Azərbaycanın qocaman sənət ocaqlarından biri olan Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünün açılışında böyük dramaturq M.F.Axundzadənin yaradıcılığına müraciət edib.
   
   Teatr sentyabrın 22-də tamaşaçılara ədibin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim edəcək. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Leyli Vəliyeva, Elnur Hüseynov və başqaları iştirak edəcəklər.
   Həmin gün səhər saatlarında isə kiçikyaşlı teatrsevərlər rejissor Nicat Kazımovun hazırladığı “Rəvayəti-Şahzadeyi-Xəzər” tamaşasının premyerasına baxa biləcəklər.
   Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizimlə söhbətində bildirdi ki, kollektiv yeni mövsümə sənətsevərlərə yeni layihələr təqdim edəcək: “Xalq artisti Cənnət Səlimovanın quruluşunda yazıçı Dilsuz Mustafayevin “Əlincə qalası” pyesi təqdim olunacaq. Firuz Mustafanın “Pələn ili” əsəri üzərində rejissor Ağalar İdrisoğlu ilə birgə çalışmalar davam edir. İlin sonuna qədər hər iki tamaşanın təhvil verilməsi nəzərdə tutulub”.
   Teatrda uşaqlar üçün də maraqlı tamaşalar oynanılır. B.Osmanov bildirdi ki, “Çəkməli pişik” və “Qaraca qız” tamaşalarında dəyişikliklər nəzərdə tutulub: “Çəkməli pişik” tamaşasının rejissoru Nicat Kazımovla belə qərara gəlmişik ki, bəzi aktyorlar dəyişilsin, bu da aktyorların yaşı ilə bağlıdır. “Qaraca qız” tamaşası da yeni heyətlə, quruluş və ideya baxımından fərqli şəkildə yenidən hazırlanacaq”.
   2013-cü ildə Azərbaycan peşəkar teatrının yaranmasının 140 illiyi və Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 illiyi teatrda təntənəli şəkildə qeyd olunacaq.
   
   “Çardaq” səhnəsi teatrda
   təcrübə məkanı olacaq
   
   Gənc Tamaşaçılar Teatrının rəhbərliyi kollektivdə aktyor heyətinin çox olmasını nəzərə alaraq “Çardaq” səhnəsi yaratmağı qərara alıb. Yaradıcı heyətin potensialını üzə çıxarmaq üçün təşkil olunacaq yeni səhnə gələn il istifadəyə veriləcək. Baş rejissor bildirdi ki, artıq rəssamlarla danışıqlar aparılıb, təqdim olunan eskizlərdən münasib olan seçilərək işə başlanılacaq: “Martın 10-da, teatrın yubileyi ərəfəsində “Çardaq” səhnəsində ilk tamaşa nümayiş olunacaq. Bu həm tamaşaçılara, həm də özümüzə yubiley töhfəmizdir”.
   “Çardaq” səhnəsi yeni rejissor, dramaturq, bəstəkar, rəssam yetişdirmək üçün münasib təcrübə məkanı olacaq. Burada mono və kamera tamaşaları oynanılacaq və ilkin mərhələ üçün 50 tamaşaçı üçün nəzərdə tutulmuş zal olacaq. Böyük səhnədə eksperiment aparmağın bəzən mümkünsüz olduğunu bildirən B.Osmanov kiçik səhnəni aktyor üçün də uğurlu hesab edir. Bu, bir növ üslub axtarışına imkan verir. Qeyd edək ki, “Çardaq” səhnəsində yaşından asılı olmayaraq, teatrın yaradıcı heyəti öz bacarığını ortaya qoya bilər.
   Bəhram Osmanov teatrda həyata keçirilən beynəlxalq layihələrdən də danışdı: “Bildiyiniz kimi, Gənc Tamaşaçılar Teatrı Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının - ASSİTEJ-nin üzvüdür. Rejissor İvitsa Simiç bu qurumun baş katibidir. Noyabr ayında Bakıda keçiriləcək İkinci Beynəlxalq Teatr Konfransında o, burada olacaq, bizim kollektivlə görüşəcək və gələn ilin yanvar ayında birgə işə başlayacağıq. O, teatrda “Buratino” tamaşasını səhnələşdirəcək. Bundan başqa, əslən kolumbiyalı, lakin hazırda İspaniyada yaşayan tanınmış teatr rejissoru Alexandro Qonzales Puçho ilə danışıqlar gedir. Teatr rəssamlarının, baletmeysterlərin də dəvət olunması nəzərdə tutulub. Dəvət olunan sənət adamları ilə ustad dərslərinin keçirilməsi planlaşdırılır”.
   Gələn ilin repertuarının hələlik təsdiqlənmədiyini bildirən Bəhram Osmanov teatrın rejissorları ilə görüşdüyünü və hər kəsin quruluş vermək istədiyi əsəri noyabrın 20-dək təqdim edə biləcəyini dedi: “Ümumilikdə gələn il müasir zamanla ayaqlaşan tamaşalara daha çox üstünlük veriləcək. Müstəqilliyimiz azad fikrə, azad düşüncəyə imkan verir. Cənab Prezidentin imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" teatrların inkişafı üçün geniş imkanlar açır. Biz də bundan bəhrələnməliyik”.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar