Milli Teatr Festivalı davam edir
Prezident İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı davam edir.
Festivalın iyunun 1-dən Mingəçevir Dövlət Dram Teatrında keçirilən mərhələsi bu gün (8 iyun) başa çatacaq. Bu mərhələnin sonuncu tamaşasını ev sahibi - Mingəçevir Dövlət Dram Teatrı təqdim edəcək. Yaradıcı heyət böyük ədibin əsərləri əsasında hazırlanmış “Can bizimkilər” tamaşasını göstərəcək.
Qeyd edək ki, festivalın Mingəçevirdə keçirilən mərhələsində Şəki Dövlət Dram Teatrı “Hacı Qara”, Qax Dövlət Kukla Teatrı “Sərgüzəşti-mərdi-xəsis”, Gəncə Dövlət Kukla Teatrı “Hekayəti-xırs quldurbasan”, Füzuli Dövlət Dram Teatrı “Hacı Qara”, Ağdam Dram Teatrı “Lənkəran xanının vəziri” tamaşasını təqdim edib. İyunun 6-da festival iştirakçıları Qazax Dövlət Dram Teatrının “Xırs quldurbasan”, ayın 7-də isə Gəncə Dövlət Dram Teatrının “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına baxıblar.
Festivalın növbəti mərhələsi iyunun 8-dən 25-dək Bakıda, eləcə də digər şəhər və rayonlardakı dövlət teatrlarında davam etdiriləcək. Bu gün Akademik Milli Dram Teatrının səhnəsində Dövlət Musiqili Komediya Teatrı “Molla İbrahimxəlil kimyagər” komediyası əsasında hazırlanmış tamaşanı təqdim edəcək.