Türkiyənin Əskişəhər vilayətinin Əmirdağ bölgəsində yerləşən Davulğa qəsəbə bələdiyyəsinin qərarı ilə buradakı ən böyük küçələrdən birinə Qarabağ, digərinə Gəncə adı verilib. Bu münasibətlə keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, Əskişəhərdə yaşayan və işləyən azərbaycanlılar, bu vilayətin əslən Qarabağdan olan sakinləri, QHT və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri, yazıçı-publisist Əhməd Urfanlı Əskişəhərin Qarabağ əsilli sakinləri barədə danışıb. Bildirib ki, XIX əsrin 30-cu illərində Azərbaycanın Qarabağ bölgəsindən Osmanlı ərazisinə köç etmiş bir neçə tayfa Əskişəhərin Əmirdağ bölgəsində məskunlaşıb. Bu bölgədə 12 kəndin adı Qarabağdakı kəndlərlə eynidir. Ümumilikdə bu kəndlərdə 15 min Qarabağ əsilli soydaşımız yaşayır. Onlar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Azərbaycanla bağlılıqlarını unutmur, mədəni irslərini qoruyub saxlayırlar.
Davulğa bələdiyyəsinin sədri, Qarabağ əsilli Salih Gündoğan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışaraq bildirib ki, qəsəbədə iki küçəyə Qarabağ və Gəncə adlarının verilməsi bir tərəfdən Azərbaycan xalqı ilə həmrəylikdirsə, digər tərəfdən bu bölgədə məskunlaşmış qarabağlıların ata yurduna ehtiramıdır.
Tədbirdə AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtı, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, professor Tamilla Əliyeva və başqaları çıxış ediblər. Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edilib.
Azərbaycana, Qarabağa, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeir və mahnılar səsləndiriblər, Azərbaycan və türk rəqsləri ifa olunub. Sonda bir qrup şəxsə Davulğa bələdiyyəsi və Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən xatirə lövhələri, diplom və hədiyyələr təqdim olunub.