Üç gün davam edən premyera anşlaqla keçib
Xəbər verdiyimiz kimi, martın 10-dan 12-dək Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayəsi əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının premyerası keçirilib. 1974-cü ildə rejissor Fikrət Əliyevin quruluşunda ekranlara çıxan və tamaşaçı rəğbəti qazanan “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmindən (“Ömrün səhifələri” kinoalmanaxı) sonra əsərin səhnə təqdimatı da uğurla gerçəkləşib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, üç gün ərzində baş tutan premyera anşlaqla keçib.
Premyeranın üçüncü günündə tamaşanı əsərin müəllifi Xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri izləyib və razılıqlarını bildiriblər.
“İstər rejissor yozumu, istərsə də aktyor oyunu çox yaxşı idi. Bakı kəndlərinin özünəməxsus koloriti, adət və ənənələri məharətlə təsvir olunub. Situasiyadan, hadisələrdən doğan incə yumor tamaşaçıda xoş əhval-ruhiyyə yaradır”, - deyə qonaqlar tamaşa haqqında təəssüratlarını bölüşərkən söyləyiblər.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdi, dirijoru Fəxrəddin Atayev, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova və başqaları ifa edirlər.