Nədənsə adi seyrçiyə elə gəlir ki, sənət dünyasında hamı tanınmaq, şöhrət qazanmaq arzusundadır. Bəlkə də biz hamımız sənəti özündə sevənləri yox, özünü sənətdə sevənləri daha çox tanıyırıq, ona görə belə fikirləşirik. Ya da əksinə, belələri daha çox tanınmağa, nəyin bahasına olursa olsun, göz qabağında olmağa can atdıqları üçün onları daha çox tanıyırıq. Halbuki sənət aləmində də təvazökar insanlar, işdən kənarda diqqət çəkmək istəməyən peşəkarlar az deyil. Onlardan biri ilə - S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, respublikanın Əməkdar artisti Rita Əmirbəyova ilə həmsöhbətik.
Söhbətimiz lap əvvəldən ənənəvi müsahibənin çərçivəsinə sığışmadı, bunu oxucular da hiss edəcək. Sanki hər sual bir mövzu, aktrisanın cavabları isə həmin mövzuda monoloq-çıxışıdır. Özü də bu, oyun deyil: ömrünü səhnəyə həsr etmiş bir aktrisanın etiraflarıdır.

I monoloq
Haradan başladı bu həvəs?


Mövzu: Deyirlər ki, aktrisa olmağı arzulamayan qız yoxdu. Düzdür, zəmanənin tələbinə uyğun olaraq, bu arzunun arxasında fərqli niyyətlər dayana bilər. Amma hər halda...
- Deməzdim ki, ağlım kəsəndən aktrisa olmağı arzulamışam. Yuxarı siniflərdə oxuyanda sinfimizə bir qız gəldi. Elə hey deyirdi ki, aktrisa olacağam. Mən də onun təsiri altına düşdüm. Bir gün anam dedi ki, elə-belə deməklə deyil, bəlkə bir dərnəyə, xalq teatrına gedib özünü sınayasan? Bəlkə sənin heç aktyorluq qabiliyyətin yoxdu? Ağlıma batdı. Elə həmin rəfiqəmlə Semyon Mixayloviç Şteynberqin xalq teatrına getdim. İşə bax ki, sakit, diqqət mərkəzində olmağı xoşlamayan mən qaldım, fəal, çevik, mənim fikrimcə, gözəgəlimli rəfiqəm isə yox. İlk rollarımı oynayandan sonra qəti qərara gəldim ki, təhsil almaq üçün Moskvaya gedim. Getdim, amma qəbul ola bilməyib Bakıya qayıtdım. Bir il sonra Bakıda o vaxtkı Teatr İnstitutunda rus bölməsi açıldı, Leninqradda təhsil almış Cənnət Səlimova ilə İrina Perlovanın ilk kursuna qəbul oldum. Mən bu günədək özümü Cənnət xanımın yetirməsi hesab edirəm.

II monoloq
Teatr, yenə də teatr


Mövzu: Bütün ömrünüzü teatra həsr etmisiniz. Sizinlə görüşə hazırlaşanda teatrın saytındakı portfolionuza baxdım. Ən müxtəlif tamaşalarda rol almısınız. Yəqin ki, uğurlu olanları da olub, nisbətən uğursuz alınanları da.
- Təbii ki. Tamaşaların da öz taleyi olur, uğur gətirəni, uzunömürlüsü, repertuardan tez çıxanı da. Mənim üçün rolun yaxşı-pisi, kiçiyi-böyüyü olmayıb. Amma «Aysedora Dunkanın üç ömrü» monotamaşasının sənət taleyimdə yeri başqadır. Onu rəfiqəm Zemfira Hüseynova ilə monotamaşalar festivalı üçün hazırlayırdıq. Deməli, səhnədə elə balerinalar kimi qara trikonun üstündən çimərlik geyimində məşq edirəm. Zemfira ilə hələ hansı geyimdə səhnəyə çıxacağıma da qərar verməmişəm. Birdən təsadüfən salona gələn qocaman teatr işçisi Zemfiraya deyir ki, qoy Rita elə bu görkəmdə tamaşanı oynasın. Bunu mənə deyəndə əvvəlcə razılaşmadım. Çünki mən Aysedoranı başqa cür görürdüm. Amma bilirsiniz, ömür boyu teatrda işləyənlərdə qəribə bir duyum olar: onlar tamaşaçının reaksiyasını həssaslıqla, özü də öncədən duya bilirlər. Sadəcə, bir uzun ipək şərfi boynuma doladım və bu detal obrazı tamamladı. Tamaşa uğurla keçdi, mükafat qazandım. Məni təbrik edənlər deyirdilər ki, həmin görkəm obrazın daxili aləmini göstərməyimə mane olmurmuş.

III monoloq
Kino, klip, tanınmamaq istəyi


Mövzu: Rita Əmirbəyova xüsusi plastikası, ekran üçün çox maraqlı üz cizgiləri olan bir aktrisadır. Amma nədənsə kino rejissorları onu görməzdən gəliblər. İlk dəfə 1975-ci ildə «Azərbaycanfilm»in ekran taleyi çox namüəyyən olan «Əgər bir yerdəyiksə» bədii filmində Solmaz roluna çəkilib. Bir də 1989-cu ildə Eldar Quliyevin «Təxribat» filmində əsas rollardan birini ifa edib. Vəssalam. Görəsən, niyə?
- Bilmirəm. Xasiyyətim elədir ki, heç vaxt kimsənin qapısını döyməmişəm, nə teatrda, nə kinoda özümçün rol tələb etməmişəm. Fikirləşmişəm ki, lazım bilsələr, - çağıracaqlar, hansı obrazda görsələr - o rolu verəcəklər.
Diqqət mərkəzində olmağı heç xoşlamıram. Neçə il əvvəl Ağadadaş Ağayevin «Gecdir daha» klipində çəkildim. Klipin az qala hər gün televiziyada göstərildiyi vaxtlar idi. Hiss edirdim ki, ictimai yerlərdə məni tanıyırlar. Bir dəfə isə metroda mənimlə üzbəüz əyləşənlərin baxışlarından yaman sıxıldım. Tərs kimi də klipdə geyindiyim qara manto əynimdə idi. Sonralar xeyli müddət həmin mantonu geyinmədim. Məncə, sənətindən asılı olmayaraq, çoxu tanınmağı sevir. Sosial şəbəkələrə diqqət yetirin. Ən adi peşə sahibləri, evdar xanımlar belə tez-tez öz fotolarını paylaşırlar, tanınmaq istəyirlər. Ola bilsin ki, insanlar sənət adamlarını daha çox, daha yaxından tanımaq istədikləri üçün onların təkcə fəaliyyəti ilə deyil, həm də şəxsi həyatları ilə maraqlanırlar. Mən göz qabağında olmağı heç vaxt sevməmişəm.

IV monoloq
Böyük sevginin bəhrəsi


Mövzu: Adətən sənət adamı övladının onun yolunu davam etdirməsini istəmir. Bəlkə də çoxları düz edir. Çünki övlad müəyyən yaşdan sonra da filankəsin qızı, oğlu kimi tanınacaqsa, özünün yaddaqalan uğuru olmayacaqsa, elə başqa sənət seçsə, yaxşıdır. Amma qəribədir ki, çox zaman valideyn elə istedadlı övladının qarşısını kəsir. Oğlunuz Oleq Əmirbəyov də tanınmış aktyordur. Atası, Əməkdar artist mərhum Arnold Xarçenko da çox yaxşı aktyor idi.
- Oleq böyük sevginin bəhrəsidir. Təəssüf ki, o, atasını xatırlamır. Oğlum üçaylıq olanda biz Arnoldu itirdik. Oleqi böyük əziyyətlə böyütdüm. Yadınızdadırsa, elə bir vaxt var idi, biz teatrda aylarla maaş almırdıq. Yaxşı ki, o zaman valideynlərim mənə dayaq oldu. Təsəvvür etmirəm ki, onların, rəfiqələrimin maddi köməyi olmasaydı, uşağı necə böyüdəcəkdim. Amma şükür ki, əziyyətim heçə çıxmadı. Oleq çox yaxşı oğul, ailə başçısıdır.
Məktəbdə elə yaxşı oxuyurdu ki, istədiyi sahəni seçib ali təhsil ala bilərdi. Onun sənətə gəlişinə etiraz etmək istəyəndə yadıma düşdü ki, valideynlərim mənim arzumu boğmamışdılar axı... Oğlum olduğu üçün demirəm, amma Oleq çox istedadlı və zəhmətkeşdir. Azərbaycan dilini mükəmməl öyrənib, teatrdan başqa Azərbaycan Televiziyasında işləyir. Təəssüf ki, mənim Azərbaycan dili biliyim yalnız məişət səviyyəsindədir.

V monoloq
Həyatımdakı ən vacib insan


Mövzu: Rus Dram Teatrının gözəl vaxtlarını da, pis günlərini də görmüsünüz. Hətta nə qədər rusdilli sənətkarın ölkəni tərk etdiyi, ya da dolanışıq xətrinə sənətini dəyişdiyini də bilirik. Amma siz dözdünüz, sizi dolandıracaq kimsə olmadıqda da, dil maneəsinə görə başqa bir teatrda iş tapmadıqda da doğma teatra sadiq qaldınız. Nə vaxtsa fikrinizdən hər şeyi təzədən başlamaq keçməyib ki...
- Keçib. Qoca nənəmə, ahıl çağlarında valideynlərimə mən baxmışam. Onların, oğlumun həyatından ötrü məsuliyyəti tək daşımışam. Oleq böyüyüb işə başladıqdan, ailə qurduqdan sonra rahat nəfəs aldım. Maddi çətinliklər geridə qaldı. Uşaqlıq dostlarım, keçmiş həmkarlarımın çoxu dünyaya səpələnib. Əksəriyyəti İsraildədir. Düzü, həmişəlik köçüb getməyə də qərar vermişdim. Son illər repertuarda da çox məşğul deyildim. Amma... İlk nəvəm doğuldu. Atamın şərəfinə adını Cəmil qoyduq. Anladım ki, bu yaşımda həyatımın ən vacib insanı dünyaya gəlib. Və mən bu uşağa uzun müddət həsrət qala bilmərəm.

VI monoloq
Həyat və sənət davam edir


Mövzu: Amma səhnə həyatınız da davam edir. Bir qədər fasilədən sonra doğma teatrda sizin yubileyinizin şərəfinə xüsusi tamaşa hazırlanır.
- Özüm üçün nəsə xahiş etməyi bacarmıram. Teatrın rəhbərliyi belə qərara gəlib ki, yubileyim münasibətilə tamaşa hazırlansın. Aleksandr Şarovskinin quruluşunda Noel Kauardın pyesi əsasında «Bliss ailəsi» komediyasında keçmiş aktrisa Cudit Bliss rolunda çıxış edəcəyəm.
İkinci, qız nəvəm dünyaya gəlib. Məşqlər və artan ailə qayğıları həyatıma daha da rəng qatıb. Həyat və sənət davam edir!

Gülcahan Mirməmməd