Gəncə Dövlət Kukla Teatrı yetişən nəslin maraq və tələbatı ilə ayaqlaşmağa çalışır
   
   Ölkəmizdə fəaliyyət göstərən beş kukla teatrından biri də Gəncə Dövlət Kukla Teatrıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli qərarı ilə yaradılan teatr şəhərin ən gözəl memarlıq obyektlərindən sayılan alman lüteran kilsəsinin binasında yerləşir. XIX əsrin yadigarı olan bina 1885-ci ildə Gəncədə yaşamış almanlar tərəfindən inşa edilib. Teatrın direktoru Bayram Fətəliyev tarixi binada fəaliyyət göstərən kollektivin Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına xidmət etdiyini dedi. Söhbət əsnasında teatrda səhnəyə qoyulan uğurlu tamaşalardan, iştirak etdikləri yerli və beynəlxalq festivallardan söz açan direktor teatr-tamaşaçı münasibətlərinə də toxundu:
   
   - Teatrın fəaliyyəti dövründə 100-ə yaxın tamaşa hazırlanıb. Bu sıradakı uğurlu işlərimizdən xalq nağılları əsasında hazırlanmış “Qız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, N.Gəncəvinin “Gül və zəhər”, “Xeyir və Şər”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, “Meşə çaqqalsız olmaz”, “Əhmədin vəfalı xoruzu”, C.Məmmədquluzadənin “Poçt qutusu”, R.Həsənlinin “Ağca və sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R.Səməndərin “Çətin məsələ”, R.Əlizadənin “Keçəlin toyu”, M.Alimin “Noxudu keçəlin nağılı”, dünya ədəbiyyatı nümunələrindən N.Kassionun “İki dəcəl şirciyəz”, A.S.Puşkinin “Qızıl balıq” tamaşalarını qeyd edə bilərəm.
   Teatrımız 8 nəfərlik aktyor heyəti ilə bu gün də balalarımızın estetik zövqünün formalaşmasına, dünyagörüşünün zənginləşməsinə xidmət edir. Nəzərinizə çatdırım ki, teatrımız yalnız tamaşa hazırlamaqla kifayətlənmir, təqvim boyu müxtəlif bayramların, əlamətdar günlərin qeyd olunmasını da diqqətdə saxlayır. Belə ki, Yeni ilin gəlişi münasibətilə “Karnaval, karnaval”, Novruz bayramı ilə əlaqədar “Novruz gəlir, yaz gəlir”, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə “Dünyanı uşaqlara verək”, məktəblilərin payız tətili günlərində onların asudə vaxtının maraqlı və səmərəli keçməsi üçün “Ən yaxşı uşaq tamaşalarına baxış” devizi altında silsilə tamaşalar nümayiş etdiririk.
    - Bayram müəllim, teatrın uğurlu fəaliyyətini şərtləndirən amillərdən biri də onun iştirak etdiyi festivallar, əldə etdiyi nailiyyətlərdir. Bu mənada Gəncə teatrının hansı uğurlarını sadalaya bilərsiniz?

Bayram Fətəliyev

   - Teatrımız bir çox beynəlxalq festivallarda uğurla iştirak edib. Bu sırada 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən Şərq xalqları kukla teatrları festivalını, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində təşkil olunan beynəlxalq kukla teatrları festivalını qeyd etmək istərdim. Bundan əlavə, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində düzənlənən ənənəvi kukla və kölgə oyunları festivalının da iştirakçısı olmuşuq. 2004-cü ildə keçirilən 10-cu Beynəlxalq Bursa Qaragöz kukla və kölgə oyunları festivalında da uğurla təmsil olunmuşuq. 2005-ci ildə “Sehrli pərdə» uşaq tamaşaları festivalının (Bolqarıstan) və «Milli klassiklər kukla teatrlarının səhnəsində” (Ukrayna) teatr tədbirinin fəal iştirakçısı olmuşuq. 2008-ci ildə “Keçəlin toyu” tamaşası ilə Ukrayna, 2009-cu ildə isə “Artıq tamah baş yarar” əsəri ilə Bolqarıstanda çıxış etmişik.
   - Sadaladığınız bu festivallardan əldə etdiyiniz təcrübənin yəqin ki, yaradıcılıq fəaliyyətinizdə sizə müəyyən köməyi olub.
   - Sözsüz ki, bu festivallar teatrımıza yaradıcılıq baxımından xeyli təcrübə qazandırdı. Ümumilikdə, hər bir tədbir müəyyən mənada görüb-götürmək, yeni nə isə öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu mənada ötən il paytaxtımızda təşkil olunan beynəlxalq kukla teatrları festivalını xüsusilə qeyd etmək istərdim. Bu tədbir Azərbaycanı zəngin ənənələrə malik teatr ölkəsi kimi, həm də kukla teatrları məkanı kimi göstərə bildi. Bu teatr bayramlarında biz başqa ölkələrin kukla tamaşalarına baxaraq onlarda gördüyümüz yenilikləri əxz etməyə çalışırıq. Xarici ölkə teatrları ilə tanışlığımız həm kollektivin inkişafına müsbət təsir göstərir, həm də teatrın yaradıcılıq potensialını artırır.
   - Teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktor isə təbii ki, onun tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır...
   - Təbii ki, hər bir teatr sabit tamaşaçı auditoriyası qazanmaq üçün özünün repertuar siyasətinə daim diqqət yetirməlidir. Bizim teatrın repertuar planı əsasən yerli klassik və xarici ölkə müəlliflərinin əsərlərinə əsaslanır.
   - Bəs rejissura məsələsi necədir? Teatrınızın 8 nəfərlik aktyor truppasını bir rejissora həvalə etmək, onun təxəyyülünün öhdəsinə buraxmaq nə nəticə verir?
   - İndi bir çox teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar hazırlamaq üçün xarici ölkələrdən teatr mütəxəssisləri dəvət edirlər. Bu, çox vacibdir. Teatrın yaradıcılıq səviyyəsini artırmaq üçün daim axtarışda olmaq gərəkdir. Bu baxımdan biz də tək-tək hallarda olsa da, digər teatrlardan rejissor dəvət edirik. Amma hələlik tamaşa hazırlamaq üçün başqa ölkələrdən mütəxəssis dəvət etməmişik. Ümumilikdə götürsək, sırf kukla teatrı üçün rejissor və aktyor baxımından müəyyən qayğılarımız var. Xüsusilə kukla teatrı üçün aktyor tapmaq çətindir.
   - Xaricdən mütəxəssis dəvət olunması həm də təcrübə mübadiləsinə, teatrlarımızın dünya teatr aləminə inteqrasiyasına zəmin yaradır...
   - Sözsüz ki, bu da çox mühüm amildir. Ümumiyyətlə, uğurlu mübadiləni şərtləndirən bir çox faktorlar vardır və bunların da əsasını işin maddi tərəfi təşkil edir. Yəni teatrların maliyyə imkanları nə qədər geniş olarsa, yaxın-uzaq əlaqələr də daha sıx olar.
   - Bəs ölkəmizdəki digər kukla teatrları ilə necə, yaradıcı əlaqələriniz varmı?
   - Gəncə Dövlət Kukla Teatrı Bakı, Salyan, Qax kukla teatrları ilə əlaqələr saxlayır.
   Respublika festivallarında, digər mədəniyyət tədbirlərində görüşür, ünsiyyət yaradır, yeniliklərlə tanış oluruq. Onu da qeyd edim ki, teatrımız Gəncə şəhərindən savayı, ətraf rayon və kəndlərdə də tamaşalar göstərir.
   - Teatrlarımızın beynəlxalq arenaya çıxışı milli səhnə sənətimizin özünəməxsusluğunu, inkişafını nümayiş etdirmək üçün də imkan yaradır. Bu məqamı siz də diqqətdə saxlayırsınızmı?

   - Teatrımız Ukraynada keçirilən festivalda məhz «milli adət-ənənələrin qorunub saxlanılması» nominasiyasında diploma layiq görülmüşdü. Yəni biz Azərbaycan teatrının özünəməxsusluğunu qoruyub saxlamağa çalışırıq. Düşünürəm ki, hər xalqın özünün teatr ənənəsi, siması var və xalq öz fərqliliyini həm də bu vasitə ilə göstərə bilər.
   - Bəs texniki elementlər, vizuallıq baxımından necə?
   - Hər hansı tamaşanın hazırlanması üçün güclü rejissor təxəyyülü nə qədər vacibdirsə, işıq və səs effektləri də bir o qədər əhəmiyyətlidir. Texniki səviyyə həddindən aşağı olarsa, yüksək yaradıcılıqdan danışmağa dəyməz.
   - Uşaqların teatra, incəsənətə alışdırılması həm də teatral tamaşaçı yetişdirmək deməkdir. Balacalarda teatra maraq görürsünüzmü?
    - Uşaqlar həmişə teatra maraq göstərir, onu sevirlər. Bu əvvəllər də belə idi, indi də. Sadəcə, gərək valideynlər bu sahədə maraqlı olsunlar, onlarda teatra həvəs yaratsınlar.
   Digər tərəfdən, uşaqların teatra marağını artırmaq üçün mütəmadi olaraq uşaq müəssisələri ilə əlaqə saxlamaq lazımdır. Uşağa onun başa düşəcəyi tərzdə demək və göstərmək gərəkdir. Çox təəssüf ki, bəzi texniki səbəblərə görə bu gün tamaşalarımız azyaşlı tamaşaçılarımızı tam qane edə bilmir. Bu gün ötən dövrlərlə müqayisədə uşaqların teatra münasibətində dəyişiklik hiss olunur. Texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqların intellektual səviyyəsi də yüksəlir, tələbi artır. Teatrda uşağa elə tamaşalar göstərməlisən ki, yaxşı mənada, onu təəccübləndirə biləsən.
    - Repertuardan danışarkən uşaq ədəbiyyatının son durumu istər-istəməz göz önündə canlanır. Günümüzün uşaq ədəbiyyatını siz necə qiymətləndirirsiniz?
   - Bu sahədə bizim də qayğılarımız var. Biz repertuar tərtib edərkən müəyyən çətinlik çəkirik. İndi uşaqlar üçün yazan müəlliflərimiz olduqca azdır. Ona görə də biz daha çox klassikaya müraciət edirik. Elə sonuncu hazırlanmış tamaşamız da klassik nümunə, M.F.Axunzadənin “Hekayəti-xırs-quldurbasan” əsəri olub.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar