəciblər klubu”. 1873-cü il martın 10-da Azərbaycan dilində ilk teatr tamaşası - “Lənkəran xanının vəziri” (Mirzə Fətəli Axundzadə) məhz bu binada göstərilib. 1940-cı illərə qədər fəaliyyət göstərən həmin klub indiki Sabir bağının ətəyində, Gənclər meydanında yerləşən binalarla üzbəüz olub. Binanın birinci mərtəbəsi dükanlar idi. İkinci mərtəbəyə qalxan pillələrin sol tərəfindəki dəhliz böyük tamaşaçı salonuna aparırdı. Sağ tərəfdə isə yardımçı otaqlar vardı. Burada müxtəlif ictimai təşkilatlar yerləşirdi.
   Qoşa qala qapısının qarşısındakı Gənclər meydanına o dövrdə Haşımov meydanı və Duma meydanı da deyilirdi. Teatr afişalarında tamaşanın “Haşımov meydanı”nda oynanılacağı da yazılırdı. “Artistlər cəmiyyəti”, “Gürcü cəmiyyəti”, “Artistlər klubu”, “Dənizçilər cəmiyyəti”, “Kommersiya klubu”... müxtəlif vaxtlarda burada qərar tutub. Ona görə də bina həmin adlarla da tanınıb. Bir müddət isə bura “Zəhmət klubu” və “Mərkəzi Fəhlə klubu” kimi fəaliyyət göstərib.
   Tağıyev teatrı. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildən akademik teatr indiki binasına (Füzuli meydanına) köçüb. Tağıyev teatrı binası isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilib. 1990-cı illərin əvvəllərindən uçmaq təhlükəsi olduğuna görə həmin bina söküldü. Fasad görkəmi, əsasən ilkin şəkildə saxlanılmaqla Tağıyev teatrı yenidən, müasir memarlıq üslubunda tikilib hasilə gətirildi.
   Tağıyev teatrı bir müddət qəzet məlumatlarında, afişa elanlarında, tamaşaların məramnamələrində “Şəhər teatrı” kimi də yazılıb. El arasında da “Şəhər teatrı” ifadəsi işlənib.
   “Köhnə Duma”. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın ikinci mərtəbəsindəki salon.
   “Obşestvennoe sobraniye”. Səməd Vurğun küçəsində, Xaqani və Üzeyir bəy Hacıbəyli küçələrinin arasında yerləşən, “Zabitlər evi” adı ilə tanınan bina. Bakı neftxudası Ağa Musa Nağıyev həmin binanı 1890-cı ildə xeyriyyə məqsədli tədbirlər keçirmək üçün tikdirib. Burada müsamirələr keçirilir, konsertlər, teatr tamaşaları verilirdi. Bəzən qəzet elanlarında, mətbuat məqalələrində Musa Nağıyev teatrı kimi də yazılıb.
   Hazırkı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binası (1900-1904 və 1910-1912-ci illərdə tikilib) “Obşestvennoe sobraniye”nin Yay salonu kimi fəaliyyət göstərib.
   “Kolizey” teatrı. İndiki Gənc Tamaşaçılar Teatrı binasının yerində olub. 1917-ci ildə həmin binada Opera Teatrı müqabilində “Malı teatr” yaradılıb. Əsasən rusca tamaşalar göstərilən bina “Malı teatr” kimi də tanınıb. Burada Azərbaycan truppaları da tamaşalar oynayıblar.
   Haşımovun evi. Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina. Milyonçu Hacıbaba Haşımovun evi olub. Fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü qatdadır. Bir vaxtlar Siyasi Maarif Evi adlanırdı. Hazırda Konstitusiya Məhkəməsi bu binada yerləşir.
   Dənizçilər evi (Morskoe sobraniye). Xaqani küçəsi ilə Bülbül prospektinin kəsişdiyi tində, bağla üzbəüz binanın birinci mərtəbəsində olub. Hazırda burada Bakı Dənizçilər Klubu fəaliyyət göstərir. Girişi Bülbül prospektindən idi. Afişalarda “Bəhriyyə klubu” kimi də yazılıb. “Dənizçilər evi” əvvəllər “Nəciblər klubu”nda və çox az müddətə müxtəlif binalarda yerləşib.
   Nikitin qardaşları sirki. Opera teatrının fasad qapısı ilə Bülbül prospektinin arasında, həmin sırada olub. 1904-cü ildə istifadəyə verilib. Yanandan sonra keçmiş “26-lar bağı”nın (Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın həndəvərində) yanında taxta binada yerləşib.
   “Pelmel” teatrı. “Pelmel” həftəbecər kimi qəbul edilib. Milyonçu Hacıbaba Haşımovun oğlu Yaponiyada xoşuna gələn kazino binasını Bakıda, indiki Rus Dram Teatrı binasının yerində (Xaqani küçəsi) daş və taxta materialdan tikdirib. Burda kazino ilə yanaşı konsertlər verilib, musiqili-əyləncəli proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel” teatrı binasında, əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Bina “Mikado” teatrı adı ilə də tanınıb.
   Mayılov teatrı. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırda fəaliyyət göstərdiyi bina. Bakı milyonçusu, qara kürü istehsalçısı Mayılov bu binanı on aya tikdirib (29.04.1910-27.02.1911). Məhz opera tamaşaları üçün nəzərdə tutulub. Binaya Mayılov qardaşlarının teatrı da deyilib.
   İnsanpərvərlər klubu (“İnsanpərvərlər cəmiyyəti”). Səməd Vurğun küçəsi ilə Xəzər dənizinə tərəf düşəndə Tolstoy küçəsinin sol tərəfdəki tinində yerləşirdi. Son illər mətbəə kimi fəaliyyət göstərib. Hazırda burada çoxmərtəbəli bina ucalır və onun aşağı qatlarında müxtəlif kommersiya mağazaları yerləşir.
   Lalayev pasajı, “Qran vio” salonu. “Azərbaycan” kinoteatrı ilə üzbəüz duranda sol tərəfdəki ikimərtəbəli böyük mülkün birinci qatı Lalayev pasajı kimi tanınıb. Uzun illər şəhər növbətçi qastronomu (baqqaliyəsi) kimi işləyib. Pasajın içərisində kiçik salon olub. “Qran vio” adlanan həmin salonda həvəskar teatr dəstələri tamaşalar oynayıblar. Həmin bina 1886-1896-cı illərdə tikilib.
   Tağıyev pasajı. Köhnə univermaq kimi tanınan, hazırda ticarət mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli nəhəng bina. Tağıyevin 1898-ci ildə tikdirdiyi, əsasən məktəblilər üçün dərs ləvazimatı və geyim satılan binada kiçik tamaşa salonu da olub.
   Kələntərovun evi. Sonralar “Muza” kinoteatrı olub. Gənclər meydanında yerləşən, Haşımovun evinə bitişik, 6 mərtəbəli böyük mülk Kələntərovun olub. Onun bir salonu tamaşa zalı kimi istifadə edilib. Sovetlər dövründə AHİŞ-in (Azərbaycan Həmkarlar İttifaqı Şurası) binası kimi tanınıb.
   “İsmailiyyə”. İstiqlaliyyət küçəsində (1920-ci ilədək “Nikolayevsk”, sonralar “Kommunist” adlanıb) Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi bina. Gözəl memarlıq abidəsi olan bu binanı Musa Nağıyev gənc yaşlarında vərəm xəstəliyindən rəhmətə gedən oğlu İsmayılın xatirəsinə tikdirib. Təməli 1908-ci ildə qoyulan, inşası bir neçə dəfə dayandırılan abidə-bina 1913-cü tamamlanıb. Tamaşalar ikinci qatdakı böyük salonda oynanılıb.
   Bekkendorfun ümumi teatrı. Balaxanıda olub. Sonralar Balaxanı klubu adı ilə də məşhurlaşıb.
   Forer sirki. Forer adlı sirk truppasının sahibi bu binanı 1883-cü ildə Teatr meydanında tikdirib. Elə bir əhəmiyyətli memarlıq sənətkarlığı xüsusiyyəti daşımayan, çox hissəsi taxtadan quraşdırılan bina sonralar sökülüb və yerində dördmərtəbəli mülk tikilib.
   Teatr meydanı. Tağıyev teatrının inzibati giriş qapısı ilə üzbəüz boş meydançaya deyilib. “Uşaq və ana” kafesinin yerləşdiyi binanın arxa hissəsi, hazırkı Yusif Məmmədəliyev küçəsinin başlanğıcındakı sahəni əhatə edib.
   “Odeon” salonu. Petrovsk meydanında (sonralar Lenin muzeyinin tikildiyi ərazi. Hazırda orada Muzey Mərkəzi fəaliyyət göstərir), Qarşılıqlı Kredit Cəmiyyətinin yerləşdiyi binanın bir zalı.
   Taurek truppası sirki. Nikolayevsk küçəsinin (indiki İstiqlaliyyət) ayağında, təxminən Nizami heykəlinin yerində XIX əsrdə taxtadan tikilib.
   “Ekspress” salonu. Həkim Qarabəyovun evinin bir salonu. Köhnə univermaqla eyni küçədə üzbəüz bina.
   “Rekord” salonu. Birja meydanına (sonralar “26-lar bağı” adlanıb) baxan böyük mülkün bir salonu.
   “Ampir” salonu. Malakan bağının Xaqani və Rəsul Rza küçələrinin kəsişdiyi yerdə olub.
   
   İlham Rəhimli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar