Mirzə Fətəli Axundzadə klassikasına yeni baxış
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Musiqili Komediya Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin «Hekayəti-Molla İbrahimxəlil Kimyagər» komediyası əsasında «Kimyagər» tamaşası hazırlanır.
   
   Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, libretto müəllifi Əjdər Ol, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov, Əzizağa Əzizov, Elxan İsmayılov, Ələkbər Əliyev, Məhərrəm Qurbanov, Novruz Əliyev, Əliməmməd Novruzov və digərləri ifa edəcəklər. Hazırda tamaşanın qızğın məşqləri gedir. Biz də yolumuzu teatrdan salıb, məşq prosesini izlədik. Rejissor, bəstəkar və tamaşada rol alan aktyorlar, texniki heyət bir araya cəm olmuşdu. Kimi rolu üzərində məşq edir, kimi tamaşanın rəqs həlli üzərində işləyirdi. Tamaşanın böyük ədibin 200 ilik yubileyi münasibəti keçiriləcək festivalda nümayiş olunacağını nəzərə alan yaradıcı heyət səhnə əsərinin baxımlı alınması üçün böyük səy göstərir.
   Rejissordan tamaşa barədə məlumat verməsini xahiş etdik. “Hər bir yeni pyesi hazırlamaq yeni üslub, yeni janr, yeni səhnə əsəri tapmaq deməkdir. Mənim üçün bu, çox çətin tamaşadır, - deyə B.Osmanov sözə başladı. - Axundzadə yaradıcılığına İncəsənət Universitetində tədris vaxtı daha çox müraciət etmişəm. 12 il əvvəl Gənc Tamaşaçılar Teatrında ədibin «Hacı Qara» pyesini hazırlamışam. «Hekayəti-Molla İbrahimxəlil Kimyagər» isə Azərbaycan teatrında az səhnələşdirilmiş bir əsərdir. Bu tamaşa musiqili komik buffonadadır. Buffonda olduğu üçün aktyorlardan fiziki hazırlıq da tələb edir. Teatrın aktyorları isə ənənəvi operettalarda oynamağa vərdiş ediblər. Bu üzdən müəyyən çətinliklərin olması təbiidir”.
   Artıq çətinlikləri geridə qoyduqlarını deyən rejissor bildirdi ki, hazırda musiqi üzərində iş gedir: «Musiqili Komediya Teatrının aktyorlarının üzərinə ikiqat yük düşür. Oynaya-oynaya oxumaq çətindir. Həmçinin də Axundzadə yaradıcılığını bu teatra gətirmək böyük məsuliyyətdir. Çünki indiyədək Musiqili Komediya Teatrında ədibin ancaq «Hacı Qara» əsəri tamaşaya qoyulub. «Kimyagər» iyun ayında keçiriləcək teatr festivalında oynanılacaq və bu bizim üçün ikiqat məsuliyyətdir. Çünki səhnə əsərinə teatr biliciləri baxacaq. XXI əsrdə Axundzadə dramaturgiyasına yanaşmaq çətindir. Bu tamaşada əsas məqsədimiz gülüşü deyil, aktyorların oyunu ilə düşündürmək vərdişini çatdırmaqdır».
   Rejissor bildirdi ki, baş rolu (Kimyagər) Afaq Bəşirqızına həvalə etməsi də təsadüfi deyil. Son illər daha çox satirik rollar ifa edən aktrisa üçün bu yeni obraz olacaq.
   Xalq artisti baş rolun həm maraqlı, həm də çox məsuliyyətli olduğunu dedi: “Artıq üç aydır bütün fiziki gücüm, beynim bu obrazla çalışır. Təzə yazılmış pyes olanda fikir mübadiləsi aparır, nəyi isə dəyişirsən. Amma bu, Axundzadə klassikası, həm də festival tamaşasıdır. Molla İbrahimxəlil dönür olur Kimyagər, Kimyagər rolunda da Afaq Bəşirqızı. Tamaşanın sonuna qədər tamaşaçılar onun kişi və ya qadın olmasını maraqla gözləyəcəklər. Son monoloqda isə onun kim olduğu aşkar olunacaq. Etiraf edim ki, bu roldan qorxuram. Bu, Bəhram Osmanovla ilk işimizdir. Lakin mənə çox təskinlik verir. Tamaşanın festivalda təqdim olunacağı məsuliyyətimi bir az da artırır. Çünki çox önəmli festival olacaq. Bu bizim tarixə qayıtmağımız, özümüzü təsdiq etməmizdir. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş festival hər bir yaradıcı insanın çiyninə məsuliyyət qoyur. Bir növ yaradıcılıq rəqabəti olacaq”.
   Ağa Zaman rolunu ifa edən Ələkbər Əliyev isə tamaşanın teatrsevərlər tərəfindən bəyəniləcəyinə əmindir: «Tamaşadakı bütün obrazlar varlanmaq, asan pul qazanmaq istəyirlər. Hamısı borca girərək, Kimyagərin yanına gedib ona pul verərək gümüş istəyirlər. Axundzadə dili, Siyavuş müəllimin gözəl musiqisi, Bəhram müəllimin yeni yozumu maraqlı səhnə əsərinin meydana çıxmasına səbəb olub. Mən deyərdim ki, Musiqili Komediya Teatrı tarixində bu üslubda tamaşa hazırlanmayıb. Tamaşaçılar üçün bir sürpriz olacaq. Mən özüm ilk dəfədir ki, Axundzadənin əsərində oynayıram».
   Məşədi Cabbar rolunun ifaçısı Novruz Əliyev də bu obrazın onun üçün yeni olduğunu dedi: “Vaxtilə mən bu tamaşanı 60-cı illərdə Akademik Milli Dram Teatrında Ağadadaş Qurbanovun ifası ilə görmüşəm. Hamımıza maraqlı oldu ki, bu tamaşa bizim teatrda necə alınacaq. Çünki bu əsər komediya deyil, tragikomediyadır. Amma çox maraqlı tamaşa alındığını görürük. Siyavuş Kəriminin musiqisi hər obrazın iç üzünü açır. Tamaşada Kimyagər hamımızı aldadacaq. Tamah üzündən insanların başına çox müsibətlər gəlir. İstəyirəm ki, tamaşaçılar bu əsərə çox diqqətlə baxsınlar və müəyyən məqamlardan nəticə çıxarsınlar. Tamaşaçılar səhnədə bəsit gülüşə öyrəşiblər. Bu əsər isə onları çox təəccübləndirəcək”.
   Sonda qeyd edək ki, “Kimyagər”in premyerası iyunun 8-də olacaq.
   
   Gülər Nizamiqızı