Bu başlığı təsadüfən seçmədim. Çünki bu teatr da taleyinə köçkünlük, didərginlik yazılan sənət ocaqlarındandır. Zəngin teatr ənənələri olan Füzuli bölgəsində hələ 1913-cü ildə Qaryagin teatrı fəaliyyətə başlayıb. Görkəmli səhnə xadimi Hüseynqulu Sarabski öz sevimli Məcnununu («Leyli və Məcnun» operası) bu teatrın səhnəsində tamaşaçılara sevdirə bilib.
   
   Teatrın səhnəsində respublikanın xalq artistləri Zəroş Həmzəyeva, Miribrahim Həmzəyev, Sidqi Ruhulla, Seyid Şuşinski, əməkdar artistlər Cəlil bəy Bağdadbəyov, Mürşüd Haşımlı, Cəmil Vəzirov, Adışirin Əliyev, Şamxal Vəzirov, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil Cəfərov kimi sənətkarlar yetişmişdir. Lakin teatrın bu zəngin tarixi 1953-cü ildə sona çatır. Bu tarixdə, bölgələrdəki bir sıra sənət ocaqları kimi, bu teatr da bağlanır. Buna baxmayaraq fəaliyyətini xalq teatrı formasında davam etdirir və nəhayət, 1989-cu ildə Füzuli Dövlət Dram Teatrı adı altında yenidən fəaliyyətə başlayır. Tamaşaçılar yenidən teatrın səhnəsində fərqli yozumlu dram nümunələrinə, istedadlı aktyor nəslinin ifalarına tamaşa edirlər. O zamana qədər ki, müharibə dəhşəti külli Qarabağı cənginə alır, Füzuli teatrı yurd-yuvasından didərgin düşür. 1989-cu ildən teatra rəhbərlik edən Vaqif Vəliyev həmin çətin günləri yada salır:
   
   - 1993-cü ilin 23 avqustuna - Füzulinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsinə qədər teatr müxtəlif mövzulu tamaşalarla həm öz rayonumuzda, həm də qonşu Cəbrayıl rayonunda, cəbhə bölgələrində çıxış edirdi. 1992-ci ildən ermənilər tərəfindən Füzuliyə mütəmadi hücumlar edildiyindən, şəhər tez-tez atəşə tutulduğundan teatrımız öz fəaliyyətini rayon mərkəzində deyil, Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Rayonun işğal olunmasından sonra Füzuli teatrı Sumqayıt şəhərinə köçdü. Mədəniyyət nazirinin 25 avqust 1993-cü il əmri ilə kollektivimiz H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı. Teatrımız həmin il yeni mövsümü Sumqayıtda “Vətən ağıları” adlı poetik xalq faciəsi ilə açdı. Bu nisgilli didərginlik yükünü 2004-cü ilin noyabr ayınadək çəkdik. Sonra Mədəniyyət Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin razılığı ilə yenidən doğma rayona, Horadiz şəhər mədəniyyət evinə köçdük. Lakin teatrın normal işləməsi üçün səhnə və bina şəraiti yox idi. Şükürlər olsun ki, bu gün teatr Prezident İlham Əliyevin teatra, sənətə diqqət və qayğısı sayəsində yüksək səviyyədə təmir-bərpa olunmuş Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərir. Sarayın 1-ci mərtəbəsi bütövlükdə teatra verilmiş, bu da teatrda normal iş ahənginin yenidən bərpa olunmasına və teatr kollektivində böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
   - Gəlin, bir az da yaradıcı ab-havadan danışaq. Füzuli teatrının bu günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
   - Teatrın repertuarında 60-dan çox əsərə səhnə həyatı verilib. Bu gün teatrın səhnəsində N.Vəzirovun “Hacı Qənbər”, S.S.Axundovun “Şahsənəm və Gülpəri”, “Tamahkar”, İ.Əfəndiyevin “Unuda bilmirəm”, H.Mirələmovun “Vicdanın hökmü”, Ə.Əmirlinin “Onun iki qabırğası”, A.Səfərlinin “Qarabağım qan ağlar”, S.Dağlının “Oyun bitdi” və s. tamaşalar oynanılır. Teatrımız “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalında da uğurla iştirak etdi. Dövlət sifarişi ilə ədibin “Hacı Qara” əsərini hazırladıq və teatrsevərlərə təqdim etdik.
   - Dediklərinizin fonunda günümüzün teatral mənzərəsi və yerli teatrsevərlərin bu sənət məkanına münasibətini necə xarakterizə edərdiniz?
   - Azərbaycan teatrı özünün intibah dövrünü yaşayır. Dövlət tərəfindən teatra göstərilən böyük diqqət və qayğını biz də daim hiss edirik. «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı teatrlarımızın inkişafına geniş imkanlar açmaqla yanaşı, qarşımıza çətin və məsuliyyətli vəzifələr də qoyub. Füzuli teatrı da bu vəzifənin öhdəsindən layiqincə gəlməyə və respublikamızda gedən teatr prosesindən geri qalmamağa çalışır.
   - Teatrların inkişafını şərtləndirən amillərdən biri də yaradıcı əlaqələrdir. Hazırda teatrlarımız bu yaradıcı əlaqənin əsasən rejissor tərəfinə meyil edirlər. Necə düşünürsünüz, teatrlarda rejissor sarıdan problemlər var?
   - Məşhur “Teatr qarderobdan başlayır” deyiminə əlavə olaraq “teatr rejissordan başlayır” fikrini də doğru hesab edirəm. Rejissor problemi tək bölgə teatrlarının yox, ümumiyyətlə, bütün teatrlarda vacib amildir. Çünki rejissor teatrın simasıdır. Təbii ki, nazirliyin köməkliyi ilə bölgə teatrlarına Bakıdan rejissorların dəvət olunması yaradıcı kollektiv tərəfindən yüksək qiymətləndirilir. Amma biz çalışıb bölgə rejissorları yetişdirməliyik.
   - "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında əks olunan əsas müddəalardan biri ümumbəşəri və milli-mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlıdır. Bu xüsusda hansı məqamları önə çəkmək olar?
   - Azərbaycan teatrı dünya teatrına inteqrasiya edir. Dövlət proqramına uyğun olaraq teatr sahəsində islahatlar aparılır, Azərbaycan teatr sənətinin inkişafı sahəsində mühüm işlər görülür. Dövlət proqramı teatrların bədii zəngin yaradıcılığı, milli dəyərlərin səhnədə qorunması, milli teatr sənətinin daha da inkişaf etdirilməsinə geniş imkanlar açır. Dövlət teatrlarının əsaslı təmiri, müasir işıq, səs effektləri, teatr studiyalarının açılması, Azərbaycan teatrının dünya arenasına çıxması bütün bunların tərkib hissəsidir.
   - Bu prosesdə Fizuli teatrının yerini necə görürsünüz?
   - Füzuli teatrı da həmin proqram çərçivəsində bu prosesdən kənarda qalmır. Repertuarımızda C.Cabbarlının “Almaz”, “Aydın”, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Kişmiş oyunu”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, M.F.Axundzadənin “Hacı Qara” kimi uğurlu tamaşalar var. Bu səhnə əsərləri tamaşaçı auditoriyası qazanıb. Bizim də arzumuzdur ki, od-alov içərisindən çıxıb mətinləşmiş cəbhə teatrı kimi xarici ölkələrdə də çıxışlar edək.
   - Deməli, yaradıcı potensialınıza güvənirsiniz.
   - Teatr truppasında müxtəlif yaş qruplarından 20-dən artıq aktyor var. Çalışırıq ki, əsasən bölgənin aktyor potensialından istifadə edək. Səhnə ustaları Vaqif Rəhimov, Şəlalə Nəsirova, Məryəm Məmmədova, Asif Şirinov, Habil Hacıyev, orta nəsil aktyorları Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Günel Hacıyeva, Gülnar Həsənova, Aygün Cəfərova, Elçin Məmmədov, Elçin Bağırov, habelə gənclərimiz birgə yaradıcılıq mühitində çalışırlar.
   - Gənc aktyor və rejissorların əyalətə gedişi bir az çətin məsələyə çevrilib. Yəqin bu problem sizdə də mövcuddur?
   - Düzdür, gənc aktyor və rejissorlar əyalətə getməyə elə də maraq göstərmirlər. Ancaq, səmimi deyim ki, teatrımız gənc aktyorlar sarıdan korluq çəkmir. Bölgə teatrı olmasına baxmayaraq, bu gün teatrımıza gənclərin axını var. Əlbəttə ki, bu da teatrın cəmiyyət içində tutduğu mövqedən və gənclərin teatra olan marağından asılıdır. Eyni zamanda, gənclərin teatra gəlməsini və teatr prosesində daha fəal iştirakını təmin etmək üçün teatr studiyasının açılması xahişi ilə nazirliyə müraciət etmişik. Ümumilikdə, bu gün teatrımızda səmimi, mehriban, sağlam yaradıcılıq ab-havası hökm sürür. Teatrın bütün yaradıcı heyəti fədakarlıq və böyük ruh yüksəkliyi ilə çalışır. Bunun nəticəsidir ki, teatr bütün sahələr üzrə yüksək göstəricilərə nail olur.
   - Cəbhə xəttində yerləşən rayonun teatrını yaşatmaq, müasir teatr prosesinə adaptasiya etmək çətin deyilmi?
   - Füzuli teatrının ikinci həyatı qanlı-qadalı Qarabağ müharibəsi illərinə düşdü. Bütün bu çətinliklərə baxmayaraq teatr öz fəaliyyətini davam etdirdi. Kollektivimiz müharibənin qızğın vaxtlarında belə cəbhə bölgəsinə gedib səngərlərdə, döyüş xətlərində olan əsgərlərimizə dəstək oldu. Demək istərdim ki, artıq, bu, teatrımızda bir ənənə halını alıb. Belə çətinliklərdən çıxmış teatrı yaşatmaq böyük məsuliyyətdir. Çünki çətin dövrlərdə teatrımız həm yaşayıb, həm də yaratmışdır. Təsadüfi deyil ki, teatrımızın beş aktyoru müharibə veteranıdır.
   - Repertuar seçərkən çətinlikləriniz olmur ki? Çünki bu gün müasir dramaturgiyamızın kasadlaşdığını düşünənlər çoxdur.
   - Əlbəttə, yaxşı dramaturqlara böyük ehtiyacımız var. Səhnəmiz müasir, bu günümüzlə səsləşən, zamanın nəbzini tutan dram əsərləri arzusundadır. Ona görə də hələlik repertuarımızda klassik dramaturqların əsərlərinə əsas yer veririk.
   - Bəs tamaşaçı tələbatı əsas etibarilə hansı janradır?
   - Janrın fərqi yoxdur. Əsas odur ki, tamaşaçının marağını nəzərə almağı bacarasan. Çalışırıq ki, hansı janr olsa, tamaşaçının zövqünü oxşasın və onlarda yüksək zövq aşılayan dəyərli səhnə əsəri olsun.
   - Səhnə əsərləri arasında yəqin vətənpərvərlik mövzularına da geniş yer verirsiniz?
   - Vətənpərvərlik həmişə ön planda olmalıdır. Çünki bu mövzu tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanır. Teatrımızın repertuarında vətənpərvərlik mövzusunda əsərlərimiz var. Amma dramaturji nümunələrin azlığı onların repertuarda əks olunmasına da təsir edir.
   - Qonşu bölgələrin və paytaxtın teatrları ilə yaradıcı əlaqələriniz necədir?
   - Qonşu Ağdam teatrı ilə mütəmadi əlaqə saxlayırıq və qarşılıqlı razılaşmaya əsasən təcrübə mübadiləsi məqsədilə görüşlər keçirib, tamaşalar qoyulması planlaşdırılıb. Sumqayıt teatrı çətin günlərdə bizə arxa, dayaq olub. Bakı teatrlarından isə Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı ilə əlaqələrimiz var. Bakıya son qastrol səfərimiz 2010-cu ildə olub. Həmin il milli teatr festivalında S.S.Axundovun “Bəndalı bəndə düşüb” tamaşasını paytaxt sənətsevərlərinə təqdim etmişik.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar