İyunun 23-də “Yuğ” Dövlət Teatrının səhnəsində «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» Milli Teatr Festivalı çərçivəsində ədibin 200 illiyi münasibətilə hazırlanan “Naməlum Axundzadə” tamaşası göstərildi. Təbii ki, teatrın ənənəsinə xas fərqli yanaşma və tərtibatla.
   
   M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri» əsərlərindən hissələri özündə cəmləşdirən tam fərqli yozumlu tamaşa dinamikliyi, maraqlı aktyor ansamblı ilə ilk səhnəsindən diqqəti cəlb etdi. Rejissor hər üç əsərdən götürülən parçalarda Axundzadənin cəhalətə olan neqativ münasibətini qabarıq şəkildə tamaşaçıya çatdırır. Kütlənin kor-koranə inamının, cənnət və cəhənnəm məfhumlarının önə çəkildiyi tamaşa izləyicidə güclü emosional təsir yarada bildi.
   Əsərlərdən bir-birinə keçid aktyorların səhnədə geyiminin dəyişməsi ilə elə məharətlə verilir ki, tamaşaçı başqa hadisənin yaşandığını demək olar ki, hiss etmir.
   Tamaşanın mərkəzində “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri dayanır və bu əsərə daha çox yer ayrılıb. Quruluşda diqqətçəkən obraz dərviş Məstəli şah (Məmməd Səfa) və Şəhrəbanudur (Gülzar Qurbanova). Belə ki, rejissor yazıçının yaratdığı bu obrazları özünəməxsus tərzdə dəyişib. Məstəli şah qadınlara meyil edən kişi kimi canlandırılıb. Şəhrəbanu isə yaraşıqlı bir xanım kimi verilib və tamaşada onların aralarındakı kişi-qadın münasibəti önə çəkilib. Şəhvət və eyni zamanda qorxu hissləri paralel olaraq təqdim edilir.
   “Lənkəran xanının vəziri” əsərindəki Xacə Məsud (Gülzar Qurbanova) obrazı isə səhnələşdirməyə bir qədər şıltaqlıq bəxş edir. Kişi geyimində qadın kimi təsvir edilən Xacə Məsud tamaşada, demək olar ki, danışmır, lakin emosional hərəkətləri ilə obraza fərqlilik gətirir və tamaşaçı diqqətini özünə yönəltməyi bacarır.
   “Hekayəti-Molla İbrahimxəlil kimyagər”də isə insanların işləyən maşın (iksir hazırlayan maşın) kimi bir-biri ilə birləşərək hərəkət etmələri və Molla İbrahimxəlilin (Vidadi Həsənov) ciddi bir obraz kimi verilməsi tamaşaçıda ironiklikdən uzaq inandırıcı münasibət yaradır.
   Tamaşanın rejissoru Gümrah Ömər, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər-Toğrul və Aytən Məmmədovadır.
   Maraqlı aktyor ansamblı ilə yadda qalan tamaşada əməkdar artistlər Məmməd Səfa, Vidadi Həsənov, Gülzar Qurbanova, Fərhad İsrafilov, Sonaxanım Mikayılova, aktyorlar Hikmət Rəhimov, Yaqut Paşazadə və digərləri rol alıb.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar