Ədalət Vəliyev: “İnanıram ki, 2014-cü ildə III Bakı Beynəlxalq Teatr Konfransında dostlarımızla yenidən görüşə biləcəyik”
   
   Noyabrın 6-da II Bakı Beynəlxalq Teatr Konfransının plenar iclaslarından sonra tədbirin bağlanış mərasimi keçirildi. Yekun toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev konfransla bağlı fikirlərini bölüşdü.
   
   Qeyd olundu ki, II Bakı Beynəlxalq Teatr Konfransında növbəti dəfə dünyada bu sahədə gedən proseslərə nəzər salındı, həll olunmamış problemlər ətrafında geniş fikir mübadilələri aparıldı: “İki gün ərzində teatr haqqında, onun müxtəlif janrları, problemləri barədə çox maraqlı, dəyərli fikirlər səsləndi. Bu gün Azərbaycanda baş verən teatr dəyişiklikləri beynəlxalq teatr institutlarının diqqətini cəlb edir. Bir çox ölkələrin iqtisadiyyatında böhran yaşandığı halda, Azərbaycan möhtəşəm beynəlxalq layihələrə, xüsusilə mədəniyyət layihələrinə yüksək səviyyədə ev sahibliyi edir, Azərbaycan dövləti teatrların inkişafına hər cür dəstək göstərir”.
   Nazir müavini konfransın uğurlu nəticələrlə yadda qalacağına əminliyi bildirdi: “Bakı Beynəlxalq Teatr Konfransına marağın artması bizi sevindirir. 2013-cü ildə Azərbaycanda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Növbəti il UNİMA-nın Azərbaycanda ikinci təsis konfransının keçirilməsi də nəzərdə tutulur. Beynəlxalq Teatr İnstitutunun rəhbəri 2014-cü ildə Beynəlxalq Teatr İnstitutunun növbəti qurultayının Bakıda keçirilməsi təklifi ilə çıxış etdi. Əminəm ki, bu ideyanı da uğurla gerçəkləşdirə biləcəyik. Bütün bunlar dünyanın teatr mühitini Bakıya daha da yaxınlaşdıracaq”.
   Nazir müavini bildirdi ki, kollektiv fədakar əməyin məhsulu olan teatrların XXI əsrdə ən vacib, ən ciddi problemi cəmiyyətlə ünsiyyət qurmaq, tamaşaçı ilə canlı dialoqa girməkdir: “Ona görə yox ki, teatrlar tamaşaçı qıtlığından əziyyət çəkirlər. Bu heç də belə deyil. Dünyanın müxtəlif ölkələrində teatra maraq müxtəlif cürdür. Hətta ayrı-ayrı ölkələrdə teatrlara onların janrından asılı olaraq maraq göstərirlər. XXI əsr internet əsridir. İnformasiya texnologiyalarının həyatımıza gətirdiyi yeniliklər insanların həyatlarının ayrılmaz tərkib hissəsinə çevrilsə də, teatrlar insanları yenə də böyük bir sevgi ilə tamaşalara səsləyir, maarifləndirir, düşündürür. Çünki teatr sevgi üzərində qurulub.
   Bu beynəlxalq tədbir dünyada baş verən teatr proseslərinə Azərbaycandan bir baxış idi. Konfransda dünyanın teatr mənzərəsinə birlikdə baxdığımız dostlarımız öz fikirlərini son dərəcə səmimiyyətlə bizimlə bölüşdülər. Mədəniyyətin çox vacib hissəsi olan teatr sərhəd tanımır. Mən arzu edirəm ki, sərhəd tanımayan bu mədəniyyət ocaqları daha da inkişaf etsinlər. İştirakçılara, qonaqlara konfransda iştirak etdiklərinə görə minnətdarlığımı bildirirəm. İnanıram ki, 2014-cü ildə III Bakı Beynəlxalq Teatr Konfransında dostlarımızla yenidən görüşə biləcəyik. İçimizdə olan teatr sevgisi ilə hər birinizə sevgi, işıqlı günlər arzulayıram”.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar