Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər

II yazı

Şəkiyə təkcə teatr tamaşalarını seyr etmək həvəsi, gördüklərimiz barədə «Mədəniyyət» qəzetinə yazmaq tapşırığı ilə gəlsək də, içimizdə bir istək də var idi. Bütün yay boyu Bakıda canımızı sıxan bürküdən qurtulmaq!.. Amma Şəki ona xas olmayan isti hava ilə bizi qarşıladı, ötən həftənin sonunadək elə Bakıda alışdığımız bürkü ilə bizi yandırıb-yaxdı, kondisioner sərinliyinə möhtac etdi.

Sentyabr tən yarı olan gündən isə istinin şaxı sındı, biz də dağlardan gələn sərin havanı ciyərlərimizə çəkdik. Xoşbəxtlikdən, bu sərinlik nə Şuşa Dövlət Musiqili Dram Teatrının çıxışına, nə də tamaşaçıların teatra münasibətinə təsir göstərdi.

Bu bir sərgüzəşt ki...

Şuşalılar Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəlinin doğma şəhərində ədibin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını oynadılar. Meydan teatrı üslubunda, çevik ritmdə, daha qabarıq etno-region üslubunda hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Tamaşada əməkdar artistlər Şükufə Musayeva və Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres və başqaları iştirak edirlər.
Rejissor daha çox vəzir Mirzə Həbibin ailə dramını ön plana çəkdiyi üçün sarayda baş verən əhvalatları yığcamlaşdıraraq, hətta saray adamlarını ixtisara salaraq, onların səhnə yükünü bir obraza - Səməd bəyə (Etibar Cəfərov) həvalə edib. Bəlkə də elə bu üzdən vəzirin evində baş verən hadisələr, məhz bu səhnələrdə iştirak edən personajların ifası daha güclü və maraqlı alınıb. Ümumiyyətlə, heç bir mübaliğə etmədən deyə bilərik ki, vəzir Mirzə Həbibin (Məmməd Məmmədov) Ziba xanım (Püstəxanım Zeynalova) və Şölə xanım (Mətanət Eres), Hacı Salah və Xacə Məsud (Azad Məmmədov) ilə səhnələri maraqlı və daha inandırıcı idi. Təbii ki, bu həm də aktyorların rejissor yozumunu düzgün dərk etməsi və obrazı bitkin təqdim etmək qabiliyyətindən asılıdır. Təəssüf ki, bu sözləri Teymur ağa rolunun ifaçısı Rasəf Mehdiyev barədə demək olmaz. Bu sətirlərin müəllifi Azərbaycan səhnəsində indiyədək belə sönük Teymur ağa ilə qarşılaşmayıb.

Dünyaya çatdırılan acı eşq hekayəti...

Əgər Şuşa teatrının tamaşasındakı Teymur ağa - Nisə xanım sevgi xətti tamaşaçıları tərpətmədisə, Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının festivala gətirdiyi dramaturq İran Qayıpın «Yestay-Korlan» adlı birhissəli məhəbbətnamə əsəri fərqli hisslər yaşatdı. Nə zamansa bir-birini sevmiş, lakin qovuşmadan ayrılmış, yalnız 40 ildən sonra rastlaşan iki insanın məhəbbətindən bəhs edən psixoloji dram bir neçə maralı məqam ilə yadda qaldı.
Tamaşada məşğul olan beş aktyorun beşi də yaşlı nəslin nümayəndəsi olsa da, onların nə hərəkətlərində, nə də danışıqlarında 60 yaş civarında olduqları hiss edilmədi. Pıçıltıları belə üç yüz nəfərdən artıq tamaşaçı tutan salonun ən son cərgələrində aydın eşidilirdi. Rejissor Murad Axmanovun quruluşda istifadə etdiyi iki nüans isə əsl müasir teatrın uğuru sayılmağa layiqdir! Rejissor təsviri sənətin ən gənc növü - qumla rəsm texnikası ilə Cənub-Şərqi Asiyada, xüsusən də İndoneziyada qədim tarixə malik kölgə teatrı ənənələrini uğurla sintez edib. Dil maneəsi olsa da, aktyorların ilhamlı oyunu, xüsusən də qeyd etdiyimiz teatr yenilikləri - keçmişin fondakı ekranda kölgələr və qum ilə yaradılan rəsmlərlə çatdırılması tamaşaçıların sənətlə təmasdan zövq almasına mane olmadı.

«Ruh» olanda da beləsindən olasan!..

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı festivala italyan dramaturqu Eduardo de Filipponun «Ruhlar» əsərini gətirmişdi. Teatrın baş rejissoru Tural Mustafayev əsərin sadə süjet xəttini maraqlı yozumla təqdim edə bilmişdi. Ümumiyyətlə, tamaşada rol almış aktyorların hamısının peşəkarlığı diqqəti cəlb edirdi. Baş rolun ifaçısı Əbülfəz Axundov (Paskuale Loyakone) ilə Alfredo rolunda çıxış edən Əməkdar artist Adil Zeynalovun ifasını xüsusi qeyd etmək istərdik. Raskuale Loyakone hərəkətləri, baş verən hadisələrə reaksiyası ilə daha çox neorealist İtaliya filmlərindən tanıdığımız qəhrəmanları xatırlatsa da, bizi özünün acizliyinə, onun həyat yoldaşını sevən Alfredo ilə niyə «saziş» bağladığına, onun puluna dolanmasına haqq qazandırmağı bacarır. Əsərin qayəsi - insanları pul ilə susdurmağın mümkünlüyünü, əzizlərinin mənafeyini belə pula satmağa, firavan yaşamaq xətrinə hər cür alçaqlığa razılaşmağa hazır olmağının nə qədər mənəvi çirkinlik olduğunu tamaşaçıya göstərir.

Buket var - ətri xoşdur, buket var - seyri!

Dövlət Pantomima Teatrı bu kollektivi yaxşı tanıyan hər kəsin sevdiyi bir proqramla - «Pantomima buketi» konsert-tamaşası ilə Şəkiyə təşrif buyurmuşdu. Kukla teatrı və balet elementləri ilə zəngin çıxışlar həmişə maraqla qarşılanır. Xalq artisti Bəxtiyar Xanızadənin 20 ildən bəri yaradıb yaşatdığı kollektivin çıxışları həmişə tamaşaçıların zövqünü oxşayır. «Buket»ə nisbətən yeni əlavə edilmiş «Skamyada görüş» və məxsusi Şəki səfəri üçün qısa mətninə düzəliş edilmiş «Trio» etüdləri də çox maraqlı idi.
Amma bir məqamı vurğulamaya bilmərik. Tamaşadan əvvəl salonda paylanılan proqramın köhnəliyi diqqətimizi çəkdi: proqramda 2009-2010-cu il teatr mövsümü qeydi var idi. Üstəlik, adları iştirakçı kimi qeyd edilən aktyorların bir neçə nəfəri çoxdandır ki, bu teatrda çalışmır, «Arı uçuşu» etüdündə isə Əməkdar artist Nargilə Qəribovadan başqa heç bir aktrisa iştirak etmirdi. Proqrama inansaq, ifaçıların üçü xanım olmalı idi. Bəlkə də bu faktın üstündən keçmək olardı. Amma əgər təcrübəsiz bir jurnalist öz kiçik informasiyasında Bəxtiyar Xanızadəni Əməkdar incəsənət xadimi kimi təqdim etsəydi, Xalq artisti bundan haqlı olaraq inciyərdi. Amma «Pantomima buketi»nin proqramında hörmətli Bəxtiyar müəllimin adı dörd yerdə Əməkdar incəsənət xadimi kimi qeyd olunmuşdu.

Torpağı bir yerdən götürülənlər...

Klassika ona görə klassika sayılır ki, onun toxunduğu mövzu həmişə aktualdır və ona ən müxtəlif məqamlardan yanaşmaq mümkündür. Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyası da arvad hesabına güzəran qurmağa, ağ günə çıxmağa çalışan kişilərə, bu təhqirə dözməyib ərindən intiqam almağa, öz halal haqqını bərpa etməyə çalışan qadınlara həsr olunub. Sadəcə, Mingəçevir Dövlət Dram Teatrında bu əsərə quruluş verən tanınmış rejissor, Xalq artisti Vaqif Əsədov hadisələri muzeyə köçürüb. Üzeyir bəyin yaratdığı personajlar muzey işçilərinin əli ilə canlanırlar.
Tamaşada diqqətçəkən bir məqamı xüsusi qeyd etmək lazımdır. Vaqif Əsədov yalnız gənc aktyorlara rol verib. Onlar da bacardıqlarını əsirgəməyiblər. Əksər bölgə teatrlarının gənc aktyor qıtlığı problemi ilə üzləşdiyini nəzərə alsaq, Mingəçevir teatrında kifayət qədər kadr potensialının olması sevindirici haldır.

* * *
I Şəki Beynəlxalq Teatr Festivalı sona yaxınlaşır. Bizim yazılarımız isə hələ davam edəcək.

Gülcahan Mirməmməd,
Şəki