Yaradıcı heyət nağıl qəhrəmanlarını şəhər sakinləri ilə görüşdürdü
   
   Bakı Uşaq Teatrının 10 yaşı tamam oldu. Fəaliyyət göstərdiyi müddətdə geniş tamaşaçı auditoriyası toplamış teatr beynəlxalq festivallarda uğurlu iştirakına görə diplom və mükafatlara layiq görülüb, müxtəlif beynəlxalq və yerli təşkilatlarla birgə uğurlu layihələr həyata keçirib. 2009-cu ildə teatrın nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb.
   
   Mayın 11-də kollektiv 10 illik yubileyini də maraqlı aksiya ilə qeyd etdi. Teatrın direktoru İntiqam Soltan başda olmaqla bütün yaradıcı heyət müxtəlif nağıl qəhrəmanlarının geyim və qrimində şəhərin müxtəlif yerlərində - Gül bayramı keçirilən Heydər Əliyev Sarayının qarşısındakı parkda, Dənizkənarı Milli Parkda şəhər sakinləri ilə görüşdü. Teatrın direktoru bildirdi ki, yubileyin bu formada keçirilməsi təsadüfi deyil. Teatr bununla həm də tamaşaçılara yaxın olduğunu bir daha göstərməyə çalışıb: «10 yaşımızın Gül bayramı ilə üst-üstə düşməyindən bəhrələndik. İstədik ki, ənənəvi formadan bir az kənara çıxaq, tamaşaçı ilə canlı ünsiyyətdə olaq. Biz də ad günümüzü müəyyən tədbirlə, tort kəsməklə qeyd edə bilərdik. Amma mənəvi qida adama daha çox şey verir. Qoy tamaşaçılar bizi görsünlər. Bu günü Bakı küçələrində tamaşaçı Məlikməmməd, Cırtdan, Qar Kraliçası, Çəkməli Pişiklə canlı ünsiyyətdə oldu, çox maraqlı, səmimi, xoş atmosfer yarandı”.
   İntiqam Soltan Bakı Uşaq Teatrını yaratmaqla uşaqlıq arzusunu gerçəkləşdirdiyini bildirdi: «Mənə elə gəlir ki, biz uşaqlıq arzularımızı həyata keçirmək məqsədilə böyüyürük. Uşaqlıq arzularımdan biri olan Uşaq Teatrını yaratdım. Biz yaradıcı insanlar sənətdə, həyatda gəldi gedərik. Amma sənət məbədləri, sənət məkanları qalıcıdır. Teatr böyük, ən güclü məktəbdir. Kompyuter, kino, televiziyadan fərqli olaraq teatr yeganə qurumdur ki, orada insanlar canlı ünsiyyətdədirlər. Düşünürəm ki, biz çox şeyə nail olmuşuq. Əgər bu teatrın Avropa Şurasında adı hallanıbsa, bu, çox böyük işdir».
   Qeyd edək ki, gün ərzində teatrın yaradıcı heyəti şəhər sakinləri ilə ünsiyyətdə oldular, azyaşlılarla şəkil çəkdirdilər.    

   Gülər