“Axundzadə dərsləri” sentyabr ayında davam edəcək

   İyunun 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında “Axundzadə dərsləri”nin növbəti dərsi keçirildi. Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Natiq Rəsulzadə “Dramaturgiyada konfliktin qurulması və janr problemləri” mövzusunda gənc dramaturqlara öz tövsiyələrini və məsləhətlərini verdi. 
   
   Dramaturgiya sahəsinə meyil göstərən gənc istedadları aşkar edib üzə çıxarmaq, yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçirmək, gənc dramaturqların əsərlərini teatrlara təqdim etmək və onların tamaşaya qoyulmasına şərait yaratmaq məqsədilə reallaşan layihə artıq bir ildir ki, davam edir.
   Ötən müddət ərzində dərslərdə görkəmli dramaturqlar, yazıçılar və ssenaristlər - Ramiz Fətəliyev, Əli Əmirli, Milli Akademik Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov və başqaları dramaturgiya mövzusunda maraqlı çıxışlar ediblər.
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov dərslərin son aylardakı fəaliyyətindən danışdı:
   - Bir ildən çoxdur ki, “Axundzadə dərsləri” keçirilir. Biz dramaturgiyada boşluq hiss etdiyimizdən gəncləri bu sahəyə yönəltmək istədik. Çünki Azərbaycan dramaturgiyasının zəngin ənənələri var. Mirzə Fətəli Axundzadədən başlayan bu yolun layiqli davamçıları olub və bu gün də var. Ancaq bu sahədə durğunluq hiss etdik və Teatr Xadimləri İttifaqı buna biganə qala bilməzdi. Çalışdıq ki, bu sahədə gənclərə öz tövsiyəmizi verək. Artıq maraqlı nəticələr əldə etmişik. Gənclərin əsərləri seçilərək Azərbaycan dilindən rus dilinə tərcümə olundu, MDB və Baltikyani ölkələr arasında keçirilən müsabiqəyə göndərildi. Üç əsər almanaxda çap olunub. Təqdimat Moldovanın Kişinyov şəhərində keçirildi və gənc dramaturqlarımızdan ikisi təqdimatda iştirak etdi. Moskva Bədaye Teatrının rejissoru bizim gənc dramaturqlar İsmayılla Natellanın birgə işi olan “Lift” əsərini yüksək qiymətləndirdi. O, qeyd etdi ki, Moskvada öz səhnəsi var və bu əsəri orada tamaşaya qoyacaq.
   Düşünürəm ki, bu layihə davam etməlidir. Çünki teatrın təməli dramaturgiyadır. İnanıram ki, bu gənclər arasından Azərbaycan dramaturgiyasında öz sözlərini deyə biləcək imzalar yetişəcək.
   Yazıçı, kinodramaturq Natiq Rəsulzadə də “Axundov dərsləri” ilə bağlı fikirlərini bizimlə bölüşdü:
   - Azər müəllimin dəvəti ilə ilk dəfədir “Axundzadə dərsləri”ndə iştirak edirəm. Dramaturgiya mürəkkəb, çətin bir sahədir. Adətən, pyeslərin çərçivəsi çox möhkəm olur. O çərçivənin içində işləmək isə hər yazıçının işi deyil. Hazırda Azərbaycanda dramaturqların sayı azdır. Bu boşluğu doldurmaq üçün Teatr Xadimləri İttifaqı böyük bir iş görür. Mən nasirəm, ancaq dramaturgiya sahəsində də təcrübəm var. Ona yaxın pyesim çap olunub, bir pyesim 1999-cu ildə Rus Dram Teatrında tamaşaya qoyulub və on il müddətində oynanılıb. Kinodramaturq kimi işlərim daha çoxdur. Qısametrajlı filmlərlə bir yerdə 20-yə yaxın kinossenarim ekran təcəssümünü tapıb və bir o qədəri də öz ekran həllini gözləyir. Bu gün isə dramaturgiya sahəsindəki təcrübəmi gənclərlə bölüşmək istəyirəm.
   “Axundzadə dərsləri”ndə Natiq Rəsulzadə dramaturgiyadan, bu janrın özünəməxsus xüsusiyyətlərindən, milli və dünya dramaturgiyasının ən qiymətli nümunələrindən söz açdı. Gənclərə tövsiyə etdi ki, istənilən bədii əsəri yazarkən yaradıcı insan ilk növbədə ürəyinin səsinə qulaq asmalı, bəşəri mövzulara müraciət etməlidir. Tanınmış yazıçı maraqlı çıxışını məşhur “Pyes həyat kimi sadə və həyat kimi mürəkkəb olmalıdır” kəlamı ilə bitirdi.
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar