Milli dramaturgiyamızın banisinin 200 illik yubileyinə həsr olunmuş Milli Teatr Festivalı
İyunun 1-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, mütəfəkkir, maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” adlı Milli Teatr Festivalı keçiriləcək.
Festival Azərbaycan Respublikası Prezidentinin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli sərəncamına və “Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tədbirlər planına əsasən keçirilir. Festivalla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə teatrlarına Axundzadənin komediyalarının dövlət sifarişi ilə hazırlanması həvalə olunub.
İki mərhələdən ibarət olacaq festivalın açılış mərasimi iyunun 1-də Mingəçevir Dövlət Dram Teatrında keçiriləcək. Açılış günü Şəki Dövlət Dram Teatrı “Hacı Qara” tamaşasını təqdim edəcək.
Respublikanın 21 teatrının 24 tamaşa ilə iştirak edəcəyi festivalın birinci mərhələsi iyunun 1-dən 8-dək Mingəçevir Dövlət Dram Teatrında ikinci mərhələ isə (8-25 iyun) paytaxt Bakıda keçiriləcək. Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Gürcü Dram Teatrı, Qusar Ləzgi Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı tamaşaları öz binalarında nümayiş etdirəcəklər.
Festivalla bağlı Təşkilat Komitəsi və teatr tənqidçiləri qrupu yaradılıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrlik etdiyi Təşkilat Komitəsinə Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr sektorunun müdiri Naidə İsmayılzadə, sektorun baş məsləhətçisi Vəfa Novruzova, Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizli, Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Dövlət Teatr Muzeyinin direktoru Nuridə Nurullayeva daxildir.
Tənqidçilər qrupu sənətşünaslıq doktorları, professorlar Məryəm Əlizadə, İlham Rəhimli, Amaliya Pənahova, sənətşünaslıq namizədi, teatrşünas Aydın Talıbzadə, Teatr Xadimləri İttifaqının məsul katibi, teatrşünas Kəmalə Cəfərzadə, dramaturq Əli Əmirli, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Günay Səttarova, “Mingəçevir” jurnalının redaktoru İsmayıl Mərcanlıdan ibarətdir.