Noyabrın 6-da II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanının Taif Teatrının quruluşunda Fahed Əl-Hartinin “Vağzal heç yerə getmir” tamaşası göstərildi. Əsərin quruluşçu rejissoru Əhməd Əl-Əhmaridir. Rolları Sami Əl-Zahrani, Musaad Əl-Zahrani ifa etdilər.
Fahed Əl-Hartinin «Vağzal heç yerə getmir» pyesi həyat haqqında absurd pritçadır. Amma tamaşada pritça havası yoxdur. Vağzal təsviri var. İşıq, kölgələr sanki əhvalat yuxuda baş verirmiş kimi təəssürat yaradır. Sanki həyat yuxuda gördüyün vağzaldır. İşıqlar səhnənin lap önündə, aşağıda qurulub. Fondakı ağ ekrana kölgələr düşür. Tamaşanın əvvəlində sarımtıl işıq səhnədə qürub çağının rəngini yaradır. Tamaşa bu görüntü ilə başlayır - axşamüstü və vağzal. Heç yerə getməyən və vağzalda oturan biri günün bu vaxtının necə kədərli olduğunu yaxşı bilir. Tamaşanın qəhrəmanlarından biri macəra axtaran avara, o biri gözətçidir. Belə görünür ki, onların heç birinin həyat planı, getməyə yeri yoxdur və yəqin ki, bu iki adamı vağzal kimi bir yerdə birləşdirən məhz budur.
Onlar bir-biri ilə cəfəng söhbətlər edirlər və bu, elə-belə cəfəngiyat deyil, bu cəfəngiyat bütün mənalı söhbətlərə istehza edən cəfəngiyatdır. Qəhrəmanlardan biri kiminsə özünü, ya da ruhunu axtarır, gözləyir, o biri, yəni gözətçi axtarılanın qadın olduğunu iddia edir. Tənhalıq təkadamlıq prosesdir. Amma birlikdə tənhalıqlar da var. Bu iki adam bir yerdə tənhalıq yaşayır. O naməlum varlıq, xoşbəxtlik sehrkarı, axtarılan qadın, ruh hər nə isə birinin gözləntisindən o birinin həsrətinə çevrilir.
Kimi gözləyirlər? O gəlməyən, insanları tənhalığa boğan kimdir? Absurd dramaturgiyanın müəlliflərindən S.Bekket onun adını Qodo qoymuşdu. Bu tamaşanın qəhrəmanları isə onun adını belə bilmirlər, ad təsəlliləri yoxdur.
İşıqlar dəyişir, amma tamaşa, əhvalat bir dürlü yuxu havasından çıxmır. Onlar çərən-pərən danışırlar. Bu çərənləmələrin içində həyat qənaətləri var. Məsələn...
Sevgi öldürücü hissdir
Bu, gözətçinin qənaətidir. O, bir əhvalat danışır. Bir qadın hər gün bir sevgili ilə bura gəlir, bir-birinə sevgi ilə baxandan, öpüşəndən, o xoşbəxtliyi ala-yarımçıq dadandan sonra qadın oğlanı qatarın altına itələyir. Qadın hər gün gəlir və hər gün birini ora - relslərin üstünə itələyir. Avara hekayə axtaran gözətçidən soruşur ki, qatarın altına düşəndə kişi qışqırmırmı? Gözətçi deyir ki, kişi heç cınqırını da çıxarmır. Deməli, tamaşaçı bu danışılan əhvalatda reallıq axtarmamalıdır. Bu, sevgi haqqında real bir qənaətdir. Bəlkə gözətçinin, bəlkə rejissorun, bəlkə yazıçının, bəlkə sevməyi bilənlərin, bəlkə də bilməyənlərin qənaətidir - sevgi öldürücü hissdir.
Tamaşaçı tamaşanın əvvəlində gözətçini sıradan biri zənn edir, amma sonda məlum olur ki, qatar gözətçisinin həsrəti yalnız qatar gözləmək deyil, o vağzalda həyatının ən böyük intizarını çəkib.
O, hekayə axtarandan fərqlənir, yalnız ona görə ki, o lap çoxdan gözləyir, o qədər çoxdan ki, gözləməyi belə unudur. Bu unutqanlıq onu absurd qəhrəmandan çox ekzistensial varlığa çevirir. Qatarlar gedib-gəlir, amma onun gözlədiyi gəlmir. O, həmişə burda olur. Bu onun bütün ümidini tükədir və qatar gözətçisi səhnəni (vağzalı) macəra axtarana verib gedir. «Mən artıq gedirəm, sən qal və mənim yerimə gözətçilik et!» - deyir. Bəlkə o özü də gözətçiliyə belə başlayıb. Kimsə onu öz yerində qoyub.
Tamaşanın musiqisi bu absurd, intizarlı, darıxdırıcı əhvalata qəribə bir romantiklik gətirir. Buna şərti olaraq «həyat romantikası» demək olar. Getməyə yeri olmayanların romantikası var bu musiqidə. Ona bədbinlik və azadlıq qarışıb.
Epiloq
Əhvalatlar davam edir, vağzal isə heç yerə getmir. Tamaşada qəhrəmanlardan biri məhz belə deyir: «Əhvalatlar alışıb közərən və sönən od kimidir, onlar alışır, parlayır və sönür, vağzal isə heç yerə getmir». Qaldı bütün bunlara «hə, noolsun?» - deyə bilən həvəskar tamaşaçılara, - məsələ nə vağzaldadır, nə gözətçidə, nə də sizdə. Məsələ vağzalı-həyatı hiss etməkdə və gözləməkdədir.
Aliyə