“II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin mədəni inteqrasiyaya çox böyük önəm verdiyinin əyani sübutudur”
   
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin II Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına təbriki.
   
   Möhtərəm konfrans iştirakçıları!
   Əziz qonaqlar!
   Xanımlar və cənablar!
   
   II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan teatr prosesinin möhtəşəm hadisəsidir. Birinci konfransdan yaxşı məlumdur ki, biz sözümüzə sadiq qaldıq, ikinci dəfə dünyanın teatr bilicilərini, bu işin mütəxəssislərini fikir, təcrübə mübadiləsi, sənət mübahisələri aparmaq, müasir teatr prosesini müxtəlif araşdırma yönlərindən, yeni düşüncə texnologiyalarının müstəvisində təhlilə çəkmək üçün bir araya gətirdik. Güman edirəm ki, bizim bu ənənəni onilliklər boyunca yaşatmağa gücümüz, həvəsimiz və teatr sevgimiz çatacaq. Çünki Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir.
   “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlanan II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Azərbaycan Respublikasında yürüdülən mədəniyyət siyasətinin əzəl mübtədası ölkələr, xalqlar, millətlər, hətta etnoslar, etnik qruplar arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların aktiv dialoquna nail olmaqdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində gerçəkləşən II Bakı Beynəlxalq Teatr Konfransına dünyanın 35 ölkəsindən teatr tənqidçiləri, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər toplaşıblar. Bu ünlü sənət adamlarının bir məramı, bir məqsədi var: çağdaş teatrın problemlərinin çözülməsinə yardımçı olmaq, teatrın sabahını daha işıqlı etmək. Lakin bütün bunlarla yanaşı, bir danılmaz həqiqət də var: tarixin bütün inkişaf dönəmlərində teatrın əsas həll edəcəyi məsələ ünsiyyət problemidir. O teatr ki öz tamaşaçısı ilə dil tapa bilir, onunla danışa, təmas qura bilir, məhz o teatr rəqabətə tab gətirib yaşayır.
   Bu gün Azərbaycanın qaynar mədəni həyatı var. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyanın tanınan mədəniyyət mərkəzinə çevirmişdir. Bakıda keçirilən teatr konfransı da belə tədbirlər sırasındadır.
   Bizim məqsədimiz müasir qloballaşma parametrlərində insanları teatr salonlarına gətirmək, onları səmimi, açıq ünsiyyətə dəvət etməkdir. Yəni biz nə iş görürüksə görək, nədən danışırıqsa danışaq, hədəfdə yenə İnsandır, onun duyğuları, düşüncələri, yaşantılarıdır.
   Mən ümid edirəm ki, vaxtınız səmərəli, maraqlı keçəcək və bu konfransdan sonra bizim hər birimizin daxili dünyası bir az da zənginləşəcək. Sizləri bir daha salamlayıram, qonaqlarımıza “Azərbaycana xoş gəlmişsiniz” - deyirəm və II Bakı Beynəlxalq Teatr Konfransının işinə uğurlar arzulayıram!







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar