İyunun 14-də Akademik Milli Dram Teatrı böyük ədibin yubileyinə həsr olunmuş festival çərçivəsində “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını sənətsevərlərə təqdim etdi. Tamaşa milli koloriti, şən yumoru, sətiraltı mənaları, sadə və aydın səhnə həlli ilə yadda qaldı.
   
   Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
   Tamaşa başlayır və tamaşaçılar XVIII əsrə yollanırlar. Lənkəran xanının zamanı, dərdsiz-qəmsiz, əslində gözəgörünməz qorxu və səksəkə dolu bir əyyam. Başı məişət qayğılarına, eyşi-işrətə qarışan xanın vəziri Mirzə Həbibin işləri kələf kimi bir-birinə qarışır. Qadın hiyləsinin qurbanına çevrilir. Tamaşa boyu gülüş obyektinə çevrilən Mirzə Həbib eşitdikləri ilə gördüklərinin arasında çaşıb qalır və sonda dərdini xana danışır. Öz hərəkətləri və axmaq qərarları ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran xanı maraqlı bir obrazdır. Xalq artisti Nurəddin Mehdixanlının yaratdığı Xan obrazı və Əməkdar artist Cəfər Namiq Kamalın oynadığı Mirzə Həbib rolları incə yumoru, təbiiliyi və həyatiliyi ilə yadda qalır.
   Tamaşada Pəri xanım obrazını Əməkdar artist Mətanət Atakişiyeva, Ziba xanım rolunu Əməkdar artist Münəvvər Əliyeva, Şölə xanım obrazını Şəlalə Şahvələdqızı, Nisə xanım obrazını aktrisa İlahə Həsənova, Teymur ağa rolunu Əməkdar artist Sabir Məmmədov ifa edirlər. Bütövlükdə tamaşada rol alan hər kəs obrazı öz üzərinə biçmir, obrazı içindən keçirir. Odur ki, teatr tariximizdə uzun bir yol qət edən “Sərgüzəşti-vəziri-xani-Lənkəran” məhz Vaqif İbrahimoğlunun quruluşunda, yozumunda XXI əsrin tamaşaçısını güldürməyi, düşündürməyi bacarır.
   Sadə səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi və aktyorların yüksək peşəkarlığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ın tarixində yeni bir mərhələdir. Bol alqış isə tamaşaya verilən ən böyük qiymətdir.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar