Bərbəzəksiz bir barmaq sadə kağızda az qala bütün sözləri əllə yazılmış dəvətnamədə belə yazılmışdı: Sizi III kurs “Estrada rejissoru” tələbələrinin “Kadr arxası dubl” tamaşasına baxmağa dəvət edirik.
   
   Və bu sadə görünüşlü dəvətnaməyə bənd imiş kimi göstərilən saatda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Akt zalı tamaşaçılarla dolub-daşırdı. Çünki universitetin professor-müəllim heyəti artıq üçüncü ildir ki, bu kursda cəmləşən istedadlı tələbələrin səhnələşdirdiyi tamaşalara böyük həvəslə baxır, onların hər yeni çıxışını səbirsizliklə gözləyirlər. Tamaşaçılarla budəfəki görüşə isə gələcəyin estrada ustaları “Kadr arxası dubl” adlı kurs işi ilə gəlmişdilər.
   Əvvəlcə kursun rəhbəri, respublikanın Əməkdar artisti Vidadi Həsənov səhnəyə çıxıb müəllim və tələbələri, kurs işini qiymətləndirəcək münsiflər heyətini salamladı, oynanılacaq əsərin məqsəd və məramından üstüörtülü danışdı. Məlum oldu ki, bir azdan səhnədə görünəcək iştirakçılar dünyaca məşhur multiplikasiya filmlərindəki milyonlarla tamaşaçının böyük məhəbbət və maraqla izlədiyi personajların dilindən günümüzün ən vacib problemlərinə toxunacaq, ən çox da insanların ekoloji tarazlığın pozulmasında oynadıqları yaramaz roldan özlərinə məxsus dildə danışacaqlar. Məqsəd bəşəriyyəti bizi əhatə edən təbiətə, onun gözəlliklərinə, faunasına, florasına həssas yanaşmağa, ona canlı varlıq kimi münasibət bəsləməyə dəvət etməkdir. Vidadi Həsənov onu da qeyd etdi ki, tamaşadakı bütün monoloqların müəllifi elə tələbələrin özləridir.
   Budur, onlar - uşaqların, gənclərin, elə yaşlıların da sevimli personajları Şrek, Marfuşa, Yatmış Fiona, Pandiaxa, Qurbağa, Uzunqulaq, Məsum Tom, Tutuquşu Keşa... Bir-bir səhnəyə çıxır, çılğın səhnə mizanları, yerdəyişmələr, qeyri-adi akrobatik hərəkətlərin və yüksək peşəkarlıqla ifa olunan monoloqların müşayiətilə qarşılarına qoyduqları məqsədə doğru irəliləyirlər. Hər monoloq cəmiyyətə, onun naqis cəhətlərinə ünvanlanmış taziyanəni xatırladır, insanları mənən dolğunluğa səsləyir və tamaşaçıların alqışları ilə qarşılanır. Vidadi Həsənovun assistenti Elgün Həmidovun, musiqi tərtibçisi Amid Qasımovun və ümumiyyətlə, yaradıcı truppanın səhnənin tərtibatı, dekorlar, musiqi seçimindəki zövq və duyğusallıqları bütün tamaşaçıların ürəyindən xəbər verirdi.
   Bu gah lirik, kədərli, gah epik vüsətlə səslənən, gülüş, qüssə, sarsıntılarla dolu iri planlı simfoniyanı, oratoriyanı xatırladırdı desək, yanılmarıq. Başlıcası isə bitkin bir estrada tamaşasıydı.
   İndi isə bu kiçik yazıya qoyduğumuz başlıq barədə. Bəli, bu, sıradan bir kurs işi deyildi, nəinki ADMİU-nun divarları arasında, istənilən estrada arenasında göstərilməyə layiq sənət əsəriydi. Bunu deməyə haqqımız var. Çünki Vidadi Həsənovun rəhbərlik etdiyi bu truppanın üzvləri öz istedadları ilə dəfələrlə beynəlxalq tədbir iştirakçılarını, nüfuzlu münsiflər heyətlərini heyran ediblər. Bu il Qazaxıstanda keçirilən tələbə festivalının ali mükafatına - “Qran pri”yə layiq görülüblər. İnanırıq ki, hər hansı beynəlxalq yarışmada “Kadr arxası dubl” tamaşası, onun istedadlı ifaçıları Elgün Həmidov, Gülşanə Mustafayeva, Tərlan Abdullayev, Günel Xəlilova, Səbinə Namazova, Sabir Məmmədov, Vaqif Əzizov bir daha uğur qazana biləcəklər.
   
   İntiqam Mehdizadə