Kollektiv Belarusda keçiriləcək festivalda ölkəmizi təmsil edəcək
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümə start verib. Bu münasibətlə sentyabrın 1-də teatrda keçirilən toplantıda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edib.
   
    Nazir müavini Azərbaycan milli dünyəvi peşəkar teatrının 140, Dövlət Gənc Tamaşaçılar Teatrının isə 85-ci mövsümə qədəm qoyması münasibətilə yaradıcı heyəti təbrik edib. Qeyd olunub ki, sənət ocağının Azərbaycan teatrının inkişafında özünəməxsus yeri var. Teatr tariximizə görkəmli korifeylərin adlarını yazan bu mədəniyyət müəssisəsi yarandığı gündən repertuar siyasəti, səhnələşdirdiyi əsərləri ilə maraq doğurub, fərqliliyini qoruyub saxlaya bilib.
   Son illər ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı fərman və sərəncamların böyük əhəmiyyət daşıdığını deyən Ə.Vəliyev qeyd edib ki, bütün bu tarixi sənədlər ölkədə fəaliyyət göstərən teatr-tamaşa müəssisələrində təmir və bərpa işlərinin həyata keçirilməsi, onların yüksək səviyyəli maddi-texniki baza ilə təchiz olunması, səhnələşdirilən tamaşaların beynəlxalq arenada uğur qazanması, teatr tariximiz haqqında nəşrlərin hazırlanması, teatr kollektivlərinin beynəlxalq festivallarda çıxışı və Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasını təmin etmək məqsədi daşıyır: “Bir il ərzində ölkə teatrlarında 109 tamaşa təhvil verilirsə, bunlardan 50-si dövlət sifarişli, qalan 59-u isə teatrların daxili imkanları ilə ərsəyə gəlir. Bu əvvəlki illərlə nisbətdə olduqca böyük rəqəmdir”.
   Noyabrın 5-dən 7-dək Bakıda keçiriləcək II Beynəlxalq teatr konfransının əhəmiyyətindən danışan nazir müavini vurğulayıb ki, belə tədbirlər təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə həyata keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı beynəlxalq teatr konfransı təcrübə mübadiləsi zəminində olduqca uğurlu olub.
   Daha sonra Ədalət Vəliyev ömrünü teatr sənətinə həsr edən və bu yolda böyük uğurlara imza atan teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar Əməkdar incəsənət xadimi Bəhram Osmanovla əvəz olunduğunu diqqətə çatdırıb. C.Səlimovaya Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı təqdim edilib. Qeyd olunub ki, Xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək.
   
   Teatr festivala “Don Rafael trombonçu” tamaşasını aparır
   
   Sentyabrın 7-dən 14-dək Gənc Tamaşaçılar Teatrı Belarusda keçiriləcək XVII “Belaya Veja-2012. Klassika Plus” (“Ağ qala”) festivalında iştirak edəcək. Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, bu festivala dəvət olunur.
   Mövsümün ilk beynəlxalq festivalına yaradıcı kollektiv teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Kollektiv festivalda İtaliya dramaturqu Peppino de Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada, rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
   “Belaya Veja” 1996-cı ildən keçirilir. Adlı-sanlı rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə gənc istedadlar üçün Brest festivalı öz ən yaxşı əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır. Budəfəki festival çərçivəsində dünyanın 11 ölkəsini təmsil edən 26 teatr kollektivi Azərbaycan, Belarus, rus, polyak, Ukrayna və başqa dillərdə (rus dilinə tərcümə ilə) klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcəklər.
   Teatrın direktoru Mübariz Həmidov səfərlə bağlı bunları söylədi: “Artıq üçüncü dəfədir ki, biz bu festivalda iştirak edirik. Səfərimiz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək. Festivalda təqdim edəcəyimiz “Don Rafael Trambonçu” tamaşası tragikomediya janrındadır. Çox maraqlı bir tamaşa alınıb. İnanıram ki, kollektivimizin çıxışı bəyəniləcək. Sentyabrın 10-u, festivalın 4-cü günü tamaşamızı təqdim edəcəyik. İnşallah güman edirəm ki, əsər maraqla qarşılanacaq. Əvvəlki illərə nisbətən ilbəil festivala qatılan ölkələrin sayı artmaqda davam edir. Ölkələrin sayı artdıqca rəqabət də güclü olur”. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar