II Bakı Beynəlxalq Teatr Konfransının ilk plenar iclası maraqlı məruzələrlə yadda qaldı
   
   Noyabrın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında II Bakı Beynəlxalq Teatr Konfransının ilk plenar iclası keçirildi. Toplantıya tanınmış teatrşünas, professor Məryəm Əlizadə və Saint-Blaise Teatr Tədqiqatları İnstitutunun (Fransa) bədii rəhbəri Əli İhsan Kaleci sədrlik edirdi.
   
   İclasda ilk olaraq Kvebek Dramaturqlar Birliyinin bədii rəhbəri, dramaturq İzabel Hubertin (Kanada) məruzəsi dinlənildi. Qonaq Kvebek teatrının müasir durumu, dünya teatrları ilə əlaqələri və teatrın ənənələrindən söz açdı. İ.Hubert müasir Kanada teatrında gənc aktyorların rolunu xüsusi vurğuladı: “Bizim üçün teatrda önəmli olan aktyorlardır. Biz teatrda gənc aktyorların sayını artırmaqdayıq. Çünki Kvebek teatrının əsas özülü gənc aktyorlar üzərində qurulmuşdur”.
   Bolqarıstan Mədəniyyət Nazirliyinin şöbə müdiri Krasimira Filipovanın “Bolqar teatrının çağırışları” adlı məruzəsi də maraqla qarşılandı. O, bolqar teatrının bugünkü vəziyyəti barədə danışdı: “Teatrın fəaliyyətində dəyişikliklər etmək arzusu ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqədar meydana gəlib. Amma bunu tam siyasi vəziyyətlə əlaqələndirmək də olmaz. Bolqarıstanda eynitipli repertuar şəbəkəsi hökm sürməkdə idi. Beton və mərmərdən ucaldılmış nəhəng və kifir məbəd kimi görünən bu şəbəkə hər bir artefaktın qarşısını alırdı. Lakin Bolqarıstanda siyasi kataklizmlər və ən başlıcası Berlin divarının çökməsi faktiki şəkildə bizim ölkənin teatr aləmində də dəyişikliklər aparılmasına zəmin yaratdı”.
   Teatr və tamaşaçı problemlərindən danışan məruzəçi bildirdi ki, auditoriya sosial məhsul olmaqla yanaşı, həm də bütöv bir siyasətdir. Gələcəyin potensial auditoriyasının formalaşması bugünkü rəqəmsal dünyada artıq bir missiyadır və bu missiya teatrlar üçün son dərəcə xarakterik olan maliyyə böhranından daha vacibdir”. Qonaq məruzəsini bu fikirlərlə yekunlaşdırdı: “Bolqar teatrının çağırışı budur ki, teatr heç vaxt ucuz supermarketə çevrilməyəcək. Bizim arzumuz insanlara gərək olan teatr yaratmaqdır”.
   Estoniyadan olan teatrşünas, millət vəkili Yaak Allik məruzəsində Azərbaycanın görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunu yad etdi. Qonaq XXI əsr teatrının liderlərə ehtiyacı olduğunu vurğuladı: “O liderlərə ki, onlar Şərq fəlsəfəsini dərindən bilsinlər. Çünki teatr aktyorla tamaşaçının görüş yeri deyil. Əksinə teatr tamaşaçının özünün-özü ilə görüşüdür. Son dövrlərdə eston teatrı da tamaşaçının özünün-özü ilə görüş yerinə çevrilmişdir. Müasir zamanda ədəbi pyes tamaşanın əsasını təşkil etmir. Əsas olan rejissor düşüncəsi və təxəyyülüdür”.
   Slovakiyalı teatrşünas Dariya Feherova “Slovakiya tarixinin teatr səhnəsinə təbii və süni qayıdışı” mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, bu ölkədə tarixi mövzuda, sənədli teatr tamaşalarına böyük dəstək yoxdur: “Hər iki-üç aydan bir müntəzəm premyeralar keçirən repertuar teatrı üçün hər hansı sənədli dram tamaşasını hazırlamaq nadir hadisədir. 2009-cu ildə “Məxməri inqilab”ın 20-ci ildönümünə həsr edilmiş “Sarkofaqlar və bankomatlar” layihəsində yerli dramaturqlara kommunizm barədə pyes yazmaq tövsiyə olunmuşdu. Nəticədə 16 pyes ərsəyə gəldi”. Slovakiya tarixinin teatr səhnəsinə qayıdışını mərhələlərlə təhlil edən teatrşünas beynəlxalq konfranslar zamanı təcrübə mübadiləsinin başlıca məqsəd olduğunu vurğuladı.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadənin “Tarixi sıfırların teatrı” adlı məruzəsi isə maraqlı və fəlsəfi baxışlarla dolu bir çıxış idi: “Qədim yunan mifologiyasına görə zaman keçmişdən gələcəyə yox, gələcəkdən keçmişə axır və gələcəkdə olan o zaman kələfi bir gün əriyib itəcək. Böyük Britaniyada yaşayan azərbaycanlı rəssam və sənət nəzəriyyəçisi Zeyqəm Əzizovun fikri ilə desək, XX əsr öz radikalizmi, tənqidçiliyi, inqilabiliyi, avanqardlığı ilə birgə heç olmamış kimidir. Sıfırlar onilliyi mənasız jestlərin və iddialı simulyasiyalar onilliyi kimi yekunlaşdı. Eyni zamanda isə bizim həyatımız vizual mədəniyyətlə zəbt edildi. İnsan fəaliyyətinin hər bir sahəsi vizual təqdimatda özünü tirajladı. Çağdaş teatr katastrofik şəkildə sözü itirir. İnsanlar bu gün ən çox sözü dinləməkdən yorulurlar. Onlara müasir həyat ritmlərindən arabir çıxıb kənara baxmaq, nəyisə görmək və gördüyünü unudub əlüstü başqası ilə maraqlanmaq daha cəlbedici gəlir. Həyatın özü flaşmoba çevrilib. Hamı bu tərzdə qavramağa, düşünməyə alışır. Dünyanın siyasi, mədəni, sosial qarmaqarışıqlığı içində yeni industruial iqtisadiyyat sosial mühit də dəyişib. Bu gün teatr yenidən küçələrə çıxmaq istəyir, kütləyə qarışmaq, tamaşaçı bolluğu ilə qarşılaşmaq istəyir. Mənim teatrım mənim mühitimin teatrı olmalıdır, mənim məhəlləmin və mənim cəmiyyətimin teatrı olmalıdır. Dünya bu məhəllə tunelinə daxil ola biləcək, ya yox? Bax bu başqa məsələdir”.
   Məruzəsini maraqlı sualla bitirən Aydın Talıbzadənin çıxışından sonra Beynəlxalq Teatr İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Petya Xristova (Fransa) və digər məruzəçilərin çıxışları dinlənildi. Çıxışlarda hər bir ölkənin teatr problemləri ilə yanaşı, bu sahədə görülən işlər, teatrın inkişaf yolları, beynəlxalq əməkdaşlıq və s. məsələlərə diqqət ayrıldı. Məruzələrdə bir məqam da vurğulandı ki, artıq ikinci dünyanın teatr xadimlərini bir araya gətirən Bakı konfransı sənət və təcrübə mübadiləsi üçün gözəl fürsətdir. Konfrans həm də Azərbaycan teatrının dünya sənət aləminə inteqrasiyası üçün önəmli bir hadisədir.
      
   Auditoriyaya nə lazımdır?
   
   Beynəlxalq teatr konfransının günün ikinci yarısında davam edən plenar iclası Polşa dramaturqu, kino və teatr rejissoru Kşiştof Zanussinin çıxışı ilə başladı. O, çıxışında sənət və tamaşaçı münasibətlərinin həssas və problematik cəhətinə toxundu: “Biz həmişə pyesi tamaşaya hazırlayanda nəyi və niyə hazırladığımızdan başqa kim üçün hazırladığımızı da nəzərdən qaçırmamalıyıq. Publika, auditoriya vacib məsələdir. Ona nə lazımdır? O, nə istəyir? Məlum həqiqətdir ki, teatr özünü təmin edə bilməz. O, dövlət büdcəsindən, büdcə isə müəyyən qədər vergilərdən asılıdır. Vergiləri ödəyən insanlarsa teatrı sevən və ya sevməyən adamlar ola bilər. Publikanın teatra marağı itibsə, biz nə etməliyik? Biz necə etməliyik ki, o, teatra getmədiyinə görə utansın? Tamaşaçıların tələbləri isə bizi qane etmir. Deməli, biz iki əks tendensiya arasında qalmışıq və balans yaratmalıyıq. Yüksək sənət və publikanı ələ almaqla. Məhz indi səhv etmək çox təhlükəli ola bilər. Biz səhv edə bilmərik».
   
   Azərbaycan teatrında dünya dramaturgiyası
   
   Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin çıxışı «Azərbaycan teatrında dünya dramaturgiyası» mövzusuna həsr olunmuşdu. O, teatr sahəsində inteqrasiyanın nə qədər vacib olduğunu xatırladaraq, dünya dramaturgiyasının ən parlaq pyeslərinin, ən maraqlı ədəbiyyat və teatr hadisələrinin Azərbaycan səhnəsində əksini tapdığını söylədi: «Dünyanın altmışdan çox millətinin 1500-dən çox əsəri Azərbaycan teatrında səhnəyə qoyulmuşdur. Antik yunan pyeslərindən, yapon və ərəb dramaturgiyasınadək, Skandinaviya ədəbiyyatında Henrix İbsenədək, Amerika ədəbiyyatında Yucin o Nilin əsərlərinədək zaman-zaman Azərbaycan teatrının səhnəsinə gətirilmişdir”.
   Alim arzu etdiyini bildirdi ki, Azərbaycan səhnəsi dünya dramaturgiyasına açıq olduğu kimi, dünya teatrları da Azərbaycan dramaturgiyası nümunələrinə müraciət etsin. 

   “Teatrda insan kimi dəyərli olduğumuzu hiss edirik”
   
   Beynəlxalq Teatr İnstitutunun ABŞ mərkəzinin vitse-prezidenti Piter Qoldfarb çıxışında teatrın rastlaşdığı problemləri gözdən keçirməyi təklif etdi. ABŞ-da teatrın iqtisadi nöqteyi-nəzərdən rastlaşa biləcəyi problemlərdən danışan məruzəçi bu müstəvidə diqqəti gənclərə yönəltməyi təklif etdi. O, gəncləri tanımağı məsləhət gördü. Qoldfardın çıxışındakı ən maraqlı məqam teatrın daha bir vacib cəhətini xatırlatması oldu: «Teatrın vəzifəsi nədir? Biz teatrdan nə istəyirik? Bu nə kimi ehtiyacdır? 1980-ci ildə Yuqoslaviya bombardman ediləndə komendant saatı təyin etmişdilər. Axşam saat altıdan sonra küçəyə çıxmaq qadağan və təhlükəli idi. Amma bir qrup insanlar bu qadağanı pozmuş, həyatlarını riskə atıb küçəyə çıxmışdılar. Ən qəribəsi isə onların teatra getməsi idi. Onlar nə üçün teatra getdiklərini bu cür izah etmişdilər: «Teatr yeganə müqəddəs yerdir ki, biz orada insan olaraq dəyərli olduğumuzu hiss edirik».
   Konfransda həmçinin uşaqlarda teatra marağın artırılması, onların sənət aləminə cəlb olunması üçün görülməli işlərdən danışıldı, uşaqların asudə vaxtlarını səmərəli keçirmək kimi konstitusion hüququnun olduğu xatırlandı. «Bu məsuliyyət yox, öhdəlikdir», - çıxışçılardan biri məsələni məhz bu cür qoydu.
   Sudanı təmsil edən Əli Mehdinin çıxışının ən maraqlı məqamı teatr layihələrinin birində gördüyü mənzərənin təsviri oldu: «Konflikt olan zonalarda qaçqın düşərgələrində tamaşa zamanı onları qoruyan əsgərlər tamaşa məkanını əhatə etmişdilər. Uşaqlardan biri tamaşaya baxa-baxa əsgərin silahına söykənib yuxuya getmişdi. Biz onları bu dünyada aqressiv olmaqdan qorumalı, onların təhsilini yaradıcı şəkildə təmin etməliyik. Çünki hər uşaq ayrıca bir dünyadır. O dünya qapalı qaldıqca aqressivləşir. Teatr isə bu baryerləri aradan qaldırır”.
   Teatrşünas Samia Həbibin çıxışı isə inqilabdan sonrakı Misir teatrı barədə oldu: «Teatr tamaşaları bəzən meydanlarda oynanılır. Siyasi pafosu yüksək olur. Çox vaxt bu tamaşalar inqilabın qələbəsinə aid nikbin şüarlarla bitir və onlar həlak olmuş inqilabçıların ruhuna həsr olunur. Tamaşalarda rüşvətxor məmurlar, saray naqislikləri, keçmiş hökumət tənqid olunur».
   
   Əgər problem varsa, demək yaşayırıq və proses gedir
   
   Qətər nümayəndəsi Musa Əl-Zəynil ölkəsinin teatr problemlərindən danışdı. Braziliyalı Zeka Liqiero isə teatr sahəsində axtarışlarından söz açaraq Asiya, Afrika və Amerika teatr ənənələri haqqında təqdimat xarakterli məruzə ilə çıxış etdi. O, həmçinin Avropa teatrının Piter Bruk, Qrotovski kimi yenilikçi rejissorlarının bu sahədəki araşdırmalarını da xatırlatdı.
   Britaniya Şurasının dram və musiqili teatrlar üzrə müşaviri Endri Cons teatrın iqtisadi problemlərini analiz etdikdən sonra bu sahədəki yeni xəbərləri ilə xüsusi maraq oyatdı: «Artıq onlayn teatr infrastrukturu yaratmaq cəhdləri edilir. “Sony playstation” kimi elektron mərkəzlərin köməyilə virtual şəbəkə teatrı yaratmaq istəyində olanlar var».
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət sadalanan problemlərə pozitiv yanaşdı: «Əgər problem varsa, demək yaşayırıq və proses gedir. Bizim teatrımızın da tənəzzül və tərəqqi dövrləri olub. Lakin belə irimiqyaslı möhtəşəm konfransın keçirilməsi Azərbaycan teatrının daha da irəliləməsi və gəncləşməsi deməkdir».
   
   Lalə Azəri,
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar