Beynəlxalq Muzeylər Günü bu mövzuya həsr olunub

Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər planı hazırlayıb. Tədbirlər İCOM-un elan etdiyi “Muzeylər və mədəni landşaftlar” mövzusunun təqdimatına və işıqlandırılmasına həsr edilib.
Təbiətə bağlılıq Azərbaycan xalqının əzəli xüsusiyyəti olmaqla yanaşı, mədəni, tarixi irsimizdə də geniş əks olunub. Təbii gözəlliklər, min bir sirrin daşıyıcısı olan mağaralar, kahalar, xalqın inanc yerinə çevrilmiş ağac-pirlər və digər incilər mədəni landşaftın tərkib hissəsi olmaqla yanaşı, maddi və qeyri-maddi mədəni irsimizin ünsürünə çevrilib. Onların tamaşaçılara tanıdılması və gənc nəsildə soy-kökünə bağlılığın aşılanması isə bilavasitə bu biliklərin yayımı ilə bağlıdır.
Beynəlxalq Muzeylər Günündə saat 15-dən 20-dək İçərişəhər ərazisində yerləşən Əlağa Vahid bağında Mədəniyyət və Turizm Nazirliyi, İCOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə “Muzeydə bir gün” adlı tədbir keçiriləcək. Həmçinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Dövlət Kənd Təsərrüfatı Muzeyində Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyası və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyası uşaqlarının çəkdikləri rəsm əsərləri və fotosərgiləri nümayiş olunacaq.
Basqal İpək “Kəlağayı” Muzeyi isə sözügedən tədbirdə kəlağayı sənətinə həsr olunan “Təbiətdən gələn bərəkət” interaktiv proqramı ilə çıxış edəcək. Tədbir zamanı uşaqların təqdim etdiyi əl işləri dəyərləndirilərək, qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.