Fikirlər, rəylər, təkliflər
   
   
   Azər Paşa Nemətov,
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor:

   
   - Azərbaycanda belə bir beynəlxalq konfransın keçirilməsi özü böyük hadisədir. I Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrı ilə tanışlıq məqsədi daşıyırdı. İkinci dəfə konfransa gələnlər böyük məmnuniyyətlə gəlirlər, çünki Azərbaycanda teatrın sevildiyini, teatra qayğı və diqqət göstərildiyini bilirlər. Deməli, Azərbaycan teatrı bu gün tanınır. Eyni zamanda bu o deməkdir ki, gələcəkdə teatrların bir-biri ilə təması daha sıx və daimi olacaq. Ümid edirəm ki, II Bakı Beynəlxalq Teatr Konfransında da “XXI əsrdə teatr necə olacaq?” mövzusu davam edəcək və bu mövzuda təkcə xaricdən gələnlər yox, eyni zamanda Azərbaycanın nümayəndələri də öz fikirlərini söyləyəcəklər.
   Bu çox gözəl tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tərkib hissəsidir. Hesab edirəm ki, dövlətin və xalqın teatra məhəbbəti üst-üstə düşür və bunlar Azərbaycan teatrını daha da irəli aparacaq. Eyni zamanda bu konfransa gələnlər Azərbaycanımızı, Bakımızı daha yaxından tanıyacaq, xalqımızın zəngin mədəniyyətə, teatr ənənələrinə malik olduğunun şahidi olacaqlar.
   
   Rəşad Məcid,
   Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru:
   
   - İki il öncə də I Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmişdim və böyük təəssüratlarım var idi. Çox sevindirici haldır ki, bu konfrans artıq ənənəyə çevrilir. Budəfəki tədbirin qonaqlarının sırası da genişlənib. Konfransda məşhur teatr xadimləri iştirak edir. Beynəlxalq teatrların nümayəndələrinin Azərbaycan teatr ictimaiyyəti ilə görüşməsi həm teatrımızın dünyada tanıdılması, həm də aktyorlarımızın püxtələşməsi üçün əhəmiyyətlidir. Belə hesab edirəm ki, konfrans Azərbaycan teatrının yeni dövrünün başlanğıcıdır. Bu böyük hadisədir. Teatr ictimaiyyətini və mədəniyyət sahəsində çalışan insanları bu münasibətlə təbrik edirəm.

   Siyavuş Kərimi,
   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor:
   
   - Konfransın teatr aləminə yeni bir canlanma gətirəcəyinə əminəm. Bu cür konfranslar həm də Azərbaycan teatrı sahəsində çalışan insanlar üçün çox əhəmiyyətlidir. Səhər mən açılışda iştirak etdim və dünyanın bir çox qabaqcıl teatr xadimlərinin konfransa təşrif buyurduqlarının şahidi oldum. İnanıram ki, konfrans bir daha yeni nailiyyətlərə yol açacaq, yeni baxışların, qarşılıqlı əlaqələrin genişlənməsində öz bəhrəsini verəcək. Konfrans zamanı seminarlar və ustad dərslərinin keçirilməsi yeni ideyaların yaranmasına kömək olacaq. Bu həm də Azərbaycan teatrının dünyada daha çox tanınmasını həyata keçirəcək. 

   Əli Mehdi,
   UNESCO-nun sülh artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti (Sudan):

   
   - Artıq ikinci dəfədir ki, Bakıya gəlirəm. Mən ümumiyyətlə, beynəlxalq müxtəlifliyin bir araya gəlməsinin tərəfdarıyam. Xüsusilə də teatr sahəsində. Əməkdaşlıq ortaya qoyulur, fikir mübadiləsi aparılır. Bu konfransdan böyük və faydalı nəticələr gözləyirəm. Təsəvvür edin, dünyanın müxtəlif ölkələrindən, müxtəlif teatr mütəxəssisləri, sənət adamları bir araya gəlib. Əməkdaşlıq inkişaf edir. Bundan gözəl nə ola bilər. Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olaraq bu konfransa beynəlxalq hadisə kimi yanaşıram və ondan gözəl nəticələr gözləyirəm. Mən Azərbaycan teatrı haqqında hələ Çində konqresdə olarkən eşitmişəm. İndi isə bunu öz gözlərimlə görəcəyəm və ümid edirəm ki, bu konfrans gələcək beynəlxalq əlaqələrin inkişafına böyük imkanlar yaradacaq.
   
   Piter Qoldfarb,
   Beynəlxalq Teatr İnstitutunun ABŞ mərkəzinin vitse-prezidenti:

   
   - Bu mənim Bakıya ikinci səfərimdir. Birinci səfərimdə ustad dərsləri vermək üçün gəlmişdim. Düşünürəm ki, belə tədbirlər təcrübələrin, ideyaların mübadiləsidir. Və əlbəttə, dünyanın bir çox ölkələrindən gələn teatr mütəxəssisləri ilə apardığımız fikir mübadiləsi bizə daha çox bilgilər verəcək. Bununla da biz teatr aləmində baş verənləri və verəcəkləri görmək imkanları əldə edəcəyik. Ötən dəfə Bakıya gəldikdə çox məşğul olduğumuzdan şəhərinizi yaxşı gəzə bilmədik. Bu dəfə isə yoldan keçərkən Bakının necə gözəl şəhər olduğunu, unikal memarlıq abidələrini gördük. Şərq və Qərbin qovşağında yerləşən bu şəhər doğrudan da cəlbedicidir.
   
   Mişel Vais,
   Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi:
   
   - Biz belə konfranslarda teatrdan danışır, fikir mübadiləsi aparır, ortaya çıxan problemləri görürük. Bu ki gözəldir. Çünki teatrın inkişafına kömək edir. Burada teatr aləmində yaradılmış beynəlxalq təşkilatlar da bir araya gəlirlər. Təcrübələrin mübadiləsi baş verir ki, bu da çox vacibdir. Teatr hər bir halda fikir yaradır, insanları düşünməyə vadar edir. Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır. Onun yeganə həlli azadlıqdır. Bir sözlə, teatr azadlığa ehtiyac duyur. Gözəl və əsrarəngiz Bakı şəhərinin məhz belə bir konfransa ev sahibliyi etməsi bizləri çox sevindirir.
   
   Jalə Əliyeva,
   millət vəkili:
   
   - II Bakı Beynəlxalq Teatr Konfransını sadəcə Azərbaycanın mədəni həyatında deyil, ümumiyyətlə, teatr sənətinin inkişafı baxımından çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirirəm. Təcrübə də göstərir ki, mübadilə ümumi işin xeyrinə olur. Festivallar, konfranslar nə edilib, bundan sonra nə edilməlidir, hansı uğurlar, boşluqlar var kimi məsələlərin ortaya çıxarılması üçün çox əhəmiyyətlidir. Və mən sevinirəm ki, bu gün Azərbaycanımız bir daha çox əhəmiyyətli tədbirə ev sahibliyi edir. Əlbəttə ki, bununla qürur duyuruq. Bu gün Azərbaycana teatr aləminin ustadları toplaşıblar. “Teatr bəzən informasiya bolluğunda, qloballaşan dünyanın fonunda unudulur» kimi düşünənlər olur. Amma belə konfranslar teatrın bir məbəd, bir sənət aləmi kimi yaşamasına kömək edəcək. Yeni nailiyyətlər əldə ediləcək. Konfrans çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış Azərbaycan milli teatr sənətinin “Dünən, bu gün, sabah” adlı elektron bazasının təqdimatı da çox gözəl idi. Həqiqətən, Mədəniyyət və Turizm Nazirliyi böyük iş ortaya qoyub. Çox təşəkkür edirəm.

   Erika Letailler,
   Fransanın Saint-Blaise Teatr Tədqiqatları İnstitutunun direktoru, aktrisa:

   
   - İkinci dəfədir ki, Bakıda belə bir konfransın keçirilməsini yüksək qiymətləndirirəm. 2010-cu ildə də konfransın iştirakçısı olmuşdum. Şəxsən mənim üçün çox əhəmiyyətli bir tədbirdir. Sənət adamları bir-biri ilə tanış olur, fikir mübadiləsi aparırlar. Nəticədə hər kəs faydalanır. Bu da gələcəkdə yeni layihələrin, işbirliyinin həyata keçirilməsi üçün zəmin yaradır. Düşünürəm ki, konfrans Azərbaycan teatrı üçün də olduqca önəmlidir. Teatr nümayəndələriniz buradakı yaradıcı görüşlərdən faydalanacaqlar.
   Ölkənizin zəngin incəsənətini xüsusi qeyd etmək istərdim. Ötən səfərimdə burada az zaman olduğumdan teatrlarınızla yaxından tanış ola bilmədim. Bununla belə, “Leyli və Məcnun” operasına baxdım, həmçinin Azərbaycanın Pantomima Teatrına da baş çəkdim və çox bəyəndim. Yəqin ki, bu səfərimdə başqa teatrlara getmək imkanım olacaq.
   
   Əli İhsan Kaleci,
   Saint-Blaise Teatr Tədqiqatları İnstitutunun bədii rəhbəri, rejissor-yazıçı:
   
   - Əslən türkiyəliyəm, lakin Fransada yaşayıram və bu konfransda hər iki ölkəni təmsil edirəm. İki il öncə keçirilən konfransda da iştirak etmişdim və düşünürəm ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətə başlaması çox önəmlidir. Çünki teatr hazırda dünyada böhran dövrünü yaşayır. Avropada, Qərbdə bu cür maraqlı konfranslar keçirilmir. Teatrın problemləri gündəmə gətirilmir. Bu baxımdan Bakı konfransını bir təşəbbüs kimi yüksək qiymətləndirirəm.
   Azərbaycanın özünəməxsus gözəl sənətləri var: musiqi, rəqslər, ədəbiyyat. Ümumilikdə isə mədəniyyətimiz ortaqdır. Dünya şöhrətli Füzuli, Nəsimi sizin də, bizim də şairimizdir. Ənənələrimizə, öz sənətimizə, mədəniyyətimizə söykənən teatrımızın olmasını istəyirəm. Düşünürəm ki, Şərq teatrı fərqli olmalıdır.
   Gələcəkdə teatrın inkişafı Türkiyədə, Azərbaycanda, Asiyada olacaq. Biz də bu istiqamətdə çalışmalı, fəaliyyət göstərməliyik.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar