Xalq artisti Şəfiqə Məmmədovanın üç rolu haqqında xatırlamalar
İkinci xatırlama
Gertruda
(Əvvəli qəzetin 17 sentyabr sayında)
Akademik Milli Dram Teatrı 1968-ci ilə kimi Şekspirin «Hamlet» faciəsini iki quruluşda oynamışdı. Birinci tamaşa 1926-cı il dekabrın 23-də (quruluşçu rejissor Aleksandr Tuqanov), ikincisi isə 1933-cü il aprelin 17-də (quruluşçu rejissor Sergey Mayorov) hazırlanıb. Gertruda obrazını ilk quruluşda Mərziyə Davudova və Əzizə Məmmədova, ikinci səhnə təfsirində Mərziyə Davudova ifa ediblər.
Tofiq Kazımovun rejissorluğu ilə 1968-ci il martın 15-də oynanılan tamaşada Gertruda rolu Şəfiqə Məmmədovaya tapşırıldı. Şəfiqə xanım kraliça Gertrudanın akademik teatrda üçüncü ifaçısı oldu. Hər üç rejissor Cəfər Cabbarlının tərcüməsinə üstünlük vermişdi.
İlin sonunda Şəfiqə Məmmədova Lev Tolstoyun «Canlı meyit» pyesinin tamaşasında qaraçı qızı Maşa rolunu oynadı və çox böyük uğur qazandı. Tənqid teatrın yeni aktrisa kəşf etdiyindən yazırdı. Lakin teatrşünas Adilə Səfərova aktrisanın uğurunu və parlaq gələcəyini daha tez görüb duymuşdu. O yazırdı ki, «Hamlet» tamaşası «sayəsində yeni, maraqlı aktrisa - Gertruda rolunun ifaçısı Şəfiqə Məmmədova kəşf edilmişdir» («Kommunist» qəzeti, 3 aprel 1968).
Qəzetlər «Hamlet»in hazırlanması barədə anonslar, rejissorla qısa müsahibələr verəndə məşq edənlərin də adları çəkilirdi. Teatr ictimaiyyətinin böyük əksəriyyəti Gertruda rolunun gənc qıza tapşırılmasına təəccüb edir, bəziləri dodaq büzür, bir qismi isə əvvəlcədən həm aktrisanın oyununa, həm də tamaşaya «uğursuzluq» proqnozu verirdilər. Şəfiqə xanıma ilk inanan Tofiq Kazımov idi. Müəyyən səhnə məşqlərindən sonra Həsən Turabov, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov da aktrisanın bu ağır yaradıcılıq yükünü inamla çəkə biləcəyinə inanmağa başladılar.
Beləcə, Azərbaycan milli teatr tarixində orijinal, bənzərsiz, hətta mən deyərdim, qeyri-adi Gertruda yarandı. Təcrübəsizlikdən gələn müəyyən çatışmazlıqları ilə birlikdə Gertruda parlaq sənət nümunəsiydi.
Yeri gəlmişkən deyim ki, dünyanın məşhur «Hamlet» tamaşaları haqqında xeyli məlumatım var. Ancaq və di gəl ki, dünya teatr tarixində 23 yaşlı aktrisanın Gertruda rolunu oynadığına rast gəlməmişəm.
Əlbəttə, Şəfiqə Məmmədovadan başqa!
Gertrudanın səhnəyə ilk gəlişi çox əzəmətli görünürdü. Rejissor həmin səhnəni xüsusi zövqlə, yüksək peşəkarlıqla qurmuşdu.
Əzəmətli, möhtəşəm, bir qədər həyəcanlı musiqi (bəstəkar Qara Qarayev) çalınır. Səhnə yarıqaranlıqdır, ancaq bu görünüşdə nə isə bir səksəkə, rahatsızlıq, hətta cansıxıcı vahimə var.
Musiqi sədaları altında qədim antik amfiteatrlar formasında işlənmiş dekorasiyanın zirvəsində Klavdinin (Əli Zeynalov) tacı və Gertrudanın baş geyimi görünür, tədricən hər iki fiqur böyüyüb üç-dörd metrlik dairənin yüksək nöqtəsində dururlar (Onların qalxdıqları pilləkənlər görünmürdü). Gertruda son dərəcə cazibəli, ehtiraslı, hakimiyyət hərisliyindən gözləri alışıb-yanan kraliça təsiri bağışlayır. Ətəyi yerlə sürünən, bədəninə kip yapışmış paltar Gertrudanı çox uca, qəddi-qamətli göstərirdi. Kraliça qranitdən yonulmuş heykələ bənzəyirdi. Canlı heykələ.
Elə bu cazibəli, sehrli ovqat oyadan görkəm rejissor Tofiq Kazımovun kraliça Gertruda obrazı üçün açar-kodu idi.
Sual oluna bilər:
- Nə üçün 30 yaşlı Həsən Turabovun ifa etdiyi Hamletin anası Gertrudanı 23 yaşlı Şəfiqə Məmmədova oynayır? (Bu sual 1968-ci ildə tamaşaya baxmamışdan əvvəl çox adamda rahatsızlıq, hətta Tofiq Kazımova qarşı etiraz, qəzəb doğurmuşdu).
- Nə üçün Gertruda kral ərinə sui-qəsddə Klavdi ilə əlbir olur?
- Nə üçün Gertruda Klavdiyə ərə gedir? Özü də ərinin qırxı çıxmamış. Axı onun əvvəlki əri, Hamletin atası da kral idi?
Tofiq Kazımovun həssas məntiqinə və tamaşa üçün müəyyənləşdirdiyi konsepsiyasına istinadən sualları cavablandırmağa çalışacam.
Pyesin orijinalının remarkasından bilirik ki, Hamlet bəstəboy, tosqun, tez-tez təngnəfəs olan gəncdir. Atasının Hamletdən başqa övladı yoxdur. Hamlet dünyaya gələndə atası kişi kimi zəifləmişdi. Tamam qocalıb əldən düşəndə isə Klavdi ilə Gertruda yatdığı yerdə onun qulağına zəhər töküb qətlə yetirmişlər. Deməli, bioloji qadın tələbatını ödəmək üçün ehtirası qaynayıb coşan Gertrudaya güclü kişi lazımdır.
Məhz Şəfiqə Məmmədovanın Gertrudası belə bir ehtirasla alışıb yanan kraliça idi. Onun baxışlarından, yerişindən, kip paltarın içində titrəyən bədənindən ehtiras yağırdı. Tofiq Kazımovun seçimi dəqiq və çox inandırıcı, rejissor məqsədi bədii cəhətdən ifadəli alınmışdı.
Hamletin əmisi Klavdi riyakardır, rəzildir, əzazildir, şöhrətpərəstdir. Eyni zamanda qorxaqdır, qətiyyətsizdir. Həm də kraliçanı coşqun ehtirasla sevir. Tamaşanın ümumi ruhundan belə qənaət hasil olurdu ki, Klavdi ilə Gertrudanın eşq macəraları kralın ölümündən çox-çox əvvəllər başlayıb. Elə buna görə də qətlə yetirilən kralın qırxı çıxmamış Klavdi və kraliça izdivaca giriblər. Deməli, Gertruda şəhvani ehtirasını soyudacaq ər tapmaqla həm də hakimiyyət hərisliyinin gizlin mətləblərini həyata keçirə biləcək məqama çatıb. O əmindir ki, iradə və hökmdə Klavdini özünə ram edə biləcək. Hakimiyyətin idarəçiliyində əsas söz onun olacaq.
Hələlik kraliça bu istəyini gizli saxlayır. Ancaq rejissor və Şəfiqə Məmmədova üçüncü planda buna həssaslıqla işarə vururdular. Belə bir yanaşma Azərbaycan teatrında, bəlkə də əksər dünya teatrlarında yeni idi. Yenilik orijinallıq xətrinə edilməmişdi, güclü rejissor yozumunın və aktrisanın ifadəli oyunun güclü məntiqi ilə əsaslandırılmışdı.
Bu hisslər tamaşaçıda Şəfiqə xanımın şahanə, zahirən vüqarlı, özünün iradəsinə və gözəlliyinə inanan, hətta öz füsunkarlığına məftun olan kraliça oynamasından doğurdu. Həmin məqamda da Tofiq Kazımov əsərin səhnə həllində Klavdinin kral tacını başına qoymasını psixoloji məntiqlə əsaslandırmışdı.
Şəfiqə Məmmədova rejissor fikrinə əsaslanaraq bir qədər də dərinə getmişdi. Onun Gertrudası, bütün rəzilliklərinə baxmayaraq, yeganə övladı Hamleti ehtiraslı məhəbbətlə sevir. Bu sevgiyə görə də onu sarayın ziddiyyətli intriqalarından, gələcəkdə baş verə biləcək daha dəhşətli mənfurluqlardan kənar etməyə çalışır. Belə bir səhnə təfsiri aktrisaya daha mürəkkəb, daha psixoloji, daha fəci səhnə obrazı yaratmağa imkan vermişdi. Şəfiqə xanım gənc və təcrübəsiz olmasına baxmayaraq, rejissorun köməkliyi ilə həmin imkandan həssaslıqla bəhrələnə, sənətkarlıqla istifadə edə bilmişdi.
Onun yaratdığı Gertruda xalis Şekspir personajı idi.
Aktrisa öz obrazını dörd ritm-psixologiyada, dörd hərəkət plastikasında oynayırdı.
Şahanəlik, hökmdarlıq ehtirası, çılğın daxili coşqunluq Klavdi (Əli Zeynalov), Poloni (Məmmədrza Şeyxzamanov) və digər saray əhli ilə münasibətlərində qabarıq idi.
Riyakarlığı, qeyri-səmimiliyi, dəyişkən hərəkət plastikası Ofeliya (Amaliya Pənahova) və Laert (Kamal Xudaverdiyev) ilə epizodlarda dominantlıq edirdi. Bu epizodlarda aktrisa tez-tez danışığının ahəngini və hərəkət ritmini dəyişirdi.
Klavdi ilə Hamlet barədə söhbətlərində Gertruda səksəkəlidir. Yaranmış gərgin vəziyyətdən çıxış yolu tapa bilmir. Ona görə də Klavdinin cızdığı plana istər-istəməz «hə» deyir. Baxışları qayğılıdır. Hərəkətlərində sərt çeviklik yoxdur. Daxilən gərgin və rahatsızdır.
Hamletlə dialoqlarında oğlu nə qədər tikanlı və sərt danışsa da, Gertruda ona səmimiyyət göstərməyə çalışır. Bu epizodlarda aktrisa emosional psixologizmə üstünlük verirdi. Hətta müəyyən məqamlarda lirizmin emosional çalarlarından bacarıqla istifadə edirdi.
Təbii ki, onun bu dəyişmələrinin əsas səbəbini müxtəlif vəziyyətlərdə obrazın keçirdiyi psixoloji daxili hallar diktə edirdi. Ancaq əsas məsələ ondadır ki, Şəfiqə xanım bu özgələşmələri yüksək peşəkarlıqla, kamil istedadla doğruldurdu.
Şəfiqə Məmmədova Gertrudanın səksəkəsini öz oyununda müxtəlif şəkillərdə büruzə verirdi. Klavdi, Poloni, Ozrik (Məmməd Sadıqov), Rozenkrans (Rafiq Əzimov), Gildistern (Həsən Məmmədov) ayrı-ayrılıqda miskin və şərəfsizdirlər, riyakar və ikiüzlüdürlər, qorxaq və yaltaqdırlar. Ancaq onların birlikdə təmsil etdikləri şər qüvvəsi çox güclüdür, Elsinor sarayındakı cəmiyyətin sütunları onların çiyinlərindədir. Şəfiqə Məmmədovanın kraliçası bütün bunları duyur, dərk edir, ancaq onun geri çəkilmək, məsləyini dəyişmək istəyi yoxdur. Amma və di gəl ki, eyni zamanda aqibətinin faciəli sonluqla bitəcəyindən qorxur, səksəkəyə düşür.
Belə bir oyun tərzi təbii və realdır. Gertruda finalda qurulan saray tələsinin qanlı toruna düşüb məhv olur.
Şəfiqə xanımın oyununun təravət və dəyərini daha dərindən qavramaq üçün onun Hamletlə (Həsən Turabov) səhnələrinə xüsusi diqqət yetirmək vacibdir. Əvvəlcə Hamlet obrazının səhnə təfsiri haqqında bir neçə söz deməyə ehtiyac var. Vaxtilə, yəni 2000-ci ildə mən Həsən Turabov barədə «Aktyora oxşamayan adam» kitabını yazmışdım. Üstündən 14 il keçəndən sonra o kitabı vərəqləməyə daxili tələbat duydum.
Hamlet Həsən Turabovun qəhrəmanlıq anlayışı duyğusundan şirələnmişdi. Onun mənəvi dünyasını, şübhə və tərəddüdlərini mərhəmliklə mənimsəyən aktyor ilk növbədə başı zamanın əlhəd daşına dəyən səmimi insanı - şahzadəni oynayırdı.
Turabovun Hamletinin dünyaya - qanlı-qadalı, riyakarlıq donlu, möcüzələrlə dolu, şairanə dünyaya baxışlarında poetik çalar daha üzdə görünürdü.
Həsən Turabov «zəif iradənin faciəsi» ilə «güclü xarakterin faciəsi» arasında tarazlıq yaratmaqla Hamleti bədii obrazlıqdan çıxarıb canlı (bütün mürəkkəblikləri ilə) müasirimizə çevirmişdi. Biz bədii əsərdən yox, başı müsibətlər çəkən müasirimiz Hamletdən həyatın ibrət dərslərini alırdıq, öyrənirdik.
Həsən Turabov Hamletin şəxsi qəmini (atasının ölümü) ictimai faciəyə - insanlığın məhvinə qarşı ölüm çağırışına qədər yüksəldib bəşəriləşdirirdi. Onun səhnə təfsirində Hamlet zəif, qətiyyətsiz, iradəsiz şahzadə deyil. O, əhatəsinə düşdüyü sarsıdıcı hadisələrdən (atasının qətlə yetirilməsi, əmisi Klavdinin atasının tacına yiyələnməsi, anası Gertrudanın ərinin meyiti soyumamış Klavdiyə ərə getməsi və sair) məntiqi qənaət hasil etmək istəyən, həyat hadisələrini fəlsəfi ölçülərlə dəqiq təhlilə çalışan filosofdur.
Klavdi qərarı tez və qəti çıxarır - əvvəl şahzadəni öz yanında və yaxınında saxlayır ki, onu daha yaxşı müşahidə etsin. Edir və qərara gəlir ki, Hamleti İngiltərəyə göndərsin. Tamaşaçı onun daha hansı məkrli planlar qurduğunu bilmir. Ancaq Həsənin şahzadə Hamleti həssaslıqla bunu duyur. Hətta gələcək məkrli faciəni təsəvvür də edir. Elə buna görə də qərar çıxarmaqda, «Olum, ya ölüm?» sualını cavablandırmaqda hissinin yox, idrakının gücünə arxalanır. Qorxaqlıqdan yox, ağlın gücündən tələsmir. Qəti nəticəyə gəlmək üçün hələlik səbr və ağılla müəmmalı suallara qəti cavablar axtarır. Səhv etməmək, yanılmamaq naminə. Uca tutduğu insanlıq naminə.
Tamaşada qəribə bir duet var idi:
Hamlet və Gertruda.
Həsən Turabov və Şəfiqə Məmmədova.
Şəfiqə o vaxtlar, necə deyərlər, durnaboğazlı, sərvboylu, cazibədar Gertruda idi. Hətta oğlu Hamletlə həmyaş görünürdü. Bu cür rol bölgüsü, yuxarıda dediyim kimi, çoxlarını çaşdırmışdı. Axı, truppada yaşlı aktrisalar yox deyildi. Hətta bu rolu oynamaq ürəyindən keçən və buna məqam gözləyənlər də vardı... Bu istək onların təbii haqları idi... Mən bilirəm ki, Hökümə Qurbanova Gertrudanı oynamaq istəyirdi... Gertrudanı oynamaq Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın, Sofiya Bəsirzadənin də ürəyindən keçirdi...
Amma Tofiq Kazımovun qəsdi Hamletin - Turabovun mübarizəsini dərinləşdirmək, çətinləşdirmək idi. Dərinlik də məhz Gertrudanı canlı qadın eləməkdə idi. O, sadəcə Hamletin anası, ərinə xəyanət etmiş arvad deyil...
Turabovla Şəfiqə yanaşı duranda qeyri-ixtiyari bu ailənin keçmişini düşünürdüm.
Aha, deməli, Hamlet erkən uşaqdır, deməli, atası yaşlı olub.
Bəzən duyurdum ki, Hamlet də bunu anlayır, hardasa anasını başa düşür, amma ona bəraət qazandıra bilmir...
Tamaşadakı belə yozum, belə «canlılıq» çoxlarını hirsləndirmişdi. Məgər ətrafımız yalnız yüksək mənəviyyatlı, sədaqətli, ləyaqətli adamlarla doludur? Sanki cəmiyyətimizi sarsıdan mənəviyyat böhranı, bütün sosial təbəqələrdə riyakarlıq, yüksək amalları pula və ya şəhvani tələbatlara satmaq, dəyişmək halları yox idi.
Həsən - Şəfiqə səhnələrinin qəribə ovqatı vardı. Ağrılı, əzablı, müəmmalı...
Həsən Turabov obrazının əməl-fəaliyyət xəttində idraka üstünlük verirdi.
Şəfiqə xanım haqlı olaraq hissə, qadın ehtirasının emosional tələblərində cəmiyyətin bütün «əxlaq ölçülərini» sındırmağa cəhd göstərirdi.
Həsənin Hamleti anasının zavallılığından, ehtiras əsiri olmasından, tutduğu faciəli əməldən sarsıntı keçirir, nifrətlə təəssüf hissi arasında tarazlıq axtarır.
Şəfiqə Məmmədovanın Gertrudası özünün qadın xoşbəxtliyini övlad səadətini görmək arzusundan yüksəkdə tutur. Özü də bunu ağılla, idrakla yox, əsiri olduğu hisslərin diktəsi ilə edir... Hətta bəzən əzab çəksə də inadından dönmür...
Tamaşaya resenziya yazan İnqilab Kərimovun belə bir fikri var: aktrisa rejissorun köməyi ilə «dərk etmişdir ki, Gertruda tac-şöhrət əsiri deyil, ehtiras qurbanıdır» («Azərbaycan gəncləri» qəzeti, 14 may 1968). Bu fikirlə birtərəfli barışmaq olmaz. Səbəbini yuxarıda söyləmişəm. Bir daha təkrar edirəm ki, Klavdini yaxşı tanıyan Gertruda hakimiyyətdə əsas sima olacağına əmin idi. Deməli, iki hiss, qadın və hakimiyyət ehtirası Gertrudanın daxilində bütöv şəkildədir.
Bununla belə, teatrşünasın aktrisanın oyunu haqqında maraqlı fikirləri də var. «Şəfiqə Məmmədova Gertrudanın faciəsini duyur, onun daxili böhranını hiss edir, psixoloji vəziyyətini anlayır. Bu rolunda tamaşadan tamaşaya inkişaf edir».
Təbiidir ki, Şəfiqə xanımın Maşa, Sevda, Sona («Dəli yığıncağı»ndakı Sona), Gültəkin obrazlarında nümayiş etdirdiyi sənətkarlıq incəlikləri Gertrudada az idi. Ancaq əsası o idi ki, aktrisanın özü səhnədə səmimi və inandırıcı, oynadığı obraz cazibəli, təravətli, mürəkkəb, mənalı və ən əsası bənzərsiz idi. Onun Gertrudasını sənət nümunəsi kimi sevməmək mümkünsüz idi.
Bunu həssaslıqla duyan teatrşünas Məmməd Mərdanov yazırdı ki, «aktrisanın cazibəli zahiri görkəmi, təbii cazibədarlığı, məlahəti var» («Bakinski raboçi» qəzeti, 11 aprel 1968) və həmin keyfiyyətlər təcrübəsiz aktrisanın oyunundakı xırda çatışmazlıqları da yox edirdi.
Başqa bir maraqlı fikrə nəzər salaq. «Rejissor Gertruda kimi mürəkkəb bir rolu sənətə yenicə gələn təcrübəsiz aktrisaya tapşırmaqla böyük riskə gedib, lakin Şəfiqə Məmmədova onun inamını qətiyyətlə doğruldub. Tamaşaçı onu yalnız cazibədar zahiri görkəminə, yaraşığına görə qəbul etmir. Gertrudanın iztirablı kədərini, oğlu Hamlet qarşısındakı günahlarını səmimiyyət və ehtirasla verən» («Baku» qəzeti, 3 aprel 1968) Şəfiqə Məmmədova orijinal səhnə surəti ilə milli teatr tariximizdə qaldı.
İlham Rəhimli