Peşəkar Azərbaycan teatrının 140-cı mövsümü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin tamaşası ilə başlayacaq
   
   Sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasim keçiriləcək. 
   Yarandığı 1873-cü ildən bu günə kimi zəngin inkişaf yolu keçmiş, hazırda özünün mühüm tarixi dövrünü yaşayan professional Azərbaycan teatrı 140-cı mövsümünə qədəm qoyur. Hər il respublikamızda yeni teatr mövsümünün açılışı böyük təntənə ilə qeyd olunur. Artıq ənənəyə çevrilmiş bu tədbir ölkəmizdə teatr sənətinin təbliğinə, tamaşaçı auditoriyasının genişlənməsinə xidmət edir.
   
   “Lənkəran xanının vəziri” ilə başlanan yol davam edir
   
   Mövsümün açılışı münasibətilə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” respublika bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılacaq və ədibin “Lənkəran xanının vəziri” əsərinin tamaşası göstəriləcək. Xatırladaq ki, 1873-cü ilin 10 martında Azərbaycan peşəkar milli teatrı ölməz sənətkarın məhz bu komediyası ilə pərdələrini açıb.
   Teatrın foyesində böyük dramaturqun yubileyinə həsr olunmuş sərginin nümayiş olunması da nəzərdə tutulur.
   
   “Yuğ” yeni mövsümü “Naməlum Axundzadə” tamaşası ilə açacaq
   
   “Yuğ” Dövlət Teatrı yeni mövsümü sentyabrın 22-də “Naməlum Axundzadə” tamaşası ilə açacaq. Tamaşaya rejissor Gümrah Ömərov quruluş verib. Teatrın direktoru Tərlan Rəsulovun bildirdiyinə görə, sentyabr ayında rejissor Ruslan Şöhrətoğlunun quruluşunda “Tabu” əsəri də tamaşaçılara təqdim olunacaq: “Hazırda yeni əsər üzərində məşqlər gedir. Dövlət sifarişi ilə Adolfo Bioy Kasaresin hekayəsi əsasında “Qəbir qazma üsulu” tamaşası hazırlanır. Tamaşanın rejissoru Gümrah Ömərovdur. “Yuğ” teatrının üslubuna uyğun quruluşda hazırlanan səhnə əsərinin ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. Rejissor Mikayıl Mikayılov yapon yazıçısı Rünöske Aqutavanın hekayəsi əsasında ”Kuan” tamaşasını səhnələşdirir”.
   Direktor teatrın nəzdində fəaliyyət göstərən “Yaradıcı təşəbbüslər mərkəzi” haqqında da məlumat verdi: “Gənclərin inkişafı üçün yaradılan mərkəzdə mütəmadi olaraq təlim və seminarlar keçirilir. Bu təlimlərə həm yerli, həmçinin xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Yeni mövsümdə teatr dramaturgiyası ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu sahəyə istedadlı gənclərin gəlməsi vacibdir”. “Yaradıcı təşəbbüslər mərkəzi”nə universitet tələbələri, gənclər cəlb olunur.
   
   Musiqili Komediya Teatrının 103-cü mövsümü
   
   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 103-cü mövsümünə sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının tamaşası ilə başlayacaq. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur.
   Teatrın yaradıcı kollektivi sentyabrda sənətsevərlərə “Yeddi məhbusə anası”, “Hərənin öz ulduzu”, “Evlənmə”, “Amerikalı kürəkən”, ”Qısqanc ürəklər” tamaşalarını da təqdim edəcək.
   
   Şuşa teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
   
   Azərbaycanın ən qədim teatr kollektivlərindən olan və hazırda məcburi köçkün həyatı yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrının 139-cu mövsümünün ilk tamaşası böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəridir. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
   Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimov, rəqslərin quruluşçusu Pedram Nazaradl, rejissor assistent Əməkdar artist İqrar Salamovdur. Səhnə əsərində əsas rolları əməkdar artistlər İqrar Salamov, Şükufə Musayeva, artistlərdən Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Mətanət Eres, Azad Məmmədov, Nazir Rüstəmov və başqaları oynayırlar.
   
   Pantomima Teatrında “Şərhsiz”
   
   Pantomima Teatrı mövsümü sentyabrın 22-də “No comment” (“Şərhsiz”) tamaşası ilə açacaq. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artist Nargilə Qəribova, aktyorlar Elnur İsmayılzadə, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Nurlan Rüstəmov oynayır.
   Kollektiv sentyabr ayında həmçinin teatrda “Pantomim buketi”, “Adsız”, “Dəli Domrul” tamaşalarını təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar