Musiqili teatrımızın görkəmli sənətkarı, ilk ali təhsilli musiqili komediya rejissorumuz Soltan Baba oğlu Dadaşov 1906-cı ildə Bakıda anadan olub. O, əvvəl molla yanında ibtidai dini təhsil alır. Yazıb-oxumağa həvəsi atasının diqqətindən yayınmır. Onu rus-tatar məktəbinə qoyur.
   
    Məktəbdə əlaçı olan Soltan müəllimlərin sevimlisinə çevrilir. Sonra təhsilini realnı məktəbdə davam etdirir. Məktəbdə keçirilən şənliklərdə fəallıq göstərir. Klassik şairlərimizin ədəbi irsini dərindən mənimsəyir. Qiraət ustası kimi tanınır. Dram dərnəyi yaradır. Şagird yoldaşları ilə Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun əsərlərindən parçalar seçib tamaşalar hazırlayır. Özü də səhnədə həvəskar aktyor-ifaçı kimi çıxışlar edir.
   1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı “Mərkəzi fəhlə klubu”nun dram dərnəyinin ən fəal üzvü olur. Təbliğat və təşviqat briqadalarının tərkibində Azərbaycanın əksər rayonlarında olur. 1923-cü ildə milli səhnə mədəniyyətimizi ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılır. Soltan Dadaşov məktəbin ilk məzunlarından biri olur. Eyni zamanda 1924-cü ildə Milli Dram Teatrının yardımçı heyətində aktyorluq edir. Bakı Teatr Məktəbini əla qiymətlərlə başa vurur. Onun həssas musiqi duyumu və Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdləri yüksək qiymətləndirilir. O həm də rus dilini yaxşı bilirdi. Bu fərdi keyfiyyətləri nəzərə alınır və sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə 1927-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya göndərilir. Mərkəzi Teatr Texnikumunda dörd il oxuyur, Aleksey Popov, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət dərsi alır.
   1931-ci ildə təhsilini başa vurub musiqili teatr rejissoru kimi Bakıya qayıdır. Opera Teatrında quruluşçu rejissor kimi işə düzəlir. O, teatrda çalışan ilk peşəkar və ali təhsil almış azərbaycanlı rejissor idi. Soltan Dadaşov cəsarətli, novator rejissor olub, onun klassik muğam operalarımıza, operettalarımıza verdiyi quruluşlar hər zaman zəngin milli koloriti ilə seçilib. “Əsli və Kərəm” operasına monumental səpgili, lirik-romantik ruhda quruluşu birinci dəfə Soltan Dadaşov verib.
   Teatrda 38 illik rejissorluğu dövründə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə quruluşda), Müslüm Maqomayevin “Nərgiz”, “Şah İsmayıl” (bir neçə quruluşda), Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (iki quruluşda), Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən” (balet), Rujero Leonkovallonun “Məzhəkəçilər” əsərlərinə quruluş verir.
   Aşqabad Dövlət Azərbaycan Teatrı fəaliyyət göstərdiyi vaxtlarda S.Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilir. Orada 1938-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoyur.
   Həmin il Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə onun quruluş verdiyi “Arşın mal alan” operettası böyük uğur qazanır. Bundan sonra Bakıda müstəqil musiqili komediya teatrı açılır. Teatrın ilk işi kimi Zülfüqar Hacıbəyovun “Evliykən subay” operettası seçilir. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırılır. Əsərin ilk tamaşası 1938-ci il mayın 30-da “Rote Fane” (indiki “Nizami”) parkının yay salonunda göstərilir. Tamaşada əsas rolları Məmmədli Vəlixanlı (Kərbəlayı Hacı), Münəvvər Kələntərli (Pərzad), Əhməd Qəmərli (Xosrov bəy), İbrahim Şünasi (Məşədi Səfi), Heydər Məlikov (Muxtar bəy) oynayır.
   Soltan Dadaşov 1941-ci il mayın 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını hazırlayır. Filarmoniyada göstərilən tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini böyük ustalıqla səhnədə təcəssüm etdirib. 1945-ci ildə Bakıda ilk dəfə Azərbaycan sirki yaradılır. Bu dəfə də rejissorluq işi Soltan Dadaşova tapşırılır. Onun rejissorluğu proqramlara milli “zorxana”, “qaravəlli”, “hoqqa” oyun estetikalarının prinsip və formalarını gətirir. Sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxış edib. 1967-ci ildə Soltan Dadaşov sirk proqramında folklorumuzun bütün estetik gözəlliklərini təcəssüm etdirən xüsusi “Novruz” proqramı hazırlayır.
   Onun rejissorluğu ilə Rusiyanın Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.Çistyakovanın “Şahid Sulak” (1960) pyesi tamaşaya hazırlanır. O həmçinin Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii xüsusiyyətlərini və satirasının ictimai mahiyyətini əks etdirən “Keçmişin məişət səhnələri” adlı librettonun müəllifidir. Bəstəkar Vasif Adıgözəlov həmin əsərə musiqili komediya bəstələyir. Əsər 1962-ci ilin mayında rejissor Əliheydər Ələkbərovun quruluşunda Musiqili Komediya Teatrında tamaşaya qoyulur.
   Görkəmli musiqili teatr rejissoru pedaqoji fəaliyyətlə də məşğul olub. Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixindən, görkəmli sənətkarların yaradıcılıq yolundan bəhs edən “Azərbaycan Dövlət Opera və Balet Teatrı” adlı kitab və Xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiya yazıb. Filarmoniyanın mahnı və rəqs ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlayıb.
   Sənətkarın əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə görə 1940-cı ildə Əməkdar incəsənət xadimi və 1958-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Ali təhsil görmüş ilk milli musiqili teatr rejissorumuz Soltan Dadaşov 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar