Fikrət Əmirovun dünya şöhrətli baleti Kreml səhnəsində
   
   İyunun 14-də Rusiya Dövlət Kreml Sarayının səhnəsində “Kreml baleti” Teatrı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edib. Dünya şöhrətli əsərin Kreml səhnəsində nümayişi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerşəkləşib.
   
   Fikrət Əmirovun 1979-cu ildə yazdığı əsər indiyədək dünyanın bir sıra məşhur səhnələrində nümayiş olunub. Baletin librettosu qədim ərəb xalq ədəbiyyatı - gözəl Şəhrizadın şah Şəhriyara söylədiyi nağıllar əsasında yazılıb.
   İki hissədən ibarət balet Rusiya teatrlarında da səhnələşdirilib. 2010-cu ildə isə “Min bir gecə” Rusiyanın ən qabaqcıl balet truppasının yer aldığı “Kreml baleti” Teatrında səhnələşdirilib və həmin il aprelin 16-da tamaşanın premyerası keçirilib.
   Baletin quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti, teatrın bədii rəhbəri və yaradıcısı Andrey Petrov, səhnə tərtibatının müəllifi görkəmli fırça ustası, SSRİ Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Tahir Salahovdur. Rəssam tamaşa üçün özünəməxsus nəcib üslubda möhtəşəm dekorasiya yaradıb. Geyim rəssamı Olqa Polyanskayanın yaratdığı yaraşıqlı kostyumlar dekorasiya ilə həmahəngdir.
   İki saat yarım ərzində sənətsevərləri Fikrət Əmirovun ecazkar musiqisinin təsiri altında saxlayan tamaşanı S.Raxmaninov adına simfonik orkestr müşayiət edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar incəsənət xadimi Aleksandr Petuxovdur. Tamaşaya Sergey Kondraşov dirijorluq edib.