Milli teatrımızın inkişafında Tiflis Azərbaycan teatrının rolu, burada fəaliyyət göstərmiş bir sıra aktyorlar, o cümlədən ilk addımlarını burada atan, sonradan Azərbaycanın müxtəlif teatrlarının aparıcı aktyoru olmuş, milli kinomuzun iftixarına çevrilmiş sənətkarlar barədə «Mədəniyyət»in oxucularına imkan daxilində məlumat vermişik.
   
   Tiflis teatrının Azərbaycan səhnəsinə verdiyi simalardan biri də tanınmış teatr və kino aktyoru Panfiliya Tanailidi olub. O, bir sıra tamaşalarda Sürəyya Zəngəzurlu (Zəngəzurskaya) adı ilə də çıxış edib.
   Mənbələrdən məlum olur ki, Panfiliya Tanailidi 1891-ci ildə Zəngəzur mahalında doğulub. Onun valideynləri buraya Türkiyədən gəlmişdilər. Ailə daha sonra Tiflisə köçmüşdür.
   Panfiliya Tanailidi pont yunan əsillidir. (Pont yunanları və ya sadəcə pontlular etnik qrupdur. Tarixən Türkiyənin şimal-şərqində yaşamışlar - A.B.) O, türk dilini mükəmməl bilirmiş. Tiflisə köçdükdən sonra rus və gürcü dillərini də öyrənib. Erkən yaşlarından incəsənətə, xüsusən teatra xüsusi həvəs göstərən Panfiliya Tiflis Azərbaycan teatrı truppasının hazırladığı tamaşalarda və müxtəlif tədbirlərdə aktrisa və rəqqasə kimi iştirak edib. Daha sonra o, Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı, Mirzəcan Quliyev, Həbib Köçərlinski, Nadir İbrahimov, Mustafa Mərdanov, Möhsün Sənani və Tiflis Azərbaycan teatrı truppasının digər tanınmış səhnə ustaları ilə birlikdə müxtəlif tamaşalarda çıxış etmişdir.
   Məlumdur ki, ötən əsrin əvvəllərində Azərbaycan teatrında, o cümlədən Tiflis truppasında qadın rollarını kişilər, yaxud başqa millətlərdən olan qadınlar ifa edirdilər. Buna görə də Azərbaycan dilinə mükəmməl yiyələnmiş Panfiliya Tanailidi Tiflis Azərbaycan teatrı üçün böyük tapıntı idi. Mərhum yazıçı-publisist, Tiflis Azərbaycan teatrı ilə bağlı bir sıra araşdırmaların müəllifi Rza Şahvələd yazmışdır ki, səhnədə xanım Tanailidinin azərbaycanlı olmadığını hiss etmək mümkün deyildi.
   Böyük səhnə ustası Hüseyn Ərəblinski 1909-cu ildə Tiflisdə və Batumda qastrolda olmuşdur. Bir ay davam etmiş həmin səfərlərdə onunla birlikdə Bakıdan gəlmiş truppa yerli aktyorların iştirakı ilə «Ağa Məhəmməd şah Qacar»la yanaşı, «Bəxtsiz cavan», «Gaveyi-ahəngər», «Əlmənsur», «Nadir şah», «Zavallı cocuq», «Zorən təbib», «Yəhudilər» tamaşaları göstərilmişdir. Həmin tamaşalarda Panfiliya Tanailidi də iştirak etmişdir.
   O, 1914-cü ildə Hüseyn Ərəblinski ilə daha bir tamaşada tərəf-müqabil olmuşdur. Həmin il Gürcü Əyanları Teatrında Tiflis Azərbaycan teatrının aktyoru Mirzəli Abbasovun hazırladığı «Səd ibn-Vəqqas» (türk dramaturqu Əli Heydər Əmirin əsəri) tamaşası göstərilmişdir. Bu tamaşa barədə professor Əziz Şərif öz xatirələrində maraqlı məlumat vermişdir. Əziz Şərif tamaşa barədə «Zakafkazye» qəzeti üçün resenziya yazmış, lakin həmin vaxt bu qəzetin nəşri dayandırıldığına görə yazdığını çap etdirə bilməmişdir. Alimin öz arxivində saxladığı resenziyadan məlum olur ki, tamaşada Hüseyn Ərəblinski Səd ibn-Vəqqas, Panfiliya Tanailidi isə Fatimə rolunu ifa etmişdir. Resenziyada göstərilir ki, İslam dininin çiçəklənməsi dövründən bəhs edən əsərin tamaşası böyük uğur qazanmış, bütün aktyorlar, o cümlədən Panfiliya Tanailidi «çox gözəl oynamış, Ərəblinskinin səyi sayəsində möhkəm ansambl yaratmışdılar».
   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «1913-cü ildə «Auditoriya»da, Zubalov adına Xalq Evində, Kazyonnı və Gürcü Əyanları Teatrlarında tamaşaların quruluşunu Əbülfət Vəli və Mirzəli Abbasov, bəzən də Sidqi Ruhulla və Mirseyfəddin Kirmanşahlı verirdilər. Tamaşalarda Mirseyfəddin Kirmanşahlı, Əbülfət Vəli, Mirzəli Abbasov, Həbib Köçərli, Əşrəf Yüzbaşov, Əhməd Salahlı, Panfiliya Tanailidi, Mirzəcan Quliyev böyük müvəffəqiyyət qazanır, tamaşaçıları həyəcanlandırır və buna görə də onların sənəti ədəbi mühit tərəfindən yüksək qiymətləndirilirdi».
   Professor Abbas Hacıyev xüsusi olaraq qeyd etmişdir ki, Tiflisdə Azərbaycan Xalq Evi - «Auditoriya» açıldıqdan sonra Tiflis Azərbaycan teatrının tamaşaları musiqinin və tərtibatın dərinliyi, aktyor oyununun təzəlik və orijinallığı ilə fərqlənir, ayrı-ayrı tamaşalar qızğın müzakirə və mübahisəyə səbəb olurdu.
   Araşdırmalardan məlum olur ki, 1912-1913-cü il mövsümündə Tiflis Azərbaycan teatrı 40-dan artıq əsəri tamaşaya qoymuşdur. Bu tamaşalar sırasında «Otello», «Nadir şah», «Ölülər», «Qaçaqlar», «Dağılan tifaq», «Zorən təbib», «Yağışdan çıxdıq, yağmura düşdük», «O olmasın, bu olsun», «Arşın mal alan», «Hacı Qara», «Müfəttiş» və s. məşhur səhnə əsərləri vardı. Həmin tamaşalarda «ağıllı və düşüncəli oyunu ilə rəğbət qazanan, səhnədə canlı bədii surətlər yarada bilən» aktyorlardan biri də Panfiliya Tanailidi olmuşdur.
   Uzun illər Tiflis Azərbaycan teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmiş görkəmli səhnə ustası Mirzəcan Quliyev 1915-ci ildə Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasını hazırlamışdı. Tamaşa eyni vaxtda iki dildə - Azərbaycan və gürcü dillərində oynanılırdı. Bu tamaşada məşhur gürcü dram və komediya ustası Vaso Abaşidze (sonralar Gürcüstanın Xalq artisti adına layiq görülmüşdür) ilə birlikdə onun qızı Taso (Anastasiya) Abaşidze də (sonralar o da Gürcüstanın Xalq artisti adına layiq görülmüşdür) iştirak edirdi. Hər iki aktyor öz rollarını gürcü dilində ifa edirdilər. Digər rollarda isə Mustafa Mərdanov (Sultan bəy), İbrahim İsfahanlı (Əsgər), Nadir İbrahimov (Süleyman) oynamışlar. Müasirlərinin xatirələrindən məlum olur ki, bu tamaşada Panfiliya Tanailidi Telli rolunda çıxış etmiş və onun çıxışı da uğurlu olmuşdur.
   Panfiliya Tanailidi 1916-cı ildə Tiflis Azərbaycan teatr truppasının aktyorları ilə birlikdə İrəvanda qastrol səfərində iştirak etmişdir. Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, İbrahim İsfahanlı, mollanəsrəddinçi şair Əliqulu Qəmküsar, Mustafa Mərdanov və başqa səhnə ustalarından ibarət truppa həmin qastrol zamanı «Gaveyi-ahəngər», «Ölülər», «Arşın mal alan» və «Bəxtsiz cavan» tamaşalarını göstərmişdir.
   Panfiliya Tanailidi həmin truppanın 1917-ci ildə təşkil edilmiş Təbriz, 1919-cu ildə isə İstanbul qastrollarının da iştirakçısı olmuşdur.
   1923-cü ildən Tiflis Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Aleksandr Tuqanov 1924-cü ilin yazında Bakı şəhərinə - Azərbaycan Dövlət Dram Teatrına dəvət edilmiş və yaradıcılıq fəaliyyətini burada davam etdirmişdir. Məhz onun dəvəti ilə 1925-ci ildən etibarən Panfiliya Tanailidi də bu teatrda işləmişdir.
   O, Azərbaycan Dövlət Dram Teatrında Kəblə Fatma («Ölülər»), Emiliya («Otello»), Şamama cadu («Pəri cadu»), Tükəz («Hacı Qara»), Köylü qadın («Topal Teymur»), Marqo («Knyaz»), Tamara («Oqtay Eloğlu»), Böyükxanım («Aydın») və bir sıra başqa obrazlar yaratmış, iki bədii filmə («İsmət» və «Almaz») çəkilmişdir.
   Erkən yaşlarından taleyini Azərbaycan teatrı ilə bağlamış Panfiliya Tanailidi repressiya qurbanı olmuşdur. 1937-ci ildə saxta ittihamla tutulmuş, 1938-ci ildə güllələnmişdir. 1957-ci ildə ona bəraət verilmişdir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru
   
   Fotoşəkillər C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan götürülmüşdür.