Afrikalı qızın həyat hekayəti Azərbaycan səhnəsində
   
   Noyabrın 5-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikası teatrının nümunəsi olan “Qadın intizarı” tamaşası təqdim olundu. Yael Farber və Tembi Mtşalinin hazırladığı səhnə əsəri maraqlı süjetə, düşündürücü ideya və fəlsəfi yükə malikdir. Səhnə oyunu fenomenal istedada malik Tembi Mtşalinin ifasında gerçəkləşdi.
   
   Tamaşanın əvvəlində qırmızı paltarlı qız iri bir sandığın içindən çıxır. Bütün həyatının intizarını, həsrətini səsinə yığıb qədim bir Afrika melodiyasını zümzümə edir. Və başlayır hər şeyi lap əvvəldən danışmağa. Nə zaman başladı bu intizar, bu gözlənti? O elə hey anasını gözləyən qız uşağıdır, amma ayaqları böyüyür. Daim həsrətini çəkdiyi günləri-ayları saydığı görüşlərdə anasının ona gətirdiyi ayaqqabılarsa ayağına gəlmir. Bu ayaqqabılar anası ilə arasındakı ayrılığı aşa bilmir. Ana həmişə gecikir. Uşaq həmişə gözləyir.
   Uşaq böyüyür və böyüdükcə bu intizar da böyüyür. O qədər böyüyür ki, bir tamaşaya çevrilib qəlblərə dolur. Özü ilə böyütdüyü həsrətləri, gözləntiləri yarıqaranlıq səhnədə cızır aktrisa. O balaca qız uşağıdır - gözləyən, darıxan, ümidli... Güllü ətək onu yanına alır. Dünya öz gonbul qarnını ona göstərir. Deməli, o gonbul qarın əbədi olaraq qızın yaddaşına həkk olur. Əhvalat gəlir tamaşaya çevrilir, amma o uşaq gözləntisi hələ də davam edir. Hələ də qadın uşağa gecikir. Dünya ilə uşağın arasında qalır qadın. Dünya gonbul, aqressiv və amansızdır, uşaqsa yalnız. Tembi Mtşali tamaşa içində qumu ovuclayıb tökdükcə gözləntilər, intizarlar bir-birinə qovuşub artır. Və uzaq-uzaq dərin bir yerlərdən qadın intizarının səsi gəlir…
   Tamaşa “Farber Foundry production”un istehsalıdır. Bu qurum 2004-cü ildə təşkil olunub. Yael Farber həm dramaturqdur, həm aktrisa, həm də rejissor. Bu xanımın sənət emalatxanası, ilk növbədə, dramaturqlar üçün nəzərdə tutulmuşdu. Lakin bu emalatxana bu gün Yael Farberin Cənubi Afrika və dünyanın digər sənətçilərilə birlikdə hazırladığı tamaşaları birləşdirir. “Farberin emalatxanası” Monreal (Kanada) ilə Yohannesburq (Cənubi Afrika) arasında bir sənət körpüsü rolunu oynayaraq sərhədlərə “yox” deyir. Yael Farberin tamaşaları elə tamaşalardır ki, onlar Yer kürəsinin hər bir guşəsini dolaşıb. Post-aparteid dövründə Cənubi Afrikanın teatr həyatında onun çox uğurlu işləri sənət bilicilərinin və prodüserlərin diqqətini özünə çəkir.
   Yael Farberin tamaşaları ya şəxsi şahidlik yaşantılarının təcəssümüdür, ya da klassikanın mövzu və plastika qatında yeni həllidir. Lakin hər iki halda onun tamaşaları seyrçiyə şans verir ki, bu səhnə oyunları vasitəsilə Cənubi Afrikanın aparteiddən əvvəl və sonrakı sosial-siyasi həyatının olaylarına nüfuz edə bilsin.
   “Qadın intizarı” tamaşası həyat faktlarına söykənən pyesin səhnə təcəssümüdür. Tamaşa bir həyat sərgüzəştinə əsaslanır, dəhşətli hadisələrdən boy atıb böyüyür və bir Zulus qızının tarixçəsini danışır: bu qız hələ uşaqlıqdan valideynlərindən ayrı düşüb, müxtəlif səbəblər ucbatından hər gecə qorxa-qorxa da olsa, qəsəbəyə gəlib və 1976-cı ildə Souyetoda uşaqların ölüm düşərgəsində olub və... bu qaniçən rejimdən qaçıb...
   Afrika folkloru, rəqs və nəğmələrinin istifadə olunduğu tamaşa bir qızın kədərli yaşantılarından danışsa da, Afrikaya sevgi ilə doludur və Afrika ilə səmimi zarafat dalğasına köklənib. 
   
  Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar