Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan-Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Bununla əlaqədar noyabrın 15-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirildi.
   
   Festivalın rəhbəri, millət vəkili Jalə Əliyeva builki tədbirin ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edildiyini nəzərə çatdırdı: “Ötən il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “İDEA- ətraf mühitin müdafiəsi üzrə beynəlxalq dialoq” təşəbbüsü irəli sürüldü. Biz də istədik ki, teatra gələn gənclərimiz vətəni sevməyin yolunu vətənin hər daşını, hər guşəsini sevməkdən başladığını səhnədən gözləri ilə görsünlər və İDEA beynəlxalq təşəbbüsünün ildönümündə festivala start verdik. Məqsədimiz gəncliyi yaradıcı dialoqa cəlb etmək, gənc teatr kollektivlərinin hər bir üzvünü ekoloq-səfir olmağa həvəsləndirməkdir. Festival daha çox gənclər arasında fikir mübadiləsi, ideyalar toplusu, yaradıcı laboratoriya kimi nəzərdə tutulub”.
   Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov bildirdi ki, üç mərhələdən ibarət olan festivalın ilk mərhələsi 12 iyul - 30 avqust tarixlərini əhatə edib. Bu mərhələdə pyes-ssenarilərin qəbulu və seçimi aparılıb. 35 ssenaridən 13-ü festivalın proqramına daxil edilib. II mərhələdə seçilmiş yaradıcı heyətlərə tamaşaları hazırlamaq üçün vaxt verilib. Nəhayət, III mərhələdə (24-30 noyabr) Dövlət Gənc Tamaşaçılar Teatrında 13 kollektivin tamaşalarına baxış keçiriləcək”.
   Festivalın icraçı direktoru Ramil Ağasıyev qeyd etdi ki, festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakıdan 8 kollektivin, həmçinin Sumqayıt, Zaqatala, Ucar, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılıb. Tamaşaçılara "Zibil düşüncə", "13 yaşlı qızın gündəliyi", "Eqoist", "Qoy nəfəs alım", "Oksigen balonu" və s. səhnə əsərləri təqdim olunacaq.
   Şəffaflıq baxımından adları açıqlanmayan münsiflər heyəti tərəfindən Qran-pri (3000 manat), II (2000 manat) və III (1000 manat) yerlərin sahibləri, habelə ən yaxşı rejissor, ən yaxşı ssenari müəllifi, ən yaxşı kişi və qadın rollarının ifaçıları mükafatlandırılacaq.
   Festival çərçivəsində tanınmış sənət adamlarının iştirakı ilə ustad dərsləri və ArtKamp keçiriləcək. Millət vəkili Jalə Əliyeva festivalın keçirilməsində köməyini əsirgəməyən bütün təşkilatlara təşəkkürünü bildirdi.
   
   Lalə Azəri