II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində gerçəkləşən seminarda Fuceyra Monodram Festivalından söz açıldı
Noyabrın 4-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində “Fuceyra Monodram Festivalı - 10 il” mövzusunda seminar gerçəkləşdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən seminarın aparıcısı beynəlxalq teatr tədbirləri sırasında özünəməxsus yer tutan Fuceyra festivalının (Birləşmiş Ərəb Əmirliyi) texniki işlər üzrə meneceri və aktyor Abdulla Rəşid Əl-Dənani idi.
Tədbirdən əvvəl çıxış edən beynəlxalq teatr layihələri üzrə koordinator Şaiq Səfərov II Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyətindən söz açdı: “Builki Bakı Konfransının proqramını daha da zənginləşdirməyə çalışmışıq. Konfrans çərçivəsində keçirilən seminarlarda Azərbaycanda teatr sahəsində çalışan insanlara dünya teatrında baş verən proseslər barədə məlumat verməyə çalışacağıq. Bugünkü seminar Fuceyra Monodram Festivalının 10 illiyinə həsr edilib. Fuceyra Birləşmiş Ərəb Əmirliyinin yeddi əmirliyindən biridir. Bu ölkənin adı çəkiləndə yəqin ki, ilk olaraq fikrimizdə ticarət mərkəzləri, nəhəng binalar canlanır. Vaxtilə bizə Fuceyra Monodram Festivalı haqqında məlumat veriləndə, bu bizə çox maraqlı gəldi. Səhranın ortasında yerləşən kiçik Fuceyra əmirliyində beynəlxalq teatr festivalının keçirilməsi, həqiqətən də, diqqətçəkən mədəniyyət hadisəsi idi. Bu festivalda iştirak etmək ilk növbədə bizim sənətçilər üçün də təcrübə mübadiləsidir. Bu ilin yanvarında V Fuceyra Monodram Festivalında Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Qurban İsmayılov böyük müvəffəqiyyətlə çıxış etdi. Festivalda biz gələcəkdə birgə qarşılıqlı layihələr barədə söhbət açdıq”.
Sonra söz qonağa verildi. Abdulla Rəşid Əl-Dhənhani Fuceyra Monodram Festivalının tarixinə həsr edilmiş videoçarxı izahlı şəkildə seminar iştirakçılarının nəzərinə çatdıraraq sənət bayramının keçdiyi yol, əldə olunan nəticələr, beynəlxalq əlaqələr barədə söz açdı: “Fuceyra Birləşmiş Ərəb Əmirliyinin şərqində yerləşir. Ərazisi 1488 kv. km, əhalisi 180 min nəfərdir. Dünyanın bir çox ölkələrindən turistlərin üz tutduğu bölgə son illər mədəniyyət, dünya teatrı sahəsində də adını eşitdirməyə başlayıb. Fuceyra Monodram Festivalı 2003-cü ildən keçirilməyə başlanmışdır. İki ildən bir keçirilən sənət bayramında həm ərəb, həm də xarici ölkələrdən tamaşalar nümayiş olunur. Festival çərçivəsində seminarlar, forumlar, kitab təqdimatları, tamaşalar, konsertlər təşkil olunur. Bu festivalın ideyası 1990-cı illərin sonunda yaranıb. Monodrama ərəb dünyasında o qədər də tanınmayan sənət növü idi. Daha sonra festival bu növü məşhurlaşdırdı. İlk festival beynəlxalq teatr təşkilatları tərəfindən tanındı”.
Qonağın sözlərinə görə, bu festival sayəsində Fuceyrada Beynəlxalq Teatr İnstitutunun (İTİ) filialı fəaliyyətə başladı və qurum milli teatrın inkişafı, eləcə də beynəlxalq teatrlarla mübadilə proqramlarında dinamik vasitəçi kimi işini davam etdirir: “Festivalın əsas məqsədlərindən biri iştirakçılarda monodramaya maraq yaratmaqdır və onun daha dərindən başa düşülməsidir. 2010-cu ildə İTİ və UNESCO-nun festivalda ilk iclasları keçirildi. İTİ-nin ikinci beynəlxalq mərkəzi kimi Parisdən sonra Fuceyranı elan etdilər. Bu il keçirilən V Fuceyra Monodram Festivalında 12 yerli və xarici tamaşa göstərildi, tədbirə 200-dən çox nümayəndə qatılmışdı. Festivalın 10 illiyi ilə əlaqədar xüsusi yubiley mükafatı təsis edilmişdi. Belə düşünürəm ki, festival beynəlxalq arenada ən yaxşı tamaşaların təqdim olunması üçün imkan yaradır. Gələcəkdə festivalın sənədli kitabxanasını təşkil etmək və burada dünyanın müxtəlif ölkələrini əhatə edən monodram tamaşaların lent yazılarını toplamaq, ixtisaslaşmış bölmələr yaratmaq istəyirik. Sonda II Bakı Beynəlxalq Teatr Konfransının və bu tədbir çərçivəsində təşkil olunan seminarların əhəmiyyətini qeyd etmək istərdim. Bu tədbirlər rejissor və aktyorlara teatr sahəsində dünyaca məşhur mütəxəssislərin təcrübələrindən bəhrələnmək, yaradıcılıq mübadiləsi aparmaq imkanı yaradır”.
Seminarda Azərbaycan teatrlarının rejissorları, aktyorları, eləcə də teatrşünaslar iştirak edirdilər.
Lalə Azəri