Aygün Bal
  
   Çərşənbə bayramı
  
   Qış ötdü keçdi,
   Yaz oldu yarı.
   Torpaq unutdu,
   Soyuğu,qarı.
  
   Açdı çəməndə,
   Sarı,ağ çiçək.
   Uçdu sevincək,
   Kəpənək, böcək.
  
   Suya baş vurub,
   Quşlar darandı.
   Çəməndə sanki,
   Bayram yarandı.
  
   Ağ-ağ quzular,
   Hoppanıb-düşdü.
   Çəpişin biri
   Ara sürüşdü.
  
   Toplan Məstanın,
   Yemini qapdı,
   Kəhər kişnəyib,
   Dostunu tapdı.
  
   Uşaqlar, durub,
   Çəmənə qaçdı.
   Nənə süfrəni,
   Çəməndə açdı.
  
  
   Yağış mahnı oxuyur
  
   Uşaqlar qulaq asın,
   Siz yağışın səsinə.
   Sanki təbiət gəlib,
   Bu gün nəğmə dərsinə.
  
   Yağış mahnı oxuyur,
   Buludlar təbil çalır.
   Mahnının xoş səsindən,
   Göylər xəyala dalır.
  
   Yağış mahnı oxuyur,
   Hər tərəfi səs alır.
   Yağış yatan torpağa,
   Şirin bir layla çalır.
  
   Tankçı əmi
  
   Tankçı əmi, əz düşmənin başını,
   Qaytar mənə torpağımı, daşımı.
   Qalmışam mən çadırlarda - çətində,
   "Qaçqın" adı aldım ana bətnində.
  
   Tankçı əmi, əz düşmənin başını,
   Şəhid qanı Qarabağda yuyulsun.
   Torpağıma xor baxan o düşmənlər,
   Torpaq kimi tankın altda ovulsun.
  
   Tankçı əmi, əz düşmənin başını,
   Bayrağımı qaldır hündür zirvəyə.
   O bayraqda şəhid qanı görünür,
   Gəl qoymarıq onu daha enməyə.
  
   Süd dişi
  
   Səhərdən qurub bardaş,
   Göz yaşı tökür Balaş.
   Deyir: "Fırıqdır işim,
   Tökülüb neçə dişim.
   Lap məətəl qalmışam,
   Nənəm tək qocalmışam".
   Anam dedi: "Konfeti
   Yeyirsən axşam, səhər.
   İndi sənin cəzandır,
   Çək özün də birtəhər".
   Söz tapmadım deməyə,
   Nənəm çatdı köməyə.
   Dedi: "Ağlama balam,
   Sən kişisən, sən kişi
   Tökülən o dişlərin,
   Süd dişindir, süd dişin.
   Sən yaşda hər bir uşaq,
   Bir az dişsiz qalacaq.
   Yerinə sədəf kimi
   Təzə dişlər çıxacaq".