“Yuğ” teatrının yaranma tarixi Vaqif İbrahimoğlunun doğum günü ilə üst-üstə düşür. Deməli, teatr yaşadıqca onun ad gününü qeyd edəcəklər.
   
   “Vaqif İbrahimoğlu öldü, bir də doğulmaz! Sənətdə onun yeri yoxdur: çünki o, hər yerdədir; o, bugünkü teatr düşüncəsindədir; mən onunla hər gün qarşılaşıram; mən onunla hər gün salamlaşıram... Niyəsi də bu ki, mənim üçün harada teatr varsa, orada Vaqif var. Vaqif İbrahimoğlu Azərbaycan teatrını qram-qram, zərrə-zərrə müasirliyə çəkmiş adamdır. Onun dünyasından hər birimizin içində bir işıq yanır. Amma və lakin... Vaqif İbrahimoğlu birmənalı şəxsiyyət deyildi: o, Don Kixot da ola bilirdi, Mussolini də; Papa Karlo da ola bilirdi, Karabas-Barabas da; Qazan xan da ola bilirdi, Alp Arus da... Bəlkə də bu onun bir aktyor kimi məşqi idi...” 

   Bu sətirlər teatrşünas Aydın Talıbzadənin dilindəndir. Ona Vaqif İbrahimoğlunun, həmçinin “Yuğ” teatrının doğum gününü xatırlatdım, o, mənə bunları yazdı. Dövrünün və məkanının ən müqayisəsiz rejissorunun ardınca düşündüklərini bir abzasla yazdı.
   ...Doğum gününü həyatdan, dünyaya gəlməyindən məmnunluq keçirərək qeyd edirlər. Öləndən sonra xoşbəxt olmaq olurmu? «Ruhu şad olsun!» - deyirlər. Teatrın yaranma tarixi onun doğum günü ilə üst-üstə düşür. Deməli, teatr yaşadıqca onun ad gününü qeyd edəcəklər. Teatrın ad günü ölkənin müstəqillik günü ilə bir tarixə düşür. Deməli, millət var olduqca onun ad günü qeyd olunacaq.
   «Əvvəlcə Tədris teatrı, sonra isə "Yuğ" teatrı təcrübədə bizim hamımıza anlatdı ki, teatr tamam başqa cür də ola bilir və "teatr" anlayışının hüdudlarını sonsuza qədər genişləndirmək mümkündür. "Yuğ" teatrı Azərbaycan teatr fikrini, teatr təsəvvürünü dəyişdi, teatr sənətində milli identifikasiya məsələsini aktuallaşdırdı”. Yenə də Aydın müəllimin fikirləridir. “Yug” teatrının Azərbaycan teatrındakı yerini bir cümləylə anlatmaq xahişimə rəğmən yazdı. Bu sualları yüz cür qoymaq olar, nə qədər dəqiqləşmə aparmaq olar: “Yug” teatrının dünyadakı yeri”, “rejissorun yaradıcılıq yolu”, “teatr və rituallıq” və s. Onlarla mövzu. Deməli, teatr varsa, Vaqif İbrahimoğlu unudulan deyil.
   Ruhən zəngin, mənən dolğun insandan öyrənənlərin, öyrənilənlərin sayı varmı? Aktyorların çoxu, tələbələrin, dostların, tanıyanların çoxu üçün o «müəllim» idi. Söhbət Vaqif İbrahimoğludan düşən kimi «müəllim» deyirlər. O ətrafındakı hər kəsə hər dərsi, hər tamaşası, hərəkəti, hər zarafatı, hətta hər istehzası, məsxərəsi, tənqidi, yazısı ilə nəsə öyrətmək, anlatmaq istəyirdi. Əgər o kimisə məsxərəyə qoyur, ələ salırdısa, bu qətiyyən təhqir etmək, alçaltmaq üçün deyildi, əksinə, öyrətmək, xarakterindəki, savadındakı, yersiz təşəxxüsündəki, mövqeyindəki, zövqündəki, azadlığındakı səhvi, məhdudluğu göstərmək və bu məsxərə ilə onu sarsıtmaq üçün idi. Bu öldürücü bir kinayə, öldürücü bir məsxərə idi.
   O, teatrı sevirdi və oyunbazlıq onun qanında, canında, xarakterində idi. Onun hər kəslə münasibəti bir oyun idi. Bu oyundan öz “mən”ini sındırmamaq, şüurunu instinktinə əyməməklə, qorxularından üstün olmaqla çıxmaq olardı.
   Tamaşalar... onlar bir qutsal məqamlar idi. Bu məqamı yaşayanlar, özləri ilə təkbətək qala bilənlər doğum və ölüm arasındakı həqiqəti bir anlıq işıqlanma ilə keçirənlərlə görüş idi. Bu tamaşaların qeyri-adi təsir gücü var idi. Bizim üçün belə görünən tamaşa dediyimiz onlar üçün bir sistem, bir peşəkarlıq təbə edən sistem, poetika, mexanizm idi. Vaqif İbrahimoğlu öz rejissor tələbələrinə bu peşəni öyrədirdi. Ruh verirdi. Ruh verirdisə... ona təkdə müraciət etmək olarmı? Axı nə qədər teatr adamını, nə qədər aktyoru, nə qədər rejissoru, tamaşaçını, tələbəni, teatrşünası, direktoru, alimi, bunu etiraf edəni və etməyəni onun ruhu tutmuşdu... Oktyabrın 18-i rejissor, müəllim, aktyor, yazar Vaqif İbrahimoğlunun ad günü idi. Ruhu şad olsun! Ruhları şad olsun!
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar