Repertuar seçimində tamaşaçı zövqünə, ziyalı tənqidinə diqqət verən Mingəçevir Dövlət Dram Teatrı 44-cü mövsümünü gənc rejissor İradə Gözəlovanın ərəb xalq nağılı əsasında hazırladığı “Min bir gecə” tamaşası ilə açdı.
   
   Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovun sözlərinə görə, kollektiv “Min bir gecə” tamaşası ilə beynəlxalq festivallarda da iştirak etməyi planlaşdırır.
   Yeni mövsümdə Xalq artisti Zülfüqar Abbasovun “Ön xətdə mühakimə” adlı tamaşası isə sənətsevərlərin vətənpərvərlik, humanizm hislərinə hakim kəsiləcək. Səhnə əsərində bir çox obrazların ifaçıları teatrın nəzdində yaradılmış “İnam” studiyasının üzvləridir. Kollektiv süjet xətti zamanın tələbi ilə səsləşən bu tamaşa ilə yaxın bölgələrə qastrol səfərinə də çıxmağa hazırlaşır.
   Bu mövsümdə həmçinin rejissor Sərvər Əliyevin quruluşunda Rafiq Rəhimlinin “Gizli məhəbbət” adlı tamaşası da teatrsevərlərə təqdim ediləcək. Uşaq ədəbiyyatının sevilən nümunələrindən olan A.Şaiqin “Tiq-tiq xanım” nağılı isə rejissor A.Samanlı tərəfindən səhnələşdiriləcək. Yerli yazarlardan Ə.Əsgərovun “İnsan tək deyil” adlı pyesi isə plandankənar tamaşa kimi hazırlanacaq.
   Mövsümün açılışı münasibətilə düzənlənən mərasimə Ağdam Dövlət Dram Teatrından da qonaqlar gəlmişdi. Teatrın repertuarında olan tamaşalardan parçalar, Bakıdan dəvət edilmiş müğənnilər və maraqlı rəqs nömrələri tədbirə xüsusi rəng qatdı. Gözoxşayan səhnə tərtibatı ilə seçilən mərasim tamaşaçıların alqışı və bayram atəşfəşanlığı ilə yekunlaşdı.
   
   Esmira Hacıyeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar