Bir tamaşanın tarixçəsi
   
    
   31 il “Qatarda” yol gələnlər, dayanacaqda düşənlər və gələcəyə gedənlər
   
   ...1981-ci ilin mart ayı. Ramiz Həsənoğlunun 36 yaşı var. O, uğura doğru gedir, uğurun onu tapdığı vaxtlar da az deyil. Budur, üst-üstə yığılmış ssenarilər arasında İsi Məlikzadənin “Böyük adam”ı onu gözləyir. Teleteatr şöbəsinin müdiri, yüksək zövqə və intellektə malik Həbibə xanım “Böyük adam” hekayəsini gənc rejissora təqdim edir. Sonrakı hadisələr qatar sürətilə irəliləyir, qısa vaxt ərzində Ramiz Həsənoğlu “Qatarda” tamaşasını çəkib başa çatdırır. “Böyük adam” “Qatarda” adı ilə yola düşür. O vaxtdan 31 il keçsə də, nə yol bitib tükənir, nə “Qatarda” baş verənlər unudulur...
   
   31 ildən sonra “Qatarda”nın sərnişinləri ilə görüşmək qərarına gəlirəm. Nə yazıq ki, qatardakı sərnişinlər xeyli seyrəlib...
   
   31 il əvvələ qayıdaq...
   
   “Qatarda” televiziya tamaşasının quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğlu 31 il əvvəli belə xatırlayır:
   - Ssenarini əlimə alan kimi aktyorları təyin etdim, iki həftə məşq, iki gün də çəkiliş oldu. Mən deyərdim ki, bu bəlkə də Azərbaycan televiziyasının tarixində ən qısa müddətdə ərsəyə gələn tamaşadır. Təbii ki, o illərdə televiziyanın texniki bazası o qədər də zəngin deyildi, bu əsər müasir mövzuda olduğundan aktyorlar üçün məxsusi kostyumlar hazırlamağa da ehtiyac olmadı. Tamaşanın quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı mərhum İbrahim İbrahimov idi.
   
   Gerçək hadisə və ya bir dəfə qatarda
   
   İsi Məlikzadə dramaturq olmasa da, gözəl yazıçı idi. Bu əsərin yazılmasının da öz tarixçəsi var. Əsərdə Sabit Mirzənin başına gələn hadisə vaxtilə görkəmli aktyorumuz Həsənağa Turabovun başına gəlib. O həmin hadisəni İsi Məlikzadəyə danışıb, o da “Böyük adam” hekayəsini yazıb. Ona görə də mən Sabit Mirzə rolunu əvvəlcə Həsənağa müəllimə təklif etdim. Lakin o vaxt H.Turabov kinoda məşğul idi. Ona görə də bu rola çəkilməyə imkanı olmadı. Təbii ki, bu rolda çox populyar, sevilən bir aktyor çəkilməli idi. O zamanlar Həsən Əbluc həm aktyor, həm qiraət ustası, həm də rejissor kimi sənətə imzasını atmış, tanınmışdı. Bu rolu da məmnuniyyətlə qəbul etdi. Yaşar Nuri Dadaşov, Hamlet Xanızadə Qasım kişi, Nəcəf Nəcəfzadə bələdçi, Məcnun Hacıbəyov Fətulla, Şahin Cəbrayılov Vəzir, Cabbar Cabbarov qatar rəisi, Ələsgər Məmmədoğlu nar satan oğlan rolunu oynadılar. Cabbar Cabbarov əslində aktyor deyildi, teatrın geyim sexinin müdiri idi. Hərdən-birdən tamaşalarda görünürdü. Biz bu tamaşada onu qatar rəisi roluna çəkdik.
   Təəssüf ki, tamaşada çəkilən aktyorların çoxu bu gün həyatda yoxdur. Həyatda qalanlara Allah cansağlığı versin, başda Yaşar Nuri olmaqla. Bu tamaşadan əvvəl də Yaşarın televiziyada uğurlu rolları olub, amma mən deyərdim ki, onlardan ən uğurlusu “Qatarda”dakı Dadaşov roludur. Yadımdadır ki, tamaşanın səhəri günü hamı bir-birini görüb deyirdi: ”Həəəəə...”. Bu Yaşardan gələn bir jest idi. İsi Məlikzadənin həyatdan əsərə gətirdiyi Dadaşov obrazını Yaşar öz rolu ilə yenidən həyata qaytarmışdı. Yaşar, ümumiyyətlə, güclü fantaziyası olan, əsərə lazım olan əlavələr gətirən, obrazı zənginləşdirən, əsərin qayəsinə xidmət edən bir aktyordur. Onunla çox rahat işləyirdik.
   
   Haşiyə: Aydın Talıbzadənin “Ustad və ayna” kitabının “Böyük adam, yəni “Əjdaha” bölümündən: “Bu tamaşa Ramizin teletruppasında aktyor Yaşar Nurinin lider mövqeyini təsdiqləyəcək və möhkəmlədəcək. Sübut eləyəcək ki, Yaşar “universal aktyorlar” sırasına daxil bir sənətçidir”.
   
   - Dadaşov əslində müəllif tərəfindən cəmiyyətin içərisinə daxil edilən bir casusdur. O, kəşfiyyatçı üsulları ilə hər kəsin əməllərini açıb tökə-tökə, hamını yerində oturdurdu. Bircə Sabit Mirzəni yerində oturda bilmir, çünki o sənət adamıdır. Başqa dolanışıq yolu yoxdur, ancaq sənəti ilə çörəkpulu qazanır. Hesab edirəm ki, tamaşanın uğurlarından ən birincisi bu idi ki, tamaşaçı öz ideal qəhrəmanını burada tapmışdı.
   Tamaşanın bir cəhətini də qeyd eləmək istəyirəm: 50 dəqiqəlik tamaşada musiqi yoxdur. Ancaq qatarın təbii səsi, tıqqıltısı eşidilir. Bu tamaşanı çəkəndə artıq Leninqrad Teatr-Musiqi Akademiyasını bitirmişdim və onun bəhrəsini görürdüm. Bu əsəri oxuyan kimi dedim ki, burda musiqi olmayacaq, musiqi bu tamaşada yad görünəcək. Çünki hadisələr həyatın içində baş verirdi.
   O dövrdə, 80-ci illərin əvvəllərində cəmiyyətdə yeni bir ab-hava gözlənilirdi. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri tamaşada bir vaqona yığılmışdı.
   Tamaşanın finalı mübahisəli idi. Əslində Qasım kişi sonda şampan dalınca getməyib, sözünü deyib çıxmalı idi. Televiziyanın rəhbərliyi təkid elədi ki, final dəyişsin. Bu məsələdə müəllif də, yaradıcı heyət də güzəştə getdi.
   Bu tamaşanı çəkəndə heç düşünmürdük ki, illər keçəcək, nəsillər dəyişəcək bu tamaşa yenə də maraq doğuracaq. Taleyimdən çox razıyam ki, elə bir əsəri çəkmək mənə qismət oldu.
   
   Haşiyə: Aydın Talıbzadənin “Ustad və ayna” kitabından: “Bu teletamaşada operator Eldar Məmmədovun kamerası sanki qatardakı həyatın ritminə köklənəcək, sərnişinlərlə birgə silkələnəcək, onlarla bahəm istidən, havasızlıqdan “əziyyət çəkəcək”, personajlarla birlikdə insanların qaba, kobud rəftarından, mənəviyyatsızlığından, əclaflığından dilxor olacaq, amma münasibətlərə müdaxilə etməyəcək, müşahidə məsafəsini pozmayacaq”.
   
   “Operatorun fırçası işıqdır”
   
   “Qatarda” teletamaşasının quruluşçu operatoru, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov:
   - Yadıma gəlir, birinci məşq radiostudiyada oldu. Ramiz müəllim stolarxası məşqə məni də dəvət etmişdi. Ssenarini oxuyub operator qeydlərimi edirdim. Qatarın vaqonu studiyada qurulmalı idi. Elə etməli idik ki, vaqon təbii görünsün, həm də qatarın hərəkəti hiss olunsun. Tamaşaya baxandan sonra çox adamlar sual verirdi ki, o tamaşanı hansı qatarda çəkmisiniz. Ramiz müəllimin dediyi kimi, o vaxtlar televiziyanın texniki bazası zəif idi. İri, ağır kameralarla operatorlar Yusif Yaqubov, Elman Hüseynovla birlikdə işləyirdik. Əslində çox çətin idi. Bəlkə də tamaşaçı onu hiss eləmir, amma bir operator kimi mən orda istədiyim effekti ala bilmədim. Buna baxmayaraq, iki günə çəkilmiş tamaşanın indiyə kimi sevilməsi, təbii ki, bizi də sevindirir.
   Ramiz müəllim söhbətimizə qoşulur:
   - Tamaşada Eldarın çox böyük xidmətləri var. O həm vaqonun içini, həm dəhlizi, həm də qatarın bayır tərəfdən görüntüsünü göstərməli idi. Bunun üçün kinoda hər kadr üçün ayrıca işıq qurulur. Bu mənada orda Eldarın çox böyük çətinlikləri vardı. İşıqla dramaturji məqamları tutmaq lazım idi. Çünki operator rəssamdır. Onun fırçası işıqdır, işıqla lazım olan effektləri tamaşaçıya çatdırır. Texnikanın o dərəcədə inkişaf eləmədiyi bir vaxtda mənə elə gəlir ki, o çətinliklər gözə girmədi. Mənim Leninqradda ustadım olmuş David İsakoviç Karasik deyirdi ki, tamaşadan tər iyi gəlməməlidir. Zəhmət çəkməyin görünməməlidir. Nəticə tamaşaçını inandırmalıdır. Bu mənada Eldarın o əzab-əziyyətini tamaşaçı hiss eləmədi. Eldar o tamaşadan sonra daha böyük tamaşalara imza atdı: “Günahsız Abdulla”, “Topal Teymur”, “Ordan-burdan” və daha neçə-neçə tamaşalar...
   
   Qatarda nar satan oğlan
   
   Nar satan oğlan - Əməkdar artist Ələsgər Məmmədoğlu:
   - O vaxt 35 yaşım vardı. Tamaşada ən balaca rolu oyanırdım. Cəmi iki-üç kəlmə söz desəm də, bu sözlər koloritli, yaddaqalan olduğundan çox yayıldı. İndi də məni görəndə deyirlər ki, nar satan gəlir.
   Tamaşa uğurlu alınmışdı, Ramiz müəllim lazım olan atmosferi yaratmışdı. Tamaşa pavilyonda çəkilsə də, elə bil ki qatarda idik. Bundan başqa, bu ekran əsərində çox böyük aktyorlar oynayırdılar.
   O tamaşadan ən çox yadımda qalan aktyorların oyunu, Ramiz müəllimin onlarla necə işləməyi, necə kadrlar qurmağı idi. Hələ neçə illər də keçəcək, yenə də o tamaşaya baxılacaq, o tamaşa seviləcək, hələ neçə illər nar satan oğlan o qatarda nar satacaq...
   
   Təranə Vahid