Konfransda dünyanın müxtəlif ölkələrindən 80-dən çox teatr xadimi, sənətşünaslar iştirak edir
   
   Son illər bir sıra beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi edən ölkəmizdə noyabrın 5-də daha bir sənət bayramı başlandı.
   
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Teatr Konfransında MDB ölkələrindən, Avropa, Amerika, Afrika və Asiya qitələrindən 80-dən çox qonaq iştirak edir. Xatırladaq ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, 2010-cu il 9-10 noyabr tarixlərində Bakıda ilk dəfə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. Tədbirə 30-dək ölkədən 60-dan çox mütəxəssis qatılmışdı.
   “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda II Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşdi.
   İştirakçılar əvvəlcə teatrın foyesində I Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş fotostendlərlə, kitab sərgisi ilə tanış oldular.
   Konfrans I Bakı Beynəlxalq Teatr Konfransını əks etdirən videoçarxın nümayişi ilə başlandı.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirin tarixi əhəmiyyətindən söz açdı.
   
   Bakı mədəniyyətlər şəhəridir
   
   Daha sonra Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Əli Mehdi təşkilatın baş direktoru İrina Bokovanın təbriklərini tədbir iştirakçılarına çatdırdı. “UNESCO bu konfransı dəstəkləyir. Çünki burada müzakirə olunan mövzular və bu konfransın məqsədləri UNESCO-nun mədəniyyət siyasətinə dəstək verəcək. Təşkilat rəhbərliyi II Bakı Beynəlxalq Teatr Konfransının nəticələrinin müsbət olacağına inanır”, - deyə qonaq bildirdi.
   Onun sözlərinə görə, Bakı konfransı beynəlxalq teatr institutları ilə əlaqələrin daha da genişləndirilməsini, əməkdaşlığın güclənməsini nəzərdə tutur: “Ümumiyyətlə, son illərdə Azərbaycanda aparılan mədəni islahatlar, buradakı fəaliyyət bizim məqsədlərimizlə üst-üstə düşür. Bu tədbirin keçirilməsini xüsusilə təqdir edirik. İndi Bakı mədəniyyətlər şəhəri, teatrlar şəhəridir. Burada fərqli mədəniyyətlər təmsil olunur, mədəniyyətlərin bir-birinə yaxınlaşması prosesi gedir. Biz mədəni müxtəlifliyə xüsusi önəm veririk. Konfrans çərçivəsində aparılacaq müzakirələrdə, qarşılıqlı fikir mübadilələrində ölkələr, icmalar arasında mədəniyyətlərarası dialoqu necə qurmağı, müxtəlif mədəniyyətlərin yaxınlaşması məsələlərini müzakirə edəcəyik. Mən təklif edərdim ki, gəlin, birgə fəaliyyət göstərək və sülh mədəniyyətini yaratmaq üçün çalışaq. Əlbəttə ki, burada teatr sənətinin də deməyə öz sözü vardır. Siz bilirsiniz ki, dünyanın bir çox yerlərində münaqişələr aparılır. Mədəniyyətlərin yaxınlaşması müəyyən mənada sülhə nail olmağa kömək edə bilər. Ümidvaram ki, biz bundan sonra dəfələrlə Bakıda belə mədəniyyət tədbirlərində görüşəcəyik”.
   Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus tədbirin əsas təşkilatçılarından olan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi: “II Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən çox məmnunam. Hesab edirəm ki, burada müzakirə olunan mövzular teatrların gələcək inkişafı üçün əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək. Mən təşkilatçılara bu mövzuya verdikləri önəmə görə təşəkkür edirəm.
   İnanıram ki, belə konfranslar mədəniyyətlərin bir-birinə yaxınlaşması prosesini daha da sürətləndirəcək, ölkələr arasında mədəni dostluq əlaqələrinin inkişafına töhfələr verəcək. Konfransın işinə uğurlar arzulayıram”. 

   Teatr həyatımıza məna verir
   
   Məşhur Polşa rejissoru, dramaturq və ssenarist Kşiştof Zanussi çıxışında qeyd etdi ki, müasir dünyamızda teatr böyük ehtiyac duyulan sahədir. Bu sahə gözəlliyi, müsbət keyfiyyətləri tamaşaçıya çatdırır, təbliğ edir. Teatrın vəzifəsi bununla bitmir, o həm də aqilliyi, müdrikliyi təbliğ edir, eyni zamanda həyatımıza məna verir: “Teatr ciddi fikri təbliğ etməklə yanaşı, əyləncə üçün yaşayır, güldürmək, düşündürmək üçün yaşayır. Əgər bu mədəniyyət aqillik və müdriklik aşılayırsa və yaşamımızda bizə daha vicdanlı, daha ağıllı olmağa kömək edirsə - bizlərin formalaşmağımıza imkan verirsə, o zaman teatr önəmlidir. Bu məsələdə mədəni müxtəlifliyin fərqi yoxdur. Fərq etməz hansı mədəniyyətdəndir. Bu məsələlər hər bir cəmiyyətdə eynidir. Bir məqamı da vurğulamaq istərdim. Heç də hər şey bizi inkişafa aparmır. Ona görə də inkişafı əldə etmək üçün gərək qiymətləndirmə aparılsın ki, nələrin davam etdirilməsinə ehtiyac var, nələr lazım deyil”.
   
   Konfrans mədəniyyətlərarası dialoqa töhfədir
   
   Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi teatr konfransı çərçivəsində növbəti dəfə Bakıda olmaqdan məmnunluğunu bildirdi: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram ki, bizi belə bir tədbirə dəvət edir. Bu konfrans bizə imkan verir ki, bugünkü teatr reallıları haqqında ümumiləşdirmələr aparaq, hamımızın arzularını, məqsədlərini bir araya gətirək, mədəniyyətlərarası dialoqa töhfə verək. Bakıda aparılan işdən böyük nəticələr əldə etməyi gözləyirik. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası teatrların inkişafına töhfə vermək istəyir. Hər bir bölgənin hüququ var ki, yüksək keyfiyyətli teatrın fəaliyyət göstərməsi imkanı əldə etsin. Hesab edirəm ki, biz imkanlarımızı bir də müəyyənləşdirməliyik. Bəzi ölkələrdə uşaq teatrları çox gözəl inkişaf edib. Bu cür inkişafa nail olmaq üçün mərhələli şəkildə iş aparılmalıdır. Dünyada olan aktyorlarla, teatrlarla işləyərkən uşaq teatrlarının inkişafı üçün qarşılıqlı əməkdaşlığın zəruriliyini görürük. Teatrlar gənclərin formalaşmasına çox böyük təsir göstərir. Ona görə də uşaq və gənclərin maraq və istəkləri nəzərə alınaraq onlar üçün teatrlar yaradılmalıdır. Konfransda aparılacaq müzakirələrdə bu məsələyə də xüsusi diqqət yetiriləcəyinə ümidvaram”.
   Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoe Azərbaycanın zəngin mədəniyyətindən söz açdı: “Bakıda qonaq olmaq mənim üçün fəxrdir. Bu, evə qayıtmaq kimidir. Çünki mən burada həmişə dostluq, qonaqpərvərlik və zəngin mədəniyyət görmüşəm. İstərdim ki, Azərbaycan teatrı daha da inkişaf etsin. Ölkənin bütün bölgələrində teatr sahəsi çiçəklənsin. Azərbaycan regionda teatr sənəti təhsili mərkəzinə çevrilsin”.
   Cəmiyyətin müxtəlif qruplarını əhatə edən teatrların yaradılmasının vacibliyini söyləyən T.Byankoe bildirdi ki, konfransda aparılacaq müzakirələr müasir teatr reallıqları ilə tanış olmağa imkan verəcək. Ayrı-ayrı fərdlər, qruplar öz ideyalarını imkanlarını həyata keçirmək üçün bacarığa malikdirlər. Onlara imkan verilməlidir ki, öz ideyalarını əsaslandırsınlar, auditoriya müxtəlifliyi yaransın. Harada ki, mədəni təhsil ocağı var, o müəssisələr - istər orta məktəb olsun, istərsə də kollec, ali məktəb - onlar teatrın inkişafı üçün təşəbbüs göstərsinlər. İstedadlı insanlara erkən yaşlarından bu sənəti öyrənmək imkanı yaradılmalıdır. Onlara teatrlarda iştirak etmək imkanı verilməlidir ki, ilk təcrübələrini toplaya bilsinlər. Teatr təlimi, teatr təhsili təkcə peşəkarlar üçün deyil, hamı üçün açıq olmalıdır”.
   
   Milli teatr sənəti dünən, bu gün, sabah
   
   Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Dünən, bu gün, sabah” Azərbaycan milli teatr sənətinin elektron bazasının təqdimatı keçirildi. Layihəni təqdim edən “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirdi ki, elektron baza 826 Gbt həcmindədir. Azərbaycanda indiyədək teatr sahəsində elektron məhsul yaradılmayıb. Nazirliyin dəstəyi ilə hazırlanan elektron bazada teatr tariximizlə, onun inkişafının müxtəlif mərhələləri ilə bağlı 600 saatdan artıq video, 125 saatdan artıq audio material, minlərlə sənəd, foto, musiqi yer alıb. Elektron bazada Azərbaycan Teatr Ensiklopediyası yaradılıb ki, multimedia janrında elektron kitab kimi fəaliyyət göstərir. Elektron baza üç dildədir. İstifadəçilər milli teatr sənətinin elektron bazasından istifadə edərək teatrlarla 3D formatında hazırlanmış videolarla tanış ola bilərlər. Elektron bazadan eşitmə qabiliyyətində problem olan insanlar da asanlıqla istifadə edə bilərlər.
   II Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasiminə yekun vurulduqdan sonra tədbirin plenar iclasları keçirildi.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar