İyunun 8-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə böyük ədib və mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
   
   “Mirzə Fətəli Axundzadə və Azərbaycan teatrı” mövzusunda tədbiri mərkəzin direktoru Vilayət İsmayılov açaraq yazıçı-dramaturqun Azərbaycan ədəbiyyatında böyük irs qoyub getdiyini vurğuladı: “O, Şərq dramaturgiyasının banisidir. Ədibin filosof kimi nəzəriyyə və tədqiqatları bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır”.
   Sənətşünaslıq doktoru, professor İlham Rəhimli “M.F.Axundzadə və Azərbaycan teatrı” mövzusunda çıxış edərək diqqəti ədibin yaradıcılığı ilə bağlı maraqlı məqamlara yönəltdi: “Axundzadə dramaturgiyası teatr tariximizdə ən çox müraciət olunan mövzulardan biridir. Zaman-zaman ədibin yaradıcılığına münasibət müxtəlif olub. Bu baxımdan da rejissorların onun əsərlərinə yozum və baxışları da fərqlilik təşkil edib. Dramaturgiya tariximizdə İlyas Əfəndiyev dövrünə qədər bütün əsərlərdə bir “kod”, “açar” verilib ki, müəlliflər bu “kod”la artıq nə demək istədiklərini çatdıra biliblər. Amma nədənsə rejissorlarımız bu gün Axundzadə əsərlərindəki bu “kod”ların mahiyyətinə səthi yanaşırlar. Müasir dövrümüzdə rejissorlar düşünərək əsərin poetik səciyyəsini tuta bilməli, ona müasir dövr prizmasından yanaşaraq tamaşaçıya çatdırmağı bacarmalıdırlar”.
   Sənətşünaslıq namizədi Aydın Talıbzadə “M.F.Axundzadə Avropaya bir pəncərə kimi” mövzusundakı çıxışında qeyd etdi ki, ədibin irsi yeni müstəvidə araşdırılmalıdır: “Axundzadə ilə Şərq və Azərbaycan orta əsrlər təfəkküründən XIX əsrə adlayır. Onun irsinə qayıdış bu gün ona görə lazımdır ki, əsərlərinin güzgüsündə özümüzü görürük. Axundzadə komediyalarının fəlsəfi tərəflərinin hələ də geniş tədqiqata ehtiyacı var”.
   AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Nizami adına Ədəbiyyat İnstitutunun dosenti Şahbaz Musayev, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Musiqili Komediya Teatrının rejissoru Yusif Əkbərov, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidov və başqaları öz çıxışlarında M.F.Axundzadə və teatr mövzusunda danışdılar. Qeyd edildi ki. Axundzadə öz əsərlərinin dili ilə Azərbaycanı Qərbə deyil, Qərbi Azərbaycana gətirdi. Müasir təfəkkür tərzimizin banisi oldu.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar