Cakkomo Puççininin «Canni Skikki» operası ilk dəfə bizim səhnədədir. Opera və Balet Teatrında tamaşaya qoyulan operanın musiqisi çox dinamik, temporitmi yüksək olmaqla yanaşı, librettonun (Coakino Forzano) süjeti də bir o qədər məzəli, dinamik və maraqlıdır. Deyilənlərə görə, bu əhvalat real həyatda baş vermişdir. Qəhrəmanın kələklə varlanması. Bəs kələk nədir?
   
   Zəngin zadəgan Buozo Donati vəfat edib. Qohumlar yığışıb canfəşanlıqla ağlaşır, fəryad edirlər. Elə bu zaman məlum olur ki, bu qədər ağlamağına dəyməzmiş. Mərhum öz varidatını monastıra vəsiyyət edib. Qohumlar həşirlə o lənətə gəlmiş vəsiyyətnaməni axtarırlar. Tapıb oxuyurlar və bu qədər ümidi puç etmiş Buozonu rahat buraxmaq istəmirlər. Qərara gəlirlər ki, məşhur fırıldaqçı, kələkbaz kəndlini - Canni Skikkini çağırsınlar. O, gəlsin və bu vəsiyyətnamə əhvalatına bir əncam çəksin. Axı bu qədər varidatı keşişlərə, rahibələrə vermək axmaqlıqdır.
   Canni gəlir. Ən gülməlisi buradan başlayır. O, vəsiyyətnaməni və ölünü gizləməyi təklif edir. Əgər adam ölübsə və axmaqlıq edib varidatını monastıra vəsiyyət edibsə, bu səhvi düzəltmək lazımdır. Canni özü ölünün yerinə uzanıb notariusu çağırtdırır və yeni vəsiyyətnamə tərtib edir. Ölünün yerində olasan və varidatı bu ikiüzlü, yaltaq qohumlara vəsiyyət edərsənmi? Əlbəttə yox! Canni də etmir. O, ölünün adından bütün varidatı özünə - Canni Skikkiyə vəsiyyət edir.
   Əminəm ki, bu vəsiyyətnamənin mətni aktyorların göstərə bildiyindən də artıq gülməli nüanslarla boldur.
   Canni burada, varlı ölü burada, vəsiyyətnamə ortada. Onda bu yaltaq, vəsiyyətnamə davasına yığışan qohumlar burda nə gəzirlər? Canni onları qovur. Qızına və onun sevgilisinə baxıb onların yeni həyatı haqqında xoş fikirlərə dalır. Əlbəttə, ən düzü budur. Yoxsa yaltaq qohumların bu var-dövlətdə nə haqqı var? Canni isə bu var-dövləti qızı Laurettaya (İnarə Babayeva) və onun sevgilisi Rinuççoya (Fərid Əliyev) sərf edəcək. Belə daha ədalətli deyilmi?
   Canni zəngin və xoşbəxt olmağın dalınca getməkdə olsun, sizə aktyorlardan xəbər verək. Opera və Balet Teatrının aktyorları ifaları ilə öz qəhrəmanlarını bütövləşdirə bilmişdilər. Səs, üz və bədən ifadəsinin mükəmməl uyğunluğu xarakteri bütün çalarlarıyla təqdim edirdi. Burada “təqdimat” sözü önəmlidir. Çünki aktyorlar öz ifalarına yüngülcə bir illüstrativ karikatura havası vermişdilər. Bu da əhvalatın məzmunundan irəli gəlir.
   Baş qəhrəmanı - Canni Skikkini canlandıran Anton Ferştandtın oyunu xüsusilə seçilirdi. O həm komik məqamları, həm də dramatik səhnələri mükəmməl ifa etdi. Öz bariton səsinin ən müxtəlif çalarlarını istifadə etmək, həm də yerində istifadə etmək opera ifaçısının uğurudur.
   Tamaşada romantik ifa tərzi tələb edən obrazı - Laurettanı oynayan İnarə Babayeva isə tamaşaçıları öz soprano səsi ilə heyran etdi. Qohumları oynayan Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova, Əkrəm Poladov, Notarius - Əli Əsgərov müxtəlif xarakterlər və gözəl xarakterik səslər təqdim etdilər. Həmçinin geyimlər, rənglər ustalıqla və qəhrəmanların xarakterinə uyğun seçilmişdi. Riyakar, hiyləgər, tamahkar qohum qadınlar - tülkü rəngində əlvan, geyim, tək uçan qara qarğanı xatırladan qara kostyum, Canni Skikki isə çoxcibli cins gödəkçə və şalvarla sanki xırda alverçi kimi obrazlarını tamamlamışdılar. Dekorasiyalar gözoxşayan, sadə və bununla belə varlı evi göstərə bilən qədər lakonik idi. Məsələn, əhvalatın baş verdiyi otağın pəncərəsindən görünən şəhər mənzərəsi səhnəyə dərinlik gətirməklə yanaşı, dəbdəbəli Roma arxitekturası əhvalata uğurla seçilmiş fondur.
   Tamaşaya Ukraynadan dəvət edilən tanınmış və istedadlı opera rejissoru Nikolay Tretyak quruluş verib. Qeyd edək ki, N.Tretyak bundan əvvəl Opera və Balet Teatrımızın səhnəsində P.Maskanyinin “Kənd namusu”, S.Raxmaninovun “Aleko”, V.A.Motsartın “Hamı belə edir”, C.Puççininin “Boqema” operalarına quruluş verib.
   
   Aliyə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar