...22 noyabr səhəri gözlərini Xalq artisti Yaşar Nurinin ölüm xəbəri ilə açdı... Xəbərin ağırlığı payızın əhvalına qarışdı. Payızda dünyaya gələn sənətkar, payızda da dünyasını dəyişdi...
...Yaşar Nuri ömrünün son illərini ölümün gözünə baxa-baxa, ölümlə həyat arasında çarpışa-çarpışa, səhnəyə həsrətlə baxa-baxa, gedəcəyini bilsə də, dünya ilə zarafatlaşa-zarafatlaşa yaşadı. Və həyat səhnəsində son rolunu oynadı. 50 illik səhnə həyatında bu onun yeganə rolu idi ki, alqışı göz yaşları oldu...
Yaşar sağlığında əfsanələşən, klassikləşən o xoşbəxt sənətkarlardan idi ki, hamı onu əzizi, doğması qədər sevirdi. Bu sevgini ömrü boyu zərrə-zərrə qazanmışdı. «Yollar görüşəndə...», «Ömrün yolları», «Qatarda», «Evləri köndələn yar», «Kökdən düşmüş piano», «Topal Teymur», «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» trilogiyası, «Göz həkimi», “Ac həriflər», «Yarımştat» və neçə-neçə televiziya tamaşalarındakı bənzərsiz rolları xalqın yaddaşına, ruhuna hopmuşdu. Yaşar səhnədə sehrbaza çevrilib ən xırda rolları belə əməlli-başlı dirildirdi. Bu baxımdan onun hər rolu bir sənət əsəri idi. Çünki Yaşar Azərbaycan səhnəsinə həyatın özünü gətirmişdi. Elə buna görə də ilk gündən son günə kimi tamaşaçı səhnədə heç kimə inanmadığı qədər Yaşara inandı.
Azərbaycan kinosunda da Yaşar öz izlərini qoydu. «Yol əhvalatı», «Bəyin oğurlanması», «Yaramaz», «Qətl günü» və s. filmlərdəki rolları ilə milli kinomuzu zənginləşdirdi.
Ötən il “Space” televiziyasında Yaşar Nurinin 60 illik yubileyini qeyd edirdilər. Sonda özü danışdı: “60 yaş əsl kişi yaşıdır. İndi deməyə ixtiyarım çatır ki, mən xalqın tanıdığı, xalqın sevdiyi Xalq artistiyəm. Dostlarıma sadiq, torpağıma sadiq Xalq artistiyəm. Mən Akademik Milli Dram Teatrının kollektivinə borcluyam. Onlar məni yetişdiriblər, səhvlərimə dözüblər. Təzədən dünyaya gəlsəydim, yenə bu sənəti seçərdim. Necə yaşamışam, o səhvlərimlə - nöqtəsi ilə, vergülü ilə, nidası ilə, apostrof moddan düşüb, apostrofu ilə yenə yaşayardım. Yaşamaq istəyirəm, həyatı həyat kimi yaşamaq istəyirəm!”.
Nə yazıq ki, ömür vəfa etmədi... Azərbaycan teatrı böyük sənətkarlarından birini itirdi...
Bu yerdə yazıçı-dramaturq Əli Əmirlinin Yaşar Nuri haqqında dediyi sözlər yadıma düşür: “Yaşar Nuri özü təkbaşına bütöv bir teatrdır”.
Bu itki ilə barışa bilməyən həmdərdlilərim, kim desə ki, Yaşar Nuri öldü, inanmayın, TEATR ölmür...
Təranə Vahid