"On ikinci gecə, yaxud hər nə istəsəniz" Şekspirin ən yaxşı komediyalarındandır. Təzəliklə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Heç ədəb deyil, amma yenə də süjeti bir-iki cümləylə xatırlatmağa ehtiyac var. Əsərdəki hadisələr İlliriyada cərəyan edir.
   
   İlliriya Adriatik dənizi sahilində yerləşən xəyali ölkədir. Dənizdə baş verən fırtına Viola adlı gənc qızı məmləkəti Mussolin adasından İlliriya torpağına atıb. Bir də bu azmış kimi, əkiz qardaşı Sebastiyandan da xəbərsiz buraxıb. Nigarançılığına son verəcək tək təsəllisi qardaşının da onun kimi bir təsadüf nəticəsində ölümdən xilas ola bilmə ehtimalıdır. Viola zadəgan qızıdır. Onun bəzəyi sadə, davranışı kübarcadır. Viola üçün İlliriya şən əyləncələr, macəralar və nağıllar dünyasıdır. İndi ki tale onu bura atıb, gərək, hər şeyə hazır olsun.
   Sezario adı ilə oğlan paltarı geyinən Viola tezliklə hersoqun sarayında qulluğa girir. Tez bir zaman içində Orsinonun sadiq qulluqçusuna çevrilir. Qulluğa başlayalı onun işi qrafinya ilə hersoq arasında qasidlik etməkdir. Qrafinyanın mərhəmətsiz qəlbini yumşaltmaq məqsədilə hersoqun sevgisindən, ona olan məhəbbətindən elə gözəl danışır ki, qrafinya Oliviya oğlan paltarı geyinmiş Violaya vurulur. Viola hersoqun arvadı olmaq arzusu ilə yanıb tutuşsa da, onun Oliviyaya olan məhəbbətinə pərəstiş və xidmətdə bulunur.
   Oğlan paltarı geyinmək Violada qadın qisminə xas zərifliyi gizlədə bilmir. Onun gözəl, məlahətli səsi, incə davranışı Oliviyanın diqqətindən qaçmır. Çünki qrafinya kişilərdə məhz belə keyfiyyətlərə dəyər verir. Oğlan paltarı geyməsi və hersoqdan sevgi umması, oğlan bilib ona aşiq olmuş Oliviyanın qəm-qüssə çəkməsi - bunlar hamısı Violanı üzür. Amma o hər şeyi zamanın axarına buraxmaqdan başqa bir yol tapmır. Orsinonun Oliviyaya məhəbbəti isə daha çox kişi hikkəsi, prinsip mənasına gəlir. O, oğlan paltarı geyinib özünü Sezario adlandıran Violaya qrafinyaya olan sevgisi barədə danışır. Amma sanki o, qrafinyanı yox, özünü, öz ehtirasını və öz sevgisini sevir. Sonda bütün düyünlər açılır, yaxşı komediyalarda olduğu kimi, əhvalat yaxşıların xoşbəxt olması, pislərin gülünc vəziyyətə düşməsi ilə bitir.
   Pislər kimdir? Bizi ən çox güldürən Malvalio. O, qrafinya Oliviyanın nökəridir və ser Tobinin (qrafinyanın əmisi) kələyi ilə qrafinyayla evlənmək sevdasına düşüb. Bu sevda onu gülünc vəziyyətə salıb. Violanın əkiz qardaşı tapılır. Bu sanki Violanın oğlan variantıdır. Oliviya da məhz bu oğlan variantını sevmişdi. Bir xoşbəxt cütlük onlar, bir xoşbəxt cütlük kişi paltarını soyunub hersoqu heyran etmiş Viola və Orsino, bir xoşbəxt cütlüksə bütün tamaşa boyu arasıkəsilmədən xoşbəxt ser Tobi və onun sevgilisidir. Xoşbəxt cütlüklər evlənirlər.
   Əsər belə əsərdir - "Hər nə istəsəniz" var (Bu arada "Arşın mal alan"la "On ikinci gecə" arasında quruluş oxşarlığı duyursan. Nə olsun ki, motivlər başqadır, hadisələrin mahiyyəti və nəticəsi ki, eynidir). Milli Dram Teatrında hazırlanmış (rejissorlar Vüqar və Fərid Əhmədovlar) eyniadlı tamaşada da hər nə istəsəniz var. Vizual xitabla tamaşanın hər hansı qəliblərə sığmayacağını, rahat və arxayın seyr etməli bir əsər olacağını bəri başdan tamaşaçılara vəd edirlər. Şekspir komediyasına baş vurmaq üçün bir vizual qrafik görüntü də hazırlayıb təqdim edirlər - yəni «əhvalat gülməlidir, klassik komediya deyib özünü sıxmağa dəyməz». İlk olaraq hadisənin baş verdiyi zaman məhdudiyyəti götürülür. Müasir sivilizasiyanın əlamətləri görünməyə başlayır - mobil telefon, ağır rokçu geyimində iki motosikletçi gözə dəyir. Bu əlamətlər müasirlik kimi yozulmasın. Bu dövr məsələsi tamaşada sosial və konseptual əsasını bir türlü tapmır. Olsa-olsa tamaşaçını yaxın etmək priyomudur. Tamaşaçı böyük səhnə qarşısında çox cılızdı, o, səhnədə özündə olanı axtarır - hətta detal şəklində də tapanda xoşbəxt olur, təsirlənir.
   Məsmə Aslanqızı Qrafinya Oliviyanı ehtirasını təkəbbürü ilə pərdələyən bir qadın kimi təqdim edir. O, kişilərə yox cavabı verdikcə, öz qiymətini qaldırdıqca həqiqi arzularından uzaqlaşır. Hərdən özünü sıxmağı bir kənara atıb Malvalioya bir odlu öpüş atır. Oliviya öz qüruru, təkəbbürü və hikkəsi ilə sevgi həsrəti, ehtiras yanğısı arasında qalıb. Çətin situasiyadır. Bu, yayılmış qadın tipidir. Oliviya kədər və gözəlliyin, qürur və ağılın qovuşduğu əbədi bakirə obrazını tərcih edir. Bu özü də kişilərin diqqətini çəkmək üçün bir priyomdur. Bu tələyə elə özü kimilər düşür. Məsələn, hersoq. Zavallı, nakam qrafinya Oliviya az qala bu obrazın badına gedəcəkdi ki, hersoqun qasidi Violaya vurulur. Qüruru, kədərli bakirə obrazını buraxıb Sevgini tutur. Məsmə Aslanqızı onun saxta kədərini də, sevgi və ehtiras yanğısını da ifadə edə bilir və hər kəsin əsl istəyini üzə çıxarır.
   Ellada Əhmədovanın qəhrəmanı Viola ağıllıdır. O, hersoqu yaxşı tanıyır və onun qrafinyaya məhəbbətinin əslində eqosentrik bir sevgi olduğunu başa düşür. Lazımi məqamı gözləyir və sonda qazanır. Şekspirsə sanki hikmətli sözləri qəsdən bu obraza yükləyib.
   Tamaşaçını güldürməyə aludə olurkən xırda situasiya və atmacalarla işləyən rejissorlar zaman hissini itirirlər. Tamaşa uzanır. Bu, qorxulu bir haldır. Çünki tamaşaçı gülməkdən də yorula bilər. İdeya dinamikliyi, çoxqatlılıq kimi arzu olunan nüansları ona görə dilə gətirmirik ki, tamaşa özlüyündə səmimi bir atmosfer ötürür. Baxanlar da sağ olsun, baxmayanlar da. Axıradək baxıb bəyənməyənlər isə özlərindən küssün. Bu yerdə buna şərti teatr deyirlər. Yaxşı mənada...
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar