İftixar Piriyev
“Ədəbiyyatın predmeti nədir?” sualına “xislət” deyə cavab verən Elçin müəllimin “Teleskop”u ilə göylərin görünməz qatından baxan ruhların gördüyü, uca Tanrının gözləri önündə, Tanrısını tanımayan, şeytanın şərinə uyan, xisləti xarab insanların öz qan və ruh qohumuna - insana törətdiyi bəd əməllərin canlı mənzərəsidir.
Müəllif insanları heç kəsə qalmayacaq olan bu fani dünyada xislətlərinin xarab olmasından qorunmağa, bəd əməllərə uymamağa, uyanları həmin əməllərdən qurtarmağa çağırsa da, hətta qurtuluşun yollarını var gücü ilə səslənsə də, insan öz bəd əməlindən dönmür ki, dönmür. Yaxşı ki, heç olmasa bizim, “Teleskopdan” “Teleskop”a teleskopik baxışımızın seyrində canlanan mənzərədə, “keçilən yollarda” insanın özünü məxsusi ifadə etməsi üçün var olan münbit zəmindən və yaranmış imkanlardan istedadın gücünə söykənərək, xisləti təmiz insanların yararlanma bacarığının canlı şahidinə çevrilir, ədəbiyyatın predmeti qədər insanın da varlığının xislət olduğunu dərk edir və bu həqiqətin hikmətinə heç bir şübhəmiz qalmır.
2012-ci il 27 may tarixində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşa salonunda işıqlar qaraldıqca ətrafa çökən səssizliyin içindən eşidilməyə başlayan və eşidildikcə diqqətimizi başlayacaq tamaşaya yönəldən ürək döyüntüsünün səsi qaranlığın sükutuna hakim kəsilirdi. Səhnənin sol tərəfindən süzülən zəif işıq yavaş-yavaş qaranlığın zülmətini pozduqca, təlaşla səhnəyə tələsən personajların dialoqları onların özü haqqında həm tamaşaçıda anlayış yaradır, həm də bizə bəlli olan, başlayacaq hadisənin süjetinə giriş verirdi. Tamaşa salonunda görkəmli teatrşünas-alim, professor Məryəm Əlizadə də əyləşmişdi. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçiləri, istedadlı alimlər, sənətşünaslıq üzrə fəlsəfə doktorları Nərminə Ağayeva və Rəcəb Məmmədovla tamaşanı bərabər izləyirdik. Mən bu əsərin Akademik Milli Dram Teatrının səhnəsində tam başqa janrda və üslubda, başqa yozumda və fərqli estetikada hazırlanan tamaşasına da (rejissor Kamran Şahmərdan) baxmışam, hətta həmin tamaşa haqqında böyük resenziya da yazmışam. O tamaşaya heç bir bənzəri olmayan bu səhnə əsərinin tərtibatdan tutmuş, səhnələrin bir-biri ilə ardıcıl birləşmə mexanizmindəki fərqli cilalanma prinsipləri və qrotesk oyun tərzinin tələbləri sistemində keçidlərin özünəməxsusluğu, səhnədə, süjet xətti əsasında hər baş verən hadisənin sonunun məntiqə uyğun rəqslərlə yekunlaşması və dərhal da növbəti səhnəyə keçid zəmini yaratması həm tamaşanın janrının mükəmməlliyinə, həm də yaranan vəziyyətin dramatizminə və janrdan irəli gələn əyləndiricilik əhvalı yaratmağa xidmət edirdi. Doğrusunu deyim ki, bu cür başlanğıc mənim diqqətimi tamaşanın içinə doğru istiqamətləndirməyə başladı.
Tamaşa haqqında fikir söyləməzdən öncə Rus Dram Teatrının səhnəsində hazırladığı bir sıra maraqlı tamaşaları ilə öz rejissorluq dəst-xəttini təsdiqləmiş Əməkdar incəsənət xadimi İrana Tağızadənin bu səhnə əsərində təklif etdiyi traktovkanın maraq doğuran cəhətinə diqqəti yönəltmək istəyirəm.
Rejissor əsərə əsərin janrına adekvat olmayan bir janrda yanaşaraq, tamaşanı tam başqa düşüncənin, yozumun, konsepsiyanın, estetikanın məhsulu kimi ərsəyə gətirməsinə baxmayaraq, ümumi ruh və mövzuya yanaşma metodu baxımından müəllifin ideyasına, əsərin qayəsinə heç bir xələl gətirmədən, bir az da baməzəlik, şuxluq, zarafatsayağılıq və əyləndiricilik manerası ilə tam fərqli üslubda təqdim etməklə, hər bir hadisənin istənilən məkanda və istənilən şəraitdə, istənilən vəziyyətdə və istənilən formada, istənilən ruhda və istənilən tərzdə təqdimatının mümkünlüyünü sübut edir.
Qaranlığı yarmağa başlayan, yavaş-yavaş süzülən işığın aydınlığında səhnəyə tələsən personajların gətirəcəkləri hadisənin haradan başlayıb haraya qədər davam edəcəyi və hansı kulminasiya nöqtəsindən razvyazkaya doğru istiqamət alacağı və nə ilə nəticələnəcəyi hər birimizə aydınca bəlli olduğu halda, gözlənilməz şəkildə səhnədə manej-məkanın ortaya çıxması, əsərin ruhundan irəli gələn, gözlədiyimiz bəlli vəziyyətin tam fərqli məkanda cərəyan edəcəyi ortaya çıxdı. Və bu dərin fəlsəfi, lirik-romantik, zəngin psixoloji ruhla dolu olan tragikomediyanın bu məkanda necə həllini tapa biləcəyi bizdə böyük maraq doğurdu.
Qəzaya düşmüş, klinik ölüm nəticəsində cənab Əzrayıl (ali qanunların ali qərarlarının icraçısı obrazını mükəmməl yaratmağa nail olan Əməkdar artist Natalya Baliyeva) tərəfindən Kişinin (peşəkar və püxtə oyunu, şirin danışığı, akrobatik bacarığı, obrazın daxili və xarici plastikasını orqanik şəkildə, ustalıqla cilalayan və mükəmməl bir vəhdət halında tamaşaçıya sevdirən və tamaşaçının rəğbətini qazana bilən Xalq artisti Səfa Mirzəhəsənov) göylər məkanına aparılması səhnəsi, sirkdə təhlükəli nömrələr göstərən hava gimnastlarının yaratdığı kimi tamaşaçıda həyəcan doğuran bir vəziyyət yaradırdı. Akryor (S.Mirzəhəsənov) ştanketə bağlanmış halatlarla (polad kəndirlər) səhnənin yuxarı dərinliyinə qalxdıqca salonda təşviş doğuran vəziyyət, sonradan aktyorun havada səlis davranışı nəticəsində bir rahatlıq yaratdı. Daha sonra, vaxtilə dünyasını dəyişmiş, göylər məkanında onu qarşılayan birinci arvadının - Qadının (səhnə plastikası, səlis oyun tərzi, akrobatik səhnələrin həyata keçirilməsində çevik və dinamik hərəkətləri ilə tamaşaçını heyran qoyan Natəvan Hacıyeva) səhnənin sağ tərəfindən ştanketə bağlanmış halatlardan asılmış, daha böyük təhlükə doğuran sürətlə səhnənin yuxarı dərinliyinə şütüməsi və orada çevik hərəkətlərlə oyun nümayiş etdirməsi daha gərgin vəziyyət yaratdı, lakin sonra onun da akrobatik hərəkətlərlə professional davranışı tamaşaçını rahatlaşdırdı. Və biz bundan sonrakı bütün akrobatik səhnələrə sakitcə baxa bildik. Bu akrobatika tamaşada təklif olunmuş oyun prinsipi ilə bütün tamaşa boyu uyğunluq təşkil edən bir canlanma yaradırdı. Hər şey çox maraqlı idi. Sankt-Peterburqlu rəssam Emil Kopelyuşun tamaşaya verdiyi tərtibatla, ay işığının arxasından sayrışan ulduzlar kəhkəşanın əlçatmaz romantikası, göylərin görünməz qatı aləminin nağıllardakı qədər əfsanəvi dünyası rejissorun ideya-estetik ruhunun əsrarəngiz gözəlliyini ehtiva edirdi və ən başlıcası riyazi dəqiqlik tələb edən, professional mexanizmlə tənzimlənən, estetik təsir qüvvəsinə malik olan, yarada bildiyi bir səhnə məkanı, bu məkanda geyim üzrə rəssam Yuri Suçkovın (Sankt-Peterburq) zövqlə çəkdiyi eskizlər əsasında tikilən, tamaşanın ruhu ilə uyğunluq təşkil edən, aktyorların oyunu üçün xarakterik xüsusiyyətlərə malik münbit şərait yaradan kosmopolitik geyimlər, xüsusən cənab Əzrayıl və digər mələklərin geyimi, onların istifadəsində olan şəffaf yelpiklər, göylərin şəffaf aydınlığı qismində özəl təsirə malikdir. Bu məkanın əsrarəngizliyi rejissoru, əsərə tam fərqli baxış bucağından yanaşaraq, orijinal traktovkada tamaşa yaratmağa sövq etdirir. O, buffonadaçılıq və qroteskçilikdən mükəmməl şəkildə istifadə edərək, maraqlı bir aktyor ansamblı ilə ləzzətlə izlənən zövqlü bir tamaşa ərsəyə gətirə bilmişdir.
Tamaşanın bütün bu maraqlı cəhətləri və Akademik Milli Dram Teatrında hazırlanan “Teleskop” əsərinin tamaşası ilə müqayisədə bizə maraqlı görünən çoxlu fərqli məqamların olması bizi bu səhnə əsərinə müqayisəli şəkildə baxmağa vadar etdi.
Akademik Teatrın məhsulunda rejissor K.Şahmərdan səhnədə yaratdığı sırf lirik-psixoloji, dərin fəlsəfi ovqatın təsir qüvvəsi ilə tamaşaçını düşündürməyə məcbur edir, onu görünən aynada öz eybəcərlikləri ilə üz-üzə qoyur və bu eybəcərliklərdən xilas yollarının istiqamətini anladan bir həqiqət mənzərəsi yaradır. Bu tamaşadakı mükəmməllik ədəbi materialın fəlsəfi qüdrətini onun ruhuna bir başa daxil olmaqla aça bilən incəliyə söykənir. Rus Dram Teatrının məsulunda isə rejissor İ.Tağızadə tamaşaçını əylənməyə, vaxtının səmərəli keçməsinə imkan yaradır və bununla yanaşı, həm də əsas məsələ kimi müəllifin ədəbi materialındakı məqsəd və məramın itməməsini, əsərdə obrazların gözü ilə cəmiyyətin eybəcər cəhətlərini göstərir və bu eybəcərliklərdən xilas yollarının axtarılmasını təmin edir, eyni zamanda bu tamaşada Elçinə xas lirik-romantik ovqatla, dərin fəlsəfi yükün vəhdətində öz həllini tapa bilən qavrama mexanizmi öz estetik səciyyəsi ilə qorunub saxlanılır. Və üstün cəhət orasındadır ki, tamaşanın buffonada elementləri ilə cilalanmış qrotesk oyun janrı təqdimatında müəllif fikrinin fəlsəfi qatları xəmir kimi yoğrulmuş və nəhayətdə, əyləncəli, düşündürücü bir nəticəyə nail olunmuşdur. Vaxtın son dərəcə səmərəli keçməsini təmin etməyə çalışmaq və eyni zamanda tamaşaçını dərindən düşündürə bilmək, qlobal problemlərin həlli üçün onu öz arxasınca aparmaq, həyat həqiqətlərinə inandıra bilmək, Tanrısal, ruhsal saflığa yönləndirmək və bütün yüksək keyfiyyətlər kontekstində marifləndirmək həmişəki kimi bu gün də dünya teatrlarının böyük maraq dairəsində olan aktual bir vəzifədir. Bunun üçün cürbəcür eksperimentlərə əl atan teatrların son vaxtlar bir qədər üstünlük verdikləri manej məkanında sirk elementləri və effektlərindən istifadə üsulundan yararlanan İ.Tağızadə eyni zamanda müəllifin əsərindəki məzmun və qayəsinin açılması üçün tamaşaçıya əyləndirmə və düşündürmə fəlsəfəsinin vəhdət kontekstindən təsir etmək, dərketmə imkanı yaratmaq və bir rejissor kimi əyləndirmə və düşündürmə fəlsəfəsinin qovuşuğunda dayanaraq tamaşaçıya iki istiqamətdən təsir göstərməklə balans yarada bilmək, fikrimcə, onun təfəkkür və təxəyyülünün üstün cəhətidir.
Əsərdə olduğu kimi, tamaşada da qəzaya düşmüş Kişinin təəssübünü çəkənlər simasında özünü təqdim edən, lakin hadisələr inkişaf etdikcə bəlli olan ki, həmin personajların heç də, heç biri onun təəssübünü çəkmirlər, sadəcə görüntü yaradırlar və əslində isə reanimasiyada kliniki ölümdə olan və ölümlə olum arasında mübarizə aparan Kişi əgər dünyasını dəyişərsə hər kəsi öz düşəcəyi vəziyyətin nəticəsi düşündürür və vəziyyətdən çıxış yollarını axtarırlar. Arvadı (gözəl səhnə yaraşığı və maraqlı oyunu ilə diqqəti çəkən Bella Safina) ərə getmək, oğlu və qızı (səmimi təəssüratla səhnədən tamaşaçı ilə ünsiyyət yarada bilən və tamaşaçının diqqət mərkəzində olmağa çalışan Elşad Murtuzov, Milana Mərdahanova) var-dövlət bölgüsü aparmaq davasında olmaq, daha sonra qaynanası (maraqlı səhnə cazibəsi, plastikası, rəqsləri, obrazın bütün orqanikasının işləməsinə incə münasibətlə yanaşan, ustalıqla yaratdığı obrazı ilə tamaşaçının yaddaşına yazılan Xalq artisti Aleksandra Nikuşina) öz qızının və özünün gələcək həyatları barədə düşünmək, dostu və dostunun xanımı (səmimi oyunları ilə xoş təsir bağışlayan Əməkdar artist Fuad Osmanov və istedadlı aktrisa İnna İmranova) riyakar münasibət kimi insana xas olmayan ikili əməlləri ilə tamaşa boyu tənqid obyektinə çevrilirlər.
(Davamı var)