Hikmət Nəbili: “Şəki teatrının öz məktəbi var və onun əsasında klassika dayanır”
   
   Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının fəaliyyəti, sənət uğurları, yeni teatr mühitində yeri və rolu barədə teatrın direktoru Hikmət Nəbili ilə söhbət etdik. Şəkinin Azərbaycana və dünyaya bəxş etdiyi böyük dramaturq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli teatr festivalı günlərində baş tutan müsahibəyə də bu sənət bayramı və onun ölkədəki teatr mühitinə təsiri ilə başladıq.

   
   - Hər bir festival, yaradıcı görüş və tamaşaçı ilə ünsiyyət teatr ictimaiyyəti üçün bayramdır. Bu festival da həmçinin. Sənət bayramı paytaxt və regionlarda Azərbaycan mədəniyyətinə, milli teatrımıza xidmət edən yaradıcı kollektivləri, teatr mütəxəssisləri və tamaşaçıları bir araya gətirdi, onları yenidən maarif, ürfan məkanı olan teatrın ətrafında birləşdirdi. Bu, bizim gələcək fəaliyyətimiz, təcrübə mübadiləsi və ən əsası yaradıcı əlaqələrin daha da genişlənməsi üçün vacibdir.
   - Binası əsaslı təmirə dayanan Şəki teatrı tamaşaçıları üçün darıxmır ki? Yəqin bu vəziyyətdə əsasən səyyar tamaşalara və qastrol səfərlərinə üstünlük verirsiniz?
   - Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin noyabrında Şəkiyə səfəri çərçivəsində teatrımıza da baş çəkdi və binanın əsaslı təmir-bərpası üçün sərəncam verdi. Hazırda binada təmir işləri gedir. Tamaşaçılarımız kimi biz də onlar üçün darıxmışıq. Düzdür, ilin əvvəlində tamaşalarımız olurdu. Amma artıq 2 aya yaxındır ki, sadəcə məşqlər edirik. Şəkidə teatr tamaşalarının nümayişi üçün başqa müvafiq bina yoxdur. Hazırda şəhərdəki kinoteatrın binasında yerləşmişik. Amma orada tamaşa oynamaq imkanları məhduddur. Son iki ayda festivala ciddi hazırlaşırdıq və şükürlər olsun ki, yubileylə əlaqədar dövlət sifarişi ilə hazırladığımız «Hacı Qara» əsərini uğurla təqdim edə bildik. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa alqışlarla qarşılandı. Bundan sonra Şəkinin kəndlərinə və qonşu rayonlara səfərlər edərək səyyar tamaşalar göstərəcəyik. Onu da deyim ki, bu yaxınlarda Türkiyənin Konya şəhərindən qayıtmışıq. Truppamız bu şəhərdə keçirilən türkdilli xalqların beynəlxalq teatr festivalında Jan Batist Molyerin “Jorj Danden və ya aldadılmış ər» əsəri ilə çıxış etdi. İstər festival təşkilatçıları, istərsə də tamaşaçılar tərəfindən alqışlarla qarşılandıq.
   - Hikmət müəllim, Azərbaycan teatrı hazırda yeni inkişaf yolundaddır. Və bu prosesdə teatrdan tələblər, belə deyək, teatrın məqsəd və məramı, ondan gözləntilər də bir qədər dəyişib. Bu barədə sizin də düşüncələrinizi bilmək maraqlı olardı.
   - Bu islahat Azərbaycan teatrı üçün çox vacib idi və onun sabahın teatrına vədləri çox böyükdür. Bilirsiniz, əslində, dünya teatrları heç vaxt problemlərdən uzaq olmayıb. Bütün zamanlarda teatrlar istər yaradıcı, istərsə də iqtisadi cəhətdən müəyyən problemlər yaşayıblar. Ən inkişaf etmiş ölkələrin məşhur teatrları belə zaman-zaman bu çətinliklərlə üz-üzə qalırlar. Amma Azərbaycan teatrının, xüsusən də bölgədə yerləşən sənət ocaqlarının ən böyük problemi kadr, yəni gənc aktyor nəsli ilə bağlıdır. Bax, islahatlar sayəsində bu problemin həlli istiqamətində düşünülmüş addım atıldı. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə teatrlarda studiyalar fəaliyyətə başladı. Artıq hər sənət ocağı özünün aktyor potensialını bu studiyalara cəlb olunan gənclər sayəsində müəyyən mənada təmin edə biləcək. Bundan başqa, proqrama uyğun olaraq irimiqyaslı teatr tədbirləri həyata keçirilir, təmirə ehtiyacı olan binalar əsaslı şəkildə yenidən qurularaq kollektivlərin ixtiyarına verilir. Ən əsası, bütün bunların fonunda Azərbaycan teatrı dünyaya inteqrasiya edir, artıq ətrafda baş verən yaradıcılıq proseslərinə nüfuz etmək imkanını qazanır. Bu məsələdə bir məqamı da deyim ki, əslində, teatrların problemi özlərindən asılıdır. İnkişaf üçün istər nazirlik, istərsə də digər qurumlar nə qədər dəstək olsalar da, teatrın özündə o təpər olmalı, onların özündə sağlam yaradıcı atmosfer möhkəmlənməlidir. O teatrın ki, aktyor potensialı zəifdir, onun sabahından danışmağa dəyməz. Bu inkişaf mərhələsindən istifadə edərək teatrlar ilk olaraq öz bazalarını qurmalıdırlar.
   - Onda belə çıxır ki, hər şeyi sıfırdan başlamalıyıq. Yəni bu günədək teatrlarda siz deyən o baza yox idi?
   - Konkret olaraq bizim teatrımızda gənc kadr problemi 1987-ci ildən sonra yaranmağa başlayıb. Bax, bu gün teatrlar qarşısında ciddiliyi ilə dayanan məsələnin həlli yolunu o zaman tapdıq. Allah rəhmət eləsin, bizim böyük rejissorlarımız Hüseynağa Atakişiyev və Vaqif Abasova. Onlar sanki bu günü görürmüş kimi hələ o vaxtdan studiyalara böyük diqqət ayırmağa başladılar. Mən özüm də o studiyaların yetirməsiyəm. Şəki teatrında o ənənə indi də qorunur və öz bəhrəsini verir.
   - Bu islahatlar sayəsində rejissorların teatrlara təhkimçiliyi də aradan qalxdı. Teatr rəhbərlərinə, rejissorlara sərbəst fəaliyyət imkanı yaradıldı. İndi bir çox teatrlar kənardan rejissor dəvət edirlər. Siz niyə bu üsuldan istifadə etmirsiniz?
   - Biz heç vaxt kənardan rejissor dəvət etmirik. Çünki teatrın öz rejissoru olmalıdır və o həmin teatrın əsas sütunudur. Mən o zaman dəvətli rejissora müraciət edərəm ki, teatrım imkansız, əlacsız qalsın. Bizim isə elə bir çətinliyimiz yoxdur.
   - Siz fərqli rejissor yozumunu qəbul etmirsiniz?
   - Məsələ bunda deyil. Sadəcə, hər bir teatrın özünün məktəbi olmalıdır. Onun tamaşasına baxan insan təqdimatdan əvvəl bilməlidir ki, hə, bax, bu, Şəki teatrı və ya başqasıdır. Yəni teatrın özünün məktəbi olmalıdır. Məsələn, Rusiyada elə teatrlar var ki, təqdimatsız, sadəcə tamaşasının nümayişi ilə tamaşaçı o anda bilir ki, o hansı teatrdır.
   - Bizdə necə, siz deyən kimi, ilk tamaşasından hansı teatr olduğunu bəlli edən teatr, kollektiv var?
   - Var, Şəki teatrı. Biz mərhum Hüseynağa Atakişiyevin meydan teatrı modelini indi də yaşadırıq. Bax, elə ona görə də tamaşaçılar bizim teatrı ilk andan tanıyırlar. Onu da deyim ki, bu forma Şəki teatrını hələ o zamanlar çox məşhur etdi. Bu üslublu tamaşalarla dünyanın əksər ölkələrini gəzərək böyük uğurlara imza atdıq.
   - Deyirsiniz ki, hər teatrın öz siması, yəni, belə deyək, öz məktəbi, həm də öz tamaşaçısı olmalıdır. Şəki tamaşaçısı sizin teatr məktəbinə adekvat cavab verirmi?
   - Bəli, Şəki tamaşaçısı bizim teatra siz deyən adekvat cavabı verir. Məncə, Azərbaycanın ən teatral şəhəri Şəki, ən teatral tamaşaçıları şəkililərdir. Çünki Şəki teatrı əvvəlki şöhrətində, əvvəlki sənətkarlığındadır. Amma bir məqamı da xatırladım ki, bütün tamaşaçılar da eyni deyil. Artıq zövqlərin korlandığını görürük. Təbii ki, teatrı yaşadan sadiq tamaşaçılardır, amma həm də teatr bəşəri ideyaların təlqin məkanıdır. Ona görə də hər kəs oradan nə isə əxz etməli, heç olmasa, zövqünü, ruhunu təzələməlidir.
   - Bayaq ən teatral tamaşaçıların Şəkidə olduğunu dediniz. İndi isə zövqlərdən gileylənirsiniz. Müəyyən təzad yarandı.
   - Kim deyir ki, problem yoxdur. Görün, bizdə belədirsə, başqa yerlərdə vəziyyət hansı həddədir. Sadəcə, unutmaq olmaz ki, hər tamaşaçıdan da teatrallıq, böyük zövq, sənət sevgisi gözləmək olmaz.
   - Ən teatral tamaşaçıların teatrı olaraq necə düşünürsünüz, günün tamaşaçısının teatrdan istəkləri nədir? Bəlkə tamaşaçını teatrdan uzaqlaşdıran düyün nöqtəsi elə oradadır?
   - Böyük rejissorumuz, Azərbaycan teatrının inkişafına öz töhfələrini vermiş mərhum Vaqif Abasov həmişə deyirdi ki, çətin də olsa biz çalışmalıyıq ki, tamaşaçı teatrın səviyyəsinə qalxsın. Biz onlara tərəf ensək, teatr məhv olar. Bu mütləqdir və indi də belə olmalıdır.
   - Bütün bu deyilənlərin əsasında düzgün repertuar siyasəti dayanır. Təzadlı tamaşaçı rəyinizdən sonra bilmək istərdim, repertuar seçərkən də belə təbəddülatlar yaşayırsız?
   - Repertuar seçimini biz ən çox teatrın ümumi yaradıcılıq yoluna uyğun qururuq. Əsasən dünya və milli klassikamıza müraciət edirik. Məsələn, J.B.Molyerin «Xəsis» və «Aldadılmış ər», Ə.Haqverdiyevin «Pəri cadu», M.F.Axundzadənin «Hacı Qara», N.Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük» və s. Şəki teatrının özünün məktəbi var və onun əsasında klassika dayanır. Aktyor nə qədər klassik əsər oynasa, yaxşıdır. Belə olduqda müasir dramaturqların yaratdığı obrazları canlandırmaq onun üçün çox asan olar.
   - Aktyor klassikada yetişir, amma tamaşaçını da daim klassikaya dəvət etmək olmaz. Tamaşaçı özünü, ətrafını, yaşadığı müasir dövrün elementlərini də arabir səhnədə görməlidir.
   - Göstərək, problem yoxdur. Amma hanı mənbə, yüksək dramaturji nümunə, əsər?
   - Siz də müasir dramaturgiyamızdan gileylisiniz?
   -Bir-iki dramaturqu çıxmaq şərtilə, sanki müasir dramaturgiyamız sükut içindədir.
   - Sırf o səbəbdən daha çox klassikaya meyil edirsiniz, yoxsa məktəb, ənənələr, keçmiş sizi ora çəkir?
   - Yox, xatirələr xətrinə tamaşa qoymaq olmaz. Həm də bizim teatrın rejissor sarıdan həmişə bəxti gətirib. İndi Şəki teatrının elə bir rejissoru var ki, o, 10 il bundan öncə düşündüyü, beynində ən incə detalınadək həll etdiyi əsəri səhnəyə qoyur. Daha bu gün çağırıb bu əsəri qoy və o da heç əsərə baxmadan razılıq verib birtəhər bir tamaşa hazırlayıb ortaya qoymur. O, 5-10 il bir əsər ətrafında düşünür və ilin sonunda deyir ki, hə, bax, filan əsəri qoymağa hazıram. Məhz elə tamaşa mütləq uğurlu olur.
   - Belə çıxır ki, sizin teatrda hər şey tam fərqlidir.
   - Fərqli deyəndə ki, hər rejissorun, hər aktyorun özünün yaradıcılıq üslubu var. Bir də bu gün aktyora səhnədə sərbəstlik vermək, ona özünü realizə imkanı yaratmaq lazımdır. Məsələn, bizdə mizanla tamaşa qurulmur. Rejissor aktyora sərbəstlik verir.
   - Son olaraq repertuarınızdakı digər əsərlər barədə də məlumat vermənizi xahiş edirəm.
   - Adlarını sadaladığım klassik nümunələrlə yanaşı, Mustay Kərimin "Ay tutulan gecə", Slomir Mrojekin "Xoşbəxt hadisə", Novruz Cəfərovun "Buna da şükür", Georgi Xuqayevin «Çiy yumurtada bişmiş məhəbbət» əsərləridir. Bu il binamız təmirdə olduğu üçün iki əsər - M.F.Axundzadənin «Hacı Qara» və Ə.Əmirlinin «Onun iki qabırğası» tamaşasını təqdim etdik.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar