Azərbaycan Milli Kitabxanası universal və zəngin fondu, xidmətin keyfiyyəti ilə istifadəçilərin üzünə açıqdır və öz işini dünyanın aparıcı kitabxanalarının iş təcrübəsinə əsaslanaraq müasir, modern səviyyədə qurmağa nail olub. Milli Kitabxana hər il çoxlu sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat nəşrləri hazırlayıb kitabxana ictimaiyyətinə və oxucularına təqdim edir.
Belə nəşrlərdən biri bugünlərdə çapdan çıxan “Oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi” kitabıdır. Kitab xidmət işləri üzrə direktor müavini, Oxuculara xidmət şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova tərəfindən Milli Kitabxananın təcrübəsi əsasında tərtib edilib. Nəşrin redaktoru Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur.
Kitabxana-informasiya mütəxəssisləri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda Milli Kitabxanada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron resursların formalaşdırılması, elektron kitabxana, elektron kataloq, elektron məlumat bazaları, mikrofilmləşdirmə, retrokonversiya, rəqəmsallaşdırma haqqında məlumat verilir, virtual xidmət növlərindən bəhs edilir.
Bundan başqa, müəllif kitabda oxucuların qeydiyyatı prosesinə toxunur, elektron biletin hazırlanması, kitab verilişi prosesinin avtomatlaşdırılması - kitab fondunda onlayn sifarişin qəbulu və mobil kitab rəfləri haqqında informasiyanı oxucularına təqdim edir.
Aygün Hacıyeva
Azərbaycan Milli Kitabxanasının Kitabxanaşünaslıq elmi tədqiqat şöbəsinin müdiri