İyulun 2-də Teatr Xadimləri İttifaqında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elxan Qurbanovun xatirəsinə həsr olunmuş “Tamaşadan əvvəl...” adlı tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə Xalq artisti Ağaxan Salmanlı açdı. Bildirdi ki, anım mərasimi 2011-ci il noyabrın 21-də teatrda, növbəti tamaşanın başlanmasına az qalmış qəfil dünyasını dəyişmiş aktyor Elxan Qurbanovun 60 illiyi ilə əlaqədar keçirilir.
   O, mərhum sənət həmkarının həyatından söz açdı. Qeyd etdi ki, E.Qurbanov 1952-ci il mayın 11-də Bakıda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. Təyinatla bir neçə il N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. 1978-ci ildən isə həyatını Gənc Tamaşaçılar Teatrına bağlayır.
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət Elxan Qurbanovun istedadlı aktyor olduğunu dedi: “Təəssüf ki, aramızdan vaxtsız getdi. O, bu kollektivdə çox rollarda çıxış edib. Maraqlı obrazlar yaradıb. C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” tamaşasında Yüzbaşı Pirverdi bəy, R.Əfəndiyevin “Qonşu qonşu olsa, kor qız ərə gedər” vodevilində Şamil bəy, N.Xəzrinin “Kiçik təpə“ dramında restoran sahibi, Elçinin “Mahmud və Məryəm”ində Qara keşiş və s. yaddaqalan obrazları bu qəbildəndir”.
   Xalq artisti Fuad Poladov çıxış edərək bildirdi ki, Elxan Qurbanovla bir neçə tamaşada tərəf-müqabil olub: “Tamaşada oynadığı rollarda obrazla dil tapmağı bacarırdı. Obraza girə bilirdi. Onunla küçədə tez-tez rastlaşardıq. Hər zaman səliqəli geyərdi, qürurlu insan idi”.
   Daha sonra Elxan Qurbanovun tələbəlik və sənət dostları çıxış edərək onun haqqında ürək sözlərini dedilər.
   
   S.Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar