Mayın 19-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılarını daha bir səhnə nümunəsi ilə sevindirdi. Teatrda Türkiyənin məşhur kölgə oyunu - «Qaragöz» tamaşası nümayiş olundu. İki ölkənin mədəniyyət və turizm nazirliklərinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə baş tutan tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin sakinləri izlədi.
Türkiyənin Dövlət sənətçisi Mahmud Salcan göstəriyə başlamazdan əvvəl uşaqlara hələ XIII əsrdə təməli qoyulmuş kölgə teatrı ənənəsindən, iki ustanın - Qaragöz və Hacıvartın macəraları ilə başlayan qədim türk xalq teatrı sənətindən danışdı. Sonra pərdənin arxasına keçib Hacıvartla Qaragözün başına gələn əhvalatlardan ibarət iki qısa tamaşa oynadı. Türkiyə telekanallarında cizgi filmlərinə baxmağa alışmış azərbaycanlı uşaqlar üçün türkcə tamaşanı seyr edib onun yumorunu tutmaq və anlamaq heç də çətin olmadı. Bunu onların salonu bürüyən gülüşləri də, tamaşanın sonunda kiçik əllərdən qopan gur alqışlar da sübuta yetirdi.
Tamaşadan sonra Mahmud Salcan ilə bu səfərin məramından danışdıq.
- Türkiyə Mədəniyyət və Turizm Nazirliyində işləyirəm, qədim və milli teatr sənəti növləri üzrə mütəxəssisəm. Bizim qədim xalq oyunlarımızı bütün türk dünyasında yaymaqla məşğulam. 37 ildir ki, bu sahədə çalışıram. Əvvəlcə radio və televiziyada proqramlar hazırladıq, sonra da məmləkəti qarış-qarış gəzdik. Artıq deyə bilərəm ki, biz Azərbaycanı da başdan-ayağa gəzirik. Əvvəlki gəlişlərimdə Bakıda, Sumqayıtda, Gəncədə, Qazaxda, Masallıda olmuşam. Bu gün də uşaqlar tamaşaları çox maraqla qarşıladılar. Salondakı gülüşləri özünüz eşitdiniz. Bizim məramımız da budur: milli mədəniyyəti uşaqlara şirniyyat, şokolad kimi təqdim edək ki, onlar öz sənət ənənələrini sevsinlər, milli duyğuların daşıyıcısı olsunlar. Bilirsiniz, insan ac, susuz yaşaya bilər, amma vətənsiz, milliyyətsiz yaşamaq olmaz.
- Bu dəfə yalnız Bakıda çıxış edəcəksiniz?
- 1993-cü ildən demək olar ki, hər il Novruz törənləri də daxil olmaqla, müxtəlif tədbirlərdə çıxış etmək üçün Bakıya gəlirəm. Əvvəlki illərdə Bakıda müxtəlif teatrlarda, hətta salonu və səhnəsi olan orta məktəblərdə də çıxış etmişik. Bu dəfə isə yolumuz Şəki bölgəsinədir. Bildiyiniz kimi, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şəkidə balalar üçün də «Qaragöz» tamaşasını göstərəcəyik.

G.Mirməmməd