Bertolt Brextin məşhur əsəri Milli Dram Teatrının səhnəsində
   
   Noyabrın 14-də Dövlət Akademik Milli Dram Teatrında alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçirildi. Dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.
   
   Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir. Səhnə əsərində əsas obraz olan Kuraj rolunu Xalq artisti Bəsti Cəfərova ifa edir. Digər rollarda əməkdar artistlər Pərviz Bağırov (Feldfebel), Abbas Qəhrəmanov (Aşpaz), Kazım Həsənquliyev (Komandan, Qoca polkovnik), Elşən Rüstəmov (Alay keşişi), Sevinc Əliyeva (Kəndli qadın), aktyorlar İlahə Həsənova (Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev (İsveçrəli), Elnar Qarayev (Gizir, Mirzə) Rəşad Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı (İvetta Rotye), Əlvida Cəfərov (II Feldfebel, Əsgər), Elnur Qədirov (Gənc kəndli), Ramin Şıxəliyev (Sarıqlı adam, Əsgər), Əlləz Əhmədov, Şəmsəddin Quliyev, Amil Babayev (Əsgər) çıxış edirlər.
   
   “O dövrdə yaxşı adam olmağı bacaranlar bütün dövrlərin ən yaxşı adamları idi”

   
   Bertolt Brext “Kuraj və uşaqları» əsərində də bu dövrü seçir - müharibəni. Bu, konkret bir müharibə deyil, bütün dövrlərin, bütün zamanların müharibəsidir. Silahlar dəyişir, mahiyyətsə dəyişmir. Rafiq Əliyevin səhnələşdirdiyi «Kuraj və uşaqları» tamaşasında bu fikir özünü tapıb. Yəni titrlərdə müharibə tarixi göstərilsə də, bu fakt olsa belə, şərtidir. Müharibə həmişə müharibədir.
   Zala daxil olan seyrçi tamaşanın başlandığını zənn edir. Zal yarıqaranlıqdır, səhnədə işıqlar yanır, musiqi gedir. Handan-hana fasilənin də bu ab-havada keçəcəyini anlayırsan. Rejissor tamaşada yaratdığı ab-havanı qorumaq kimi bəsit bir fikirlə düşünməyib bunu. Məsələ bu müharibənin daim getməsindədir. Biz ondan ayrılıb, fasiləyə çıxa, çay içə, kömbə yeyə bilərik, amma müharibə o səhnədə davam edir, “cəbhədə vəziyyət sabit, ağır olaraq qalır”. Bu ağır musiqi, qara buludlar bütün tamaşa boyu davam edir. Tamaşaçı müharibənin ağırlığını, yükünü hiss edir, bəzən ona öyrəşir, amma onu unutmur, yaddaşının bir küncündə müharibə öz ağır lövbərini salıb.
   Rejissor tamaşanı ikihissəli müharibə xronikası kimi təqdim edir. Səhnənin hər iki tərəfində qurulmuş mikrofonlar sizi çaşdırmasın. Tamaşa müzikl deyil, bu ağır havada müzikl yoxdur. Müharibə xronikası isə, qeyd olunduğu kimi, konkret bir savaşın deyil, ümumiyyətlə, müharibənin xronikasıdır.
   Əsəri oxuyanlar xəbərdardırlar. Kuraj üçuşaqlı qadındır. İşi müharibədə, bu dəhşətli zamanda balalarını saxlamaq, onları bacardıqca müharibənin aclıq, ölüm kimi dəhşətlərindən qorumaqdır. O, furqonu ilə müharibə torpaqlarını gəzir və hər cür xırda-xuruşdan silah-sursata qədər alıb-satır. Bu səyyar alver zamanı öz təhlükəsizliyini qorumaq üçün furqonuna müharibədə üstünlüyü olan tərəfin, torpağına ayaq basdığı ölkənin bayrağını sancır. Bayraqlar tez-tez dəyişir. Kuraj balalarını müharibədən qorumaq niyyətindədir. Amma nə qədər çalışsa belə bu qadın onları müharibədən qoruya bilmir. Müharibə onun hər üç uşağını əlindən alır. Bu acılar onu böyütmür, o, daşlaşır, furqonunu düşünür və qanunlarını unutmur - mərhəmət, vətənpərvərlik, sədaqət, rəşadət fiziki cəhətdən məhvə aparır. Bunu onun beyninə müharibə ən dərin izlərlə yazıb...
   Bəsti Cəfərovanın Kuraj anası furqonunun bayraqlarını dəyişsə də, öz sərhədlərini yaxşı bilən və qorumağa çalışan bir qadındır. Kuraj furqonuna o qədər öyrəşir ki, bu alışqanlıq artıq sülh haqqında arzularını korşaldır. Sülh ona görə gəlir və ya müflislik amilidir. O yalnızca sonda bir bioloji varolmanın gərəksiz olduğunu anlayacaq və furqona qoşqu heyvanı kimi qoşulmaq faciəsini dərk edəcək.
   
   Nərdivan - insanlıq pillələri
   
   Tamaşa boyu bütün səhnələrdə yer alan bir kəndir nərdivan var. Bir ucu yuxarı bağlanıb. Sonadək o nərdivan lazımsız bir əşya kimi səhnədə qalır. Onu kimsə görmür, o kiməsə lazım olmur. Amma lazımsız olurmu nəsə? Tamaşanın finalında seyrçi onun bir insanlıq pilləsi olduğunu anlayır. Kurajın qızı Ketrin o pillələri çıxıb təbili çalır və hücum planlaşdırılan şəhəri xəbərdar edir - uşaqları, qadınları, qocaları ölümdən qurtarır. Özünüsə vururlar və pillələrdən asılı qalır. Nə demək istəyir rejissor? Bəlkə onu deyir ki, bu pilləkəni vaxtında fərq etsək, görsək, hər kəs bu pilləkənin heç olmasa bir neçə pilləsini çıxsa günahsız körpələri, insanları ölümdən, müharibədən xilas edə bilərik? Ətrafımıza diqqətlə baxmalıyıq. Olanlara diqqətlə yanaşmalıyıq. O pillələri görməliyik...
   Tamaşa boyu Kurajın, keşişin dilindən müharibə haqqında müxtəlif fikirlər səslənir. Amma bu tezis-antitezislər tamaşanı heç hara aparmır. Əsas olan nərdivanla bağlı konseptual yozumdur. Brext dəfələrlə yazırdı ki, obrazın xarakteri tamaşanın ideya ruporu ola bilməz.
   
   Rənglər və geriyə dönüş
   
   “Kuraj və uşaqları”nın bədii-estetik təqdimatına gəldikdə isə ilk növbədə rənglərdən danışmalıyıq. Tamaşaya seçilən rənglər müharibə rəngidir. Proyektor vasitəsilə fonda daim buludlu bir hava var. Kənd və koma təsvirləri bir rəsm kimi «məni unutmayacaqsan»,- deyə dərin bir təəssürat ötürür. Furqon, aktyorların geyimləri yalnız orta əsr rəngləri deyil, ümumilikdə bir müharibə rəngidir. Top və mərmi tüstülərindən boğulmuş rənglər...
   Fondakı titrlər, finaldakı geriyə qayıdış Brextin xatirəsinə yaradılmış bir epiklikdən çox fraqmentarlıq ötürür. Bəlkə də bu üzdən tamaşa xronikadır. Finalda Kurajın furqonla geri qayıdışı, əvvəlki səhnələrdə ölmüş qəhrəmanların təzədən furqona cəm olması, ilk səhnədəki görüntünü bərpa etmək, zamanla geriyə dönüş (titrlərdə zaman geri gedir) həmişə müharibənin əvvəlində olduğumuzu yada salır.
   “Kuraj və uşaqları”nda bayraqlar əhəmiyyətsiz bir sərhəd atributudur, dövlət şərəfi kimi bir statusdan kənardır.
   
   Müharibə kişiləri
   
   Aktyor oyununda maksimum realizmə meyl olunub. Amma bunun bir göstərmə çalarları da var. Bu realist oyun öz-özünə deyil, tamaşaçıdan xəbərdar bir ifadır. Dörd əsas personaj tamaşa içində mikrofona yaxınlaşıb öz talelərini oxuyurlar - bu tale stixiyası onların oyununun əsas energetik mənbəyidir. Onların oyunu epik teatrda “zonq” adlanan bu parçanın üstündə qurulub. Bu keçmiş və gələcək yaralardan, zədələrdən yaranmış bir karmanın melodiyasıdır. Müharibədə əsgərlərə yalnızca yaşamaq uğrunda xidmət göstərən fahişə İvetta gözəl musiqi ilə, ehtiraslı səslə öz tarixçəsini danışır. Bu tarixçə də emosional zədələrlə boldur.
   Ümumiyyətlə, tamaşada kişilər müharibə aparan, qadınlarsa bu müharibədən əziyyət çəkən tərəf kimi göstərilir - elə həqiqətdə də belədir. Biz kişi cəmiyyətinin fəsadlarını, acılarını yaşayırıq. İvettanın mahnısının qorxulu personajları onu yoluxucu xəstəliklərə yoluxduran müharibə kişiləridir.
   Eylifin oxuduğu parça “asmaq-kəsmək” romantikalıdır, qəhrəmanlıq və rəşadət haqqındadır. O, bu ruha köklənir və bunun uydurulmuş bir nağıl olduğunu nəinki Kuraj, tamaşaçılar da aşkar görür. Yeganə qəhrəmanlığın o nərdivanı görmək və həyatı bahasına olursa-olsun ora addım atmaqdan çəkinməmək olduğunu unutmamalıdır tamaşaçı.
   Kurajın oxuduğu parça-zonq isə onun bu soyuqqanlı, mənfəətgir görünən obrazının bütün incə simlərinin səsidir. Bu, layladır. Kurajın uşaqlarına oxuduğu layla aktrisa Bəsti Cəfərovanın qəhrəmanının daxili aləminin qaranlıqlarından gəlir. Bu səs onun qəhrəmanının leytmotividir. Həm də tamaşanın seyrçinin qanına işləməsi, onu daha dərindən yaralaması üçündür. Bu mahnı parçaları tamaşanın temporitmini artırır, həmçinin uzun çəkən tamaşa müddətində seyrçini təsirləndirərək əhvalatın ardını görməyə vadar edir.
   Tamaşanın finalına yaxın bir mənzərə görürük - Kuraj səhnənin bir tərəfində furqonun qoşqusundadır, səhnə boyunca isə ölülər səpələnib. Bu səhnə bədiiliyi, təsvir dəqiqliyi ilə illüstrativlikdən, fraqmentarlıqdan çıxır və bir rəsm əsəri kimi baxılır.
   
   * * *
   Ola bilsin ki, tamaşanın aktyor oyunu, canlı səs və s. kimi ifadə vasitələrində müəyyən qüsurlar olsun, bu, təbiidir. «Kuraj və uşaqları» tamaşası hansısa teatr estetikasına (məsələn, Brextin adını eşitcək çoxunun təxmin etdiyi «epik teatr» estetikası) taxılıb qalmadan konseptuallıq, bədiilik və müasirlik kimi keyfiyyətləri qoruyur. Teatrda əsas problemin rejissordan qaynaqlandığını göstərir (rejissor peşəkardırsa, aktyor işləyir və keyfiyyətə nail olur). Ən əsası, tamaşadan evə gedən tamaşaçıları təsirləndirə, bəlkə də yaralaya bilir.
   Bu günlərdə keçirilən II Bakı Beynəlxalq Teatr Konfransında çıxışçılardan biri Yuqoslaviyada komendant saatı vaxtı teatra gedən tamaşaçıların fikrini söyləmişdi: «Teatr yeganə yerdir ki, biz orada insanın dəyərli olduğunu hiss edirik». Televizorumuz terror və müharibə ilə bağlı artıq statistik məlumatları və təsvirləri göstərir. Biz laqeydcə barmaqlarımızı pultun düymələrində gəzdiririk. Ölən insanlar kimdir, nə qədər dəyərlidir? Bir həyat nə qədər dəyərli ola bilər? Bunu düşünmürük. Reallıq yalnız pult düymələri və televizor ekranı deyil. Həmişə fərq etmədiyimiz bir nərdivan var...
   
   Aliyə